Qiyamçı general dəstəsi ilə mühasirəyə alındı - VƏTƏNDAŞ MÜHARİBƏSİ
Bizi izləyin

Dünya

Qiyamçı general dəstəsi ilə mühasirəyə alındı - VƏTƏNDAŞ MÜHARİBƏSİ

Dünən Tacikistanın Düşənbə və Vaxdate şəhərlərində hücumları həyata keçirən silahlılar paytaxt Düşənbənin 45 kilometrliyində yerləşən Ramitski rayonunda mühasirəyə alınıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, əraziyə Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupları və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölmələrinin əlavə qüvvələri cəlb edilib.

Bütün şose üzrə gücləndirilmiş blokpostlar qurulub, yolun hər iki istiqamətində hərəkət edən insanların sənədləri və avtomobillərdəki yüklər yoxlanılır. Postlar hər 50 metrdən bir yerləşdirilib. Əraziyə jurnalistlər buraxılmır.

Qeyd edək ki, Düşənbə və Vaxdate şəhərlərində həyata keçirilən hücumların gedişatında Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin 33 əməkdaşı öldürülüb. Onlardan 25-i Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır. Daxili İşlər Nazirliyinin məlumatına görə, hücumlara cümə günü prezident tərəfindən vəzifəsindən çıxarılan müdafiə nazirinin keçmiş müavini Əbdüxəlim Nazarov rəhbərlik edib. Nazarovun hücumları desant-hücum batalyonunun 135 hərbi qulluqçusu ilə həyata keçirdiyi bildirilir.

Məlumata görə, keçmiş nazir müavininin qruplaşmasından 9 hərbi qulluqçu həlak olub. Təqib edilən Nazarovun tərəfdarlarından böyük miqdarda silah-sursat əldə edilib. Bundan başqa, onun tərəfdarlarından yeddi nəfər sağ ələ keçirilib.

Hazırda mühasirəyə alınan döyüşçülərin sayının 100-dən çox olduğu deyilir. Yerli sakinlərin sözlərinə görə, ötən gecə ərazidən silah və partlayışların səsləri eşidilib.

Daxili İşlər Nazirliyi silahlı qrupun hücumlarının əsas motivləri haqqında məlumat verməyib. Həmçinin cinayətdə ittiham olunan Nazarov və onun tərəfdarlarının reaksiyası məlum deyil.

Məlumata görə, vətəndaş müharibəsinin tərəfləri arasında 1997-ci ilin iyununda bağlanmış razılaşmaya əsasən Birləşmiş Tacik Müxalifətinə 30 faizlik kvota verilib. Vəzifəsindən çıxarılan müdafiə nazirinin keçmiş müavini Əbdüxəlim Nazarov da məhz müxalifətinin nümayəndəsidir.

Bundan başqa, məlumata görə, hücumların təşkilində Nazarovun sağ əli sayılan Cunaydullo Umarov önəmli rol oynayıb. Müdafiə Nazirliyinin polkovniki olan Umarov vətəndaş müharibəsi illərində müxalifətin döyüşçüsü olub. Düşənbə şəhərinin komendantı olan Umarov sonradan Müdafiə Nazirliyində işləyirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm