Bakının ABŞ torpağında “never say never” mesajı: Qarabağın əvəzinə...
Bizi izləyin

Nida.az

Bakının ABŞ torpağında “never say never” mesajı: Qarabağın əvəzinə...

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun BMT-nin Nyu-Yorkdakı sessiyasında çıxışından sonra “Rusiya-24” telekanalına açıqlaması Azərbaycanın xarici siyasəti ilə bağlı iki amili ortaya qoydu.

1. Rəsmi Bakı Qarabağ probleminin həll edilməsi əvəzində siyasi oriyentasiyasını dəyişərək, üzünü Avrasiya İqtisadi İttifaqına çevirə bilər.

2. Azərbaycan növbəti manevr etməklə Qərbə açıq mesaj verir: ərazi bütövlüyümüzün bərpasında ya yanımızda olacaqsan, ya da qarşımızda.


Rəsmi Bakının zaman-zaman siyasi manevrləri öz effektini bu və ya digər formada səmərə verir. Lakin Azərbaycanın baş diplomatının Amerika torpaqlarında “Avrasiya İqtisadi İttifaqına daxil olmaq imkanlarımız tükənməyib” açıqlaması olduqca çoxgedişli və cəsarətli idi.

“Azərbaycan Avrasiya İttifaqına daxil olmaq imkanlarına baxır, lakin öncə ittifaqın tərkibində olan Ermənistan Dağlıq Qarabağdan öz qoşunlarını çıxarmalıdır. Ermənistan tərəfindən ərazilərimizin işğal edilməsi bizə bu ölkə ilə eyni ittifaqda yer almağa icazə vermir. Əgər Ermənistan öz qoşunlarını çıxaracaqsa, sərhədlər açıqlacaqsa, vəziyyət normallaşacaqsa, hər şey mümkündür. Necə deyərlər, “heç vaxt heç vaxt olmaz demə”. Azərbaycan yalnız milli maraqlarına əsaslanaraq xarici siyasət aparır. Buna uyğun olaraq da müvafiq addımlar atır”, - deyə XİN rəhbəri diqqətə çatdırıb.

Amerika torpaqlarında verilən bu açıqlama ilk növbədə Vaşinqtona mesajdır. Yəni Ağ Ev ölkələrin daxili işlərinə qarışmaq əvəzində, ədalətin yanında olmalı və Cənubi Qafqazda öz maraqlarını düşünməlidir. Azərbaycan müstəqil ölkədir və yalnız öz çıxarlarından çıxış edir.

Digər tərəfdən, baş diplomatın “never say never” (“heç vaxt heç vaxt olmaz demə”) mesajı Moskvaya yönəlmişdi. Rusiya telekanalının obyektinə deyilən bu sözlərlə Azərbaycan Kremlə mesaj verir: Ermənistanın işğalçılıq siyasəti və bunun nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması bizim daha yaxın olmağımıza mane olur. Qarabağın qaytarılması yeni üfüqlər aça bilər.

Məsələni Publika.az-a şərh edən politoloq Fikrət Sadıqov bildirib ki, Azərbaycan hazırda münaqişə ilə bağlı mürəkkəb vəziyyətlə üzləşib: “Uzun illər boyunca ATƏT-in Minsk qrupu öz vasitəçilik missiyasında uğursuzluqla üzləşib. Aydındır ki, bizi müxtəlif beynəlxalq strukturlar – KTMT, NATO, Avrasiya İttifaqı və digərləri öz sıralarına dəvət edirlər. Azərbaycan bununla bağlı özünə uyğun addımlar ata bilər. Lakin hər şeydən öncə bizim üçün ən əhəmiyyətli ərazi bütövlüyümüzün bərpa olunmasında aparıcı dövlətlərin mövqeləri və səyləridir”.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalı və yalnız bundan sonra düşünmək lazımdır: “Münaqişə həll olunmalı və ərazi bütövlüyümüz bərpa olunmalıdır ki, Azərbaycan harada olmaq istədiyini açıqlasın. Bunsuz mümkün deyil”.

F. Sadıqov əlavə edib ki, XİN rəhbərinin bu açıqlaması rəsmi Moskvanın öz hərbi-siyasi müttəfiqinə münaqişənin həlli üçün hansısa təzyiq etməyə hazır olduğunu göstərir: “Görünür, danışıqlarda, qarşılıqlı təmaslarda Ermənistanın müəyyən güzəştə getməyə məcbur edildiyi aydınlaşıb”.

Rusiyalı politoloq Aleksandr Karavayev isə rus mediasına açıqlamasında bildirib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olub-olmaması haqda qərar verməsi Dağlıq Qarabağ münaqişəsi ilə sıx şəkildə bağlıdır.

“Hesab edirəm ki, Məmmədyarovun bu bəyanatına qeyri-adi hadisə olaraq baxmaq lazım deyil. Görünür, bağlı qapılar arxasındakı danışıqlarda Qarabağla bağlı müəyyən irəliləyişlərə nail olunub və bunun icrası mümkündür. Bu baxımdan, rəsmi Bakı öz gələcəyi haqda ilkin anonsları verir. Yaxud bu gələcəyi müəyyənləşdirəcək amili dünya gücləri qarşısında açıqlayır”, - deyə rusiyalı politoloq vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm