“Bilirlər ki, suallarınıza cavab versələr, işlərindən olacaqlar”
Bizi izləyin

Müsahibə

“Bilirlər ki, suallarınıza cavab versələr, işlərindən olacaqlar”

Ağır Atletika Federasiyasının Beynəlxalq Ağır Atletika Federasiyasına olan 500 min borcu ödənildikdən sonra bütün problemlərin həll olunacağı ümid edilirdi. Lakin cəzalar aradan qaldırılsa da, qurumdakı problemlər həll olunmamış qalmaqdadır. Elə ağır atletika millisinin durumu da ürəkaçan deyil. Federasiyada idmançı tapmaq müşkül məsələyə çevrilib...

Milli komandanın keçmiş baş məşqçisi Vahid Nəzərovdan baş verənlərlə bağlı münasibət öyrəndik. Hazırda Təhsil Mərkəzinin İdman Klubunda baş məşqçi kimi çalışan V.Nəzərov yarışlara ağır atlet apara bilməməkdən gileyləndi.

Nəzərov Publika.az-a verdiyi müsahibəsində yenə tənqidi fikirlər səsləndirdi, yeni idmançıların yetişmədiyini dedi:

- Ağır Atletika Federasiyası ilə əlaqəsi olan şəxslərdənsiz. Sizcə federasiyada müsbətə doğru dəyişiklik varmı? İşlər necə gedir?

- Üzr istəyirəm, amma federasiya var ki, işləsinlər də?

- Sizin federasiya ilə bağlılığınız bitib?

- Federasiya ilə bağlılığım hələ də var. Amma federasiyada mütəxəssislərdən heç kim yoxdur axı... Rəhbərdir, baş katiblərdir.

- Niyə federasiya elə boş qalıb? Bəs millini çalışdıran polşalı baş məşqçi nə işlə məşğuldur?

- Miroslav Çoroş da vaxtı ilə ölkəsində - Polşada masajçı işləyib. Hazırda federasiyada işləyir. Ancaq onu federasiya gətirməyib. Çoroş beynəlxalq federasiyaya CV verib, sonra da onu atıblar bizim federasiyaya...

- Dünya çempionatına hazırlaşan idmançıların vəziyyəti necədir? Hazırlıq prosesi nə yerdədir?

- Avropa birinciliyi, dünya birinciliyinə gedirlər, amma ölkə çempionatları keçirilmir. Bu da onunla əlaqədardır ki, idmançı qıtlığıdır. Heç bir uşaq ağır atletikaya gəlmir. 3-4 əcnəbi idmançı yığıblar, bir o qədər də mənim hazırladığım əvvəlki uşaqlardır. İndi onların 30-33 yaşları var.

- Onlardan nəsə nəticə gözləməyə dəyər?

- Ağır atletikada elədir ki, komanda xalı yığılmalıdır. Bizim komandamız Almatı şəhərində keçirilən Avropa çempionatında 23 xal topladı. Bu da çox azdır. Komandamız maksimum çalışmalıdır, çox xal toplamalıdılar, heç olmasa 3 lisenziya almaq üçün... Beynəlxalq federasiyanın qaydaları var, 1-6-cı yerləri tutan komanda 6 lisenziya, 7-12-ci yerlərdə qərarlaşanlar 5, 13-17-ci yerin sahibləri 4, 18-22-ci yerləri tutanlar isə 3 lisenziya qazanır. Biz də “22-liy”ə düşməliyik ki, heç olmasa 3 lisenziyanı alaq.

- Bəs bizim federasiya hansı idmançılarla bu xalları yığa, lisenziya qazana bilər?

- Federasiyanın problemi elə bu cür suallara cavab verməkdən boyun qaçırmasıdır. Nəyə görə, açıqlamırlar? Nəyə görə gizlənirlər? 2-3 idmançı var ki, onları oktyabrın 1-də başlayacaq gənclər arasında keçirilən Avropa birinciliyinə aparacaqlar. Ancaq federasiya rəhbərliyinə bildirdim ki, noyabrda dünya çempionatı keçiriləcək. Orada komanda yüksək səviyyədə iştirak etməlidir. Cəmi-cümlətanı 2-3 idmançı var, onları da Avropa birinciliyinə aparmaq düzgün deyil. 10-15 gün öncə də bir başqa çempionatda iştirak etmişdilər. İndi də gedir Avropa birinciliyinə. 20-25 gündən sonra da dünya çempionatı... İdmançılar bu yükün altından çıxa bilməzlər. Onlar dünya çempionatına rahat şəkildə hazırlaşmalıdırlar. Fikirlərimi baş katibə dedim. O da cavabında bunu baş məşqçinin həll etdiyini dedi. Valentin Xristov hazırda yaxşı xal verə bilər. O, ən azı “6-lığ”a düşməyə qadirdir. Firudin Quliyev də yaxşı idmançıdır. O da heç olmasa 12-ci yeri götürə bilər. Əfqan Bayramov “15-liy”ə düşə bilər. Dadaş Dadaşbəyli 16-17-ci yerlərdən birini götürmək iqtidarındadır. Belə idmançılarımız var... Ancaq işlər belə getsə, yaxşı nəticə götürə bilməyəcəyik.

- Bəs Nizami Paşayevlə, Xanlar Nəbiyevin o qurumdakı işləri nədən ibarətdir? Onlara ünvanlanan suallara da cavab verməkdən boyun qaçırırlar, ya da düzgün məlumatları olmur...

- Əgər bir federasiya vaxtlı-vaxtında iclaslarını keçirmirsə, görün o qurum nə gündədir. Burada hansı qurumdan söhbət gedə bilər? Sadəcə anarxiyadır. Nizamnaməyə görə, heç olmasa 2-3 aydan bir iclas keçirilməlidir, amma o da keçirilmir. Sual verirəm ki, əgər ölkə çempionatları keçirilmirsə, bu idmançılar haradan yığılsın? Eyni idmançılarla davam edirlər. Onlar da yaşlanıb, yenilər də cəlb olunmur. Reqlamentdə də var ki, yığmaya idmançılar cəlb etmək üçün ölkə çempionatları keçirilməlidir. Bu gün orada çalışanlar bilirlər ki, sizin verəcəyiniz suallara cavab verə bilməyəcəklər, versələr də, sabah öz iş yerlərini itirəcəklər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm