İnciyərək “Azdrama”dan gedən Fuad Poladov teatra qayıdır?
Bizi izləyin

Magazin1

İnciyərək “Azdrama”dan gedən Fuad Poladov teatra qayıdır?

Xalq artisti, Rus Dram Teatrının aktyoru Fuad Poladovun “Azdrama”ya qayıdacağı deyilir.

Publika.az-ın əldə etdiyi məlumata görə, teatra yeni baş rejissor təyin olunan Azərpaşa Nemətov onu köhnə iş yerinə geri qaytaracaq.

Fuad Poladovla əlaqə saxlayıb onun da fikrini öyrənməyə çalışdıq.

Hazırda Bakıda olmadığını deyən xalq artistinin cavabı yarızarafat-yarıgerçək oldu:

“Mənim 67 yaşım var. Bu yaşda tez-tez yer dəyişməyin düşər-düşməzi olar”.

Azərpaşa Nemətovun yeni təyinatından xəbərsiz olduğunu deyən xalq artisti onu da əlavə etdi ki, belə bir təklif olarsa, düşünəcək:

“Hələ heç nə bilmirəm, yeni təyinatdan da xəbərsizəm, indi xaricdəyəm, Azərbaycana gəlim, sonra bu barədə danışarıq”.

Xatırladaq ki, Fuad Poladov uzun illər öncə “Azdrama”nın keçmiş rəhbəri, mərhum aktyor Həsənağa Turabovla aralarında baş verən inciklik nəticəsində teatrı tərk etmişdi. Aktyor sonradan dəfələrlə teatra dəvət alsa da, qəbul etməyib.

Xatırladaq ki, Azərpaşa Nemətovla yaxın dost olan Fuad Poladov 2002-ci ildə “Azdrama”nın səhnəsində Hamlet tamaşasında çıxış edib. Böyük bir mədəniyyət hadisəsi kimi qiymətləndirilən tamaşanın rejissoru da həmin vaxt Teatr Xadimləri İttifaqının sədri vəzifəsini icra edən Azərpaşa Nemətov olub.

Onu da qeyd edək ki, sonralar “Azdrama”ya direktor təyin olunan Maqbet Bünyadov Azərpaşa Nemətovla aralarındakı narazılıq səbəbindən həmin tamaşanı teatrın repertuarından yığışdırmışdı.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm