“Yuxusuz gecələr gözümü qorxutmur” - FOTOLAR
Bizi izləyin

Layihə

“Yuxusuz gecələr gözümü qorxutmur” - FOTOLAR

Engin Altan Düzyatan son illərin ən populyar aktyorlarından biridir. Jestlərdən və mimikalardan istifadə etmə bacarığı, həmçinin özünəməxsus səs tonu onu Türkiyənin əl üstündə tutulan ulduzlarından birinə çevirib. Ötən mövsümdə "Diriliş Ərtoğrul" adlı serialdakı performansı ilə gündəmdə olan yaraşıqlı aktyor yeni mövsümdə də tamaşaçıları özünə heyran etmək niyyətindədir. Xarizmatik ulduz "Diriliş Ərtoğrul"un sentyabrın 30-da, yəni bu gün ikinci mövsümə başlaması münasibətilə olduqca maraqlı müsahibə verib.

Publika.az-ın "Şirin söhbət"ində həmin müsahibəni təqdim edirik:

-"Diriliş Ərtoğrul" ilə ötən mövsümə damğa vurdunuz. Yeni mövsümdə izləyiciləri hansı sürprizlər gözləyir?

- Aktyor, rejissor və ya prodüser gördüyü işi əvvəlcə özü bəyənməlidir. Biz bunu sınaqdan çıxardıq. Qarşılığını da reytinqlərlə aldıq. Yeni mövsümdə mənim işim bir az daha çətinləşir. Ssenariyə yeni obrazlar daxil edilib. Həyəcanlı seriyalar sizi gözləyir. Ötən il xaçlılarla savaşırdıq. Bu il isə moğollarla mübarizə apacağıq. Bu dəfə hekayəmiz Ərzurumda başlayacaq. Osmanlı İmperiyasının gücü də, daxilindəki intriqalar da artacaq.

- Yeni mövsüm üçün hazırlanan treyler çox bəyənildi. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu serialda 120 nəfərin əməyi var. Həmin rəqəm serial üçün olduqca böyükdür. Bəzən çəkiliş meydanında beş-altı kamera olur. Türkiyədə daha öncə heç bir serialda görmədiyim, izləmədiyim qədər möhtəşəm ilk seriya çəkdik. Avropada belə bu standartlarda çəkilmiş serialların sayı azdır.

- Ərtoğrul Qazini canlandırmaq sizi yetkinləşdirdimi?

- İçəridə Hülya Darcan ilə bu barədə danışırdıq. Deyir "siz nə tez böyüdünüz? Bu işə başlayanda gözümə uşaq kimi görünürdünüz, indi isə böyümüsünüz". Tarixi seriallar ağır olduğu üçün aktyorlardakı dəyişiklik daha tez nəzərə çarpır. Məncə, hər layihə aktyoru yetkinləşdirir, ona nə isə verir. Çünki canlandırdığınız obrazla bütünləşirsiniz. İş bitdikdən sonra özünüz olmağa davam etsəniz də, həmin obrazın hansısa xüsusiyyəti ömür boyu şüuraltında qalır. Sənətçi obrazın müsbət tərəflərindən bəhrələnməli, mənfi xüsusiyyətlərini isə ruhundan söküb atmalıdır.

- Sanki bu serialdan sonra xalq sizi daha çox sevməyə başladı...

- Neçə ildir ki bu peşə ilə məşğulam. Sağ olsunlar, məni həmişə seviblər, dəstək olublar. Amma bu dəfə tam fərqlidir. Artıq onların gözündə sevgi ilə yanaşı, hörmət də görürəm. "Böyüyəndə mən də sənin kimi olacağam", - deyən balaca fanatlarım var. Bunlar mənə çox yaxşı təsir edir.

- Sizcə, niyə bu qədər çox sevilirsiniz?

- Aktyorluq əslində eqoya ehtiyac duyan bir peşədir. Ancaq gördüyünüz işlər böyüdükcə eqonuz kiçilməlidir. Əslində həyatın hər sahəsində bu, belədir. Ən çox qorxduğum şeylərdən biri eqomun böyüməsidir. Eqo sənətçinin ən böyük düşməni ola bilər. Sadəcə, bunun fərqində olmalıyıq ki, aktyorluq elə də önəmli bir peşə deyil. Yəni həkim deyilik - həyat qurtarmırıq, vəkil deyilik - kiminsə azadlığını, haqlarını müdafiə etmirik. Biz əyləncə sektoru üçün çalışırıq. Bu qədər bəsitdir. Hər şeydən öncə bunu anlamaq və bununla barışmaq lazımdır. İnsanlar bizi sevirlər, çünki televiziya vasitəsilə onların evlərinə qonaq oluruq. Ancaq onlarla yolda-izdə qarşılaşanda göstərdiyimiz səmimiyyət daha yaddaqalan olur.

- Üç ay sonra oğlunuz dünyaya gələcək. Nə hiss edirsiniz?

- Hələ ata olmaq fikrinə öyrəşə bilməmişəm. Əslində kişilər uşağı qucağına alana kimi ata olduğunu anlaya bilmirlər. Qadınlar uşağı 9 ay gəzdirirlər, bizdə isə o hiss yoxdur. Ona görə də bizə bir az gec çatır. Ata olmaq hissini dadan dostlarımla söhbətləşirəm. Onlar da mənimlə eyni fikirdədirlər.

- Eşitdik ki, uşaq otağı üçün mebel sifariş etmisiniz. Başqa hansı hazırlıqlar görmüsünüz?

- Həyat yoldaşım Nəslişahla hər sahədə köməkləşirik. Əsad odur ki, övladımız dünyaya sağlam gəlsin. İşlərimizi bölüşdürəcəyik. Düzdür, ikimiz də təcrübəsizik, bu, ilk təcrübəmiz olacaq. Ona görə də nə edəcəyimizi bilmirik. Amma onu ən yaxşı şəkildə böyüdəcəyik. Valideynlərimizin, anaların, nənələrin təcrübələrindən faydalanacağıq.

- Uşaq olandan sonra cütlüklər, adətən, yuxusuzluqdan şikayət edirlər. Çətinliklər gözünüzü qorxutmur?

- Mən həyat yoldaşıma hər işdə kömək edəcəyəm. Gecələr yuxusuz qalmaq gözümü qorxutmur. Yuxusuz da qalsam, çəkiliş meydanına vaxtında gələ biləcəyimi düşünürəm.

- Bəs övladınızın gələcəyi üçün başqa iş sahələrinə yönəlməyi düşünürsünüz?

- Nəslişahın şirkəti var, mənim işim isə aktyorluqdur. Mən insanların bildikləri işlə məşğul olmalarının tərəfdarıyam. Məsələn, sabah inşaat şirkəti qursam, gülməli görünər. Gücüm yetdikcə bu işlə məşğul olmağı və gəlirimi məhz aktyorluqdan əldə etməyi düşünürəm.

- Oğlunuza ad tapmısınız?

- Doğuşa üç ay qalıb, biz hələ də düşünürük. Ad tapmaq çox çətin iş imiş. Çünki həddən artıq məsuliyyət tələb edir. Verdiyimiz adı övladımız ömür boyu daşıyacaq. Anamla atama halal olsun, mənə yaxşı ad qoyublar. Adlarımı bəyənirəm (gülür).

- Yəni ağlınızda heç bir variant yoxdur?

- Fikrimizdə tutduğumuz adlar var. Amma bəyəndiyimiz adların çoxunu dostlarımız öz övladlarına qoyublar. Eyni adların olmağını istəmirik. Hələlik fikirləşirik, görək nə olacaq.

- Maraqlıdır ki, canlandırdığınız Ərtoğrul Qazi obrazı da serialda ata olmağı gözləyir.

- Hə, ilk dəfədir ki, real həyatımda baş verən hadisə ilə ssenari üst-üstə düşür.

- Ata olmaq həyatınızda nəyi dəyişdirəcək?

- Ata olmaq təbii ki, istər-istəməz həyatımda böyük dəyişikliklərə səbəb olacaq. Yeni bir həyata qədəm qoyacağımı hiss edirəm. Artıq daha məsuliyyətli olmalıyam. Həmişə deyirdim ki, "mən plansız, proqramsız yaşayıram". Bundan sonra plansız yaşaya bilmərəm.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm