Dünya və Avropa çempionumuz seçim qarşısında: “Qızıma görə...”
Bizi izləyin

Müsahibə

Dünya və Avropa çempionumuz seçim qarşısında: “Qızıma görə...”

Bu yaxınlarda ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya çempionatında sərbəst güləşçimiz Hacı Əliyev (61 kq) qızıl medal qazandı. O həmçinin 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya qazanağacına ümid etdiyimiz idmançılardandır.

Sərbəst güləş yarışlarında ötənilki dünya və Avropa çempionumuz Hacı Əliyev (61 kq) yenə finaladək maneəsiz irəliləyib. Moldovadan Andrey Perpelita, yaponiyalı Masakazu Kamoi, yarımfinalda isə bolqarıstanlı Vladimir Dubov güləşçimiz qarşısında tab gətirməyib. Finalda Hacı Əliyevin rəqibi Monqolustandan Nomin Batbold olub. Rəqibinə vaxtından əvvəl qalib gələn güləşçimiz ikinci dəfə dünya çempionatının qızıl medalına yiyələnib və Azərbaycan sərbəst güləş tarixində ilk ikiqat dünya çempionu adını qazanıb.

Hacı Əliyev Publika.az-a müsahibəsində həm qələbəsini şərh etdi, həm də Olimpiya Oyunlarına görə çəkisini dəyişəcəyini dedi. O, iki çəki dərəcəsi arasında seçim edəcəyini bildirdi.

- Bundan sonra təqdim olunarkən ikiqat dünya və Avropa çempionu Hacı Əliyev deyiləcək...

- Doğrudan da ikinci dəfə dünya çempionu olmaq, ikinci dəfə bu ada sahib olmaq çox gözəl hisdir. Azərbaycanın sərbəst güləş tarixində belə bir an olmamışdı. Heç bir sərbəst güləşçimiz bu titulu ikinci dəfə qazanmamışdı.

Düzdür, hər kəs dünya çempionu olmağa sevinər, amma ikinci dəfə dünya çempionu olmaq tam başqadır. Bunu sözlə ifadə etmək asan deyil. Gərək bunu yaşayasan ki, hiss edəsən.

- Məşqçiləriniz öncədən sizin ikiqat dünya çempionu olacağınıza inanırdılar?

- İnanırdılar. Həm milli komandanın məşqçiləri, həm də şəxsi məşqçim qələbə qazanacağımı düşünürdü. Amma dünya çempionatına yola düşdüyüm zaman topuğumda zədəm var idi. Göygöldə təlim-məşqlərdə olarkən topuğum əzilmişdi. Dünya çempionatına zədə ilə yollandım. Yarışdan 10-15 gün qabaq məşq də etmirdim. Bir sözlə zədəm ciddi idi. Ancaq yarış zamanı həmin zədəyə fikir vermədim. Şükürlər olsun ki, məşqçilərin, mənə inananların inamını, etimadını doğrultdum.

- Bəs zədəniz indi necədir, sağalıb?

- Tam düzəlməsə də, ağrı azalıb. Müalicəm davam edir. İnşallah qarşıdakı Azərbaycan çempionatına qədər tam bərpa olunacam.

- Dünya çempionatından ikinci dəfə qələbə ilə qayıdandan sonra olimpiya oyunlarında da sizdən əminliklə medal gözləmək olarmı?

- Bildiyiniz kimi güləşdiyim 61 kq Olimpiya Oyunlarının çəki dərəcəsinə düşmür. Həmin çəkini Olimpiya Oyunlarından çıxarıblar. Buna görə mən də çəkimi ya 57 kq-a salmalıyam, ya da 65 kq-a qaldırmalıyam. Hələ ki, bu iki çəkinin arasında qalmışıq. Qarşıdakı Azərbaycan çempionatında istəyirəm 65 kq-da güləşim. Çünki çəki salmaqdansa 65 kq-a qaldırmaq daha asandır. Baxacağıq, əgər 65 kq-da güləşim alınmasa, Olimpiya Oyunlarına görə məcbur 57 kq-a salmaq lazımdır. Bu Olimpiya Oyunlarını əldən vermək lazım deyil. Çünki 4 ildən bir keçirilən yarışdır, növbətisinə çox vaxt var. Ona görə də çalışacam ki, Olimpiya Oyunlarında qələbə qazanım. Əlbəttə inam və istək olmasa, uğur qazanmaq mümkün deyil.

- 57 və ya 65 kq-da özünüzü sınamısınız?

- Bəli, 65 kq çəki dərəcəsində sınamışam. Keçən il Almaniya “Qran-Pri”sində qalib gəlmişdim. Finalda erməni idmançısı, dünya və Avropa çempionu David Safaryanı da məğlub etmişdim. Bundan başqa, bir neçə yarışda çıxış etmişəm. Ancaq 57 kq-da hələ ki, güləşməmişəm. Bu çəkidə də yoxlamaq lazımdır. Amma çətin olacaq. Çünki 8-9 kq çəki salmaq lazımdır. İndi məşqçilərimiz nə qərar verəcəksə, onu da edəcəyik.

- Hazırda nə işlə məşğulsunuz? Məşqləriniz başlamayıb?

- Yığma komandada məşqlər başlayıb. Amma hələ ki, əsas heyət deyil, ikinci heyətdir. Qarşıda yarış var, ona hazırlaşırlar. Mən özüm isə hələ ki, qaçmaqla, futbolla məşğulam...

- Demişdiniz qızıl medalımı qızımın boynundan asacam...

- Bəli, asdım da...

- Növbəti olimpiya oyunlarının medalı olar yəqin ki?

- İnşallah... Çalışacam medallarımın sayını çoxaldım ki, qızım da böyüyəndə bütün medallardan görsün.

- Qarşıda hansı yarışınız var?

- Hələ ki, qarşıda önəmli yarışımız Azərbaycan çempionatıdır. Azərbaycan çempionu olmaq lazımdır ki, kənardakı əsas yarışlarda da çıxış edə bilək. Sonra Avropa çempionatı, sonra da inşallah Olimpiya Oyunları...

- Millinin ilk mərhələdə verdiyi lisenziyaların sayını qaneedici saymaq olar?

- Bizdə 2 çəki dərəcəsində lisenziya ala bilmədilər. 57 kq çəki dərəcəsində güləşən gənc idmançı idi. Bilirdik ki, onun lisenziya qazanması çətin olacaq. Çünki çox gəncdir. Digəri isə 74 kq-da Cəbrayıl Həsənov idi. Düzdür, Cəbrayıl lisenziya qazana bilərdi, ancaq çox təəssüf mümkün olmadı. Ancaq qarşıda növbəti lisenziya yarışları var, oradan yəqin ki, lisenziyanı təmin edəcək. Qalan bütün çəkilər hamısı lisenziya qazandılar. Düzdür, yarışda ümumilikdə komanda yaxşı nəticə əldə edə bilmədi. Ümumi hesabda 5-ci yerə çıxdıq. Çox güləşçilərimiz məğlub oldu. Ancaq əsas odur ki, lisenziyanı təmin etdilər onlar da. 2 çəki qalıb, onlarda da yəqin ki, alınacaq...

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm