Azərbaycanda Rusiya qazı, 6 saatlıq iş rejimi və neft haqqında proqnoz - HESABAT
Bizi izləyin

Hesabat

Azərbaycanda Rusiya qazı, 6 saatlıq iş rejimi və neft haqqında proqnoz - HESABAT

Yola saldığımız həftə bazarlardakı gərgin vəziyyət davam etdi. Neft, qızıl gah bahalaşdı, gah da ucuzlaşdı. Astanada 10-cu Qazenerji Avrasiya Forumu keçirildi. Avro Bölgəsi sənaye sektorunda istehsal qiymətləri avqust ayında özünü doğrultmadı, Yaponiyada ev təsərrüfatlarının xərcləri artdı, İsveçdə işəgötürənlər iş saatının 8 deyil, 6 saat təşkil etməsinin daha sərfəli olduğunu anladılar, Yunanıstanda xalq pərakəndə xərclərini qısdı. OPEC prezidenti, Nigeriyanın keçmiş Neft naziri Diezani Allison-Madueke Londonda korrupsiya ittihamı ilə saxlanıldı. Pasportu əlindən alınan Madueke Böyük Britaniyanı tərk edə bilməyəcək.

Başlayaq Qazaxıstanda keçirilən 10-cu Qazenerji Avrasiya Forumundan. Bildirək ki, Astanada ilk dəfə 10 il əvvəl bu foruma ev sahibliyi etmişdi. O zaman bazar yüksəlişdə idi. Bu dəfə isə çox şey dəyişmişdi. Belə ki, tələblə bərabər qiymətlər də düşüb. Foruma qatılan enerji mütəxəssislərinin rəyinə görə, neftin qiyməti 2016-cı ildə də aşağı olacaq. “Qara qızıl”ın optimist səviyyəyə çatması ən azı 4 il vaxt alacaq. Böyük şirkətlər, neftlə zəngini ölkələr özlərini fərqli ssenarilərə hazırlasa da vəziyyətdən çıxış üçün ağla gələn ilk yol istehsalı qısmaqdır.

Qazaxıstanın böyük enerji şirkətinin rəhbəri Timur Kulibayev hesab edir orta vədədə qiymətlər 60-80 dollar arasında yüksələcək. Onu da bildirək ki, ölkənin qmumi daxili məhsulunun 30 faizə yaxını, büdcə gəlirlərinin yarısı, ixracın 60 faizi neft sektorunun payına düşür. Qazaxıstan prezidenti Nursultan Nazarbaev 30 dollar ətrafındakı qiymətlərə də hazır olduqlarını bildirir.

Neftdən söz düşmüşkən, Dünya bankı 2015-ci ildə bir barel neftin qiyməti üçün əvvəlki (aprel ayı) 53 dollar proqnozuna qayıdıb.Çərşənbə günü dərc edilmiş hesabatda bank proqnozunu 2016-cı il üçün də şamil edib.Bank öz proqnozunda ona əsaslanır ki, OPEK xam neft təklifini idarə etmək üçün hər hansı bir addımlardan çəkinəcək və dünya iqtisadiyyatında pisləşmə baş verməyəcək.Bu proqnoz OPEK-in hazırkı siyasətini əks etdirir, geosiyası gərginliyin azalması, İrandan təklifin artması və həmçinin dünya iqtisadiyyatının mötədil artımına əsaslanır. Mövcud istehsal güclərinin ölçüsü ilə yanaşı,- xüsusilə ABŞ-da şist istehsalı üçün – bu faktorlar onu deməyə imkan verir ki, neft qiymətləri aşağı səviyyədə qalacaq və 2016-cl ildə bir barel üçün 53 dollar təşkil edəcək.

Avro Bölgəsi sənaye sektorunda istehsal qiymətləri avqust ayı üzrə proqnozları doğrultmayıb. Avropa Birliyi Statistika Ofisi “Eurostat”ın açıqlamasına görə, qiymətlər avqustda iyul ayı ilə müqayisədə 0.8 faiz nisbətində geriləyib. İstehsal qiymətlərində illik bazda azalma 2,6 faiz təşkil edib. Avro Bölgəsində enerjinin qiyməti aylıq 2.6 faiz, bir il əvvəllə müqayisədə 8.2 faiz düşüb.

Yaponiyada ev təsərrüfatlarının xərclərini son üç ayda artım nümayiş etdirməsi ölkənin iqtisadiyyatı ilə bağlı optimist şərhləri artırıb. Avqust ayında ev təsərrüfatlarının xərcləri xüsusilə qida və tekstil məhsulları ilə bağlı alış-veriş sayəsində illik bazda 2.9 faiz yüksəlib. Yaponiyada işsizlik də avqust ayında əvvəlki ayla müqayisədə 0.1 faiz geriləyərək 3.3 faiz səviyyəsinə düşüb. Bəzi iqtisadçılar bu rəqəmlərin ötən ay sənaye istehsalındakı enişin yol açdığı pessimist havanı yüngülləşdirəcəyini düşünürlər.

İsveçdə işəgötürənlər iş saatının 8 deyil, 6 saat təşkil etməsinin şirkətləri üçün daha sərfəli olduğunu anlayıblar. Xatırladaq ki, bu ölkədə altı saaatliq iş rejimi ilk dəfə 13 il əvvəl bir avtomobil dillerində tətbiq olunub. Sonra Stokholumda proqram şirkəti, qocalar evi, xəstəxanalar və bəzi şirkətlər bu metoddan istifadə etməyə başlayıblar. İşəgötürənlər hesab edirlər ki, 6 saatlıq rejim işçini daha da motivasiya edir, məhsuldar olmasını təmin edir. Bu arada 6 saatlıq iş rejiminə keçən təşkilatlarda işçilərin “facebook”, “twitter” kimi sosial şəbəkələrə daxil olmalarına icazə verilmir. Düşünülür ki, işçinin işdən sonra əylənməyə kifayət qədər zamanı olur.

İqtisadi böhran yaşayan Yunanıstanda xalq pərakəndə xərclərini qısır. Yunanıstanın Statistika Təşkilatının hesabatına əsasən, ölkədə pərakəndə satışlar iyul ayında ötən ilin eyni dövrü ilə müqayisədə 7.3 faiz azalıb. Satışı ən çox azalan məhsullar kosmetika, tibb məhsulları, ayaqqabı olub. Ümumiyyətlə yunan xalqı 2008-ci ildən bu günə qədər market və supermarketlərdə xərclərini 6.2 milyard avro azaldıblar.Yeri gəlmişkən, ilin ikinci rübündə Yunanıstan iqtisadiyyatı 0.9 faiz artıb. Hansı ki o zaman istehlakçı xərclərində 1 faiz artım gözlənirdi. Lakin sən saydığını say gör Yunanıstan hökuməti nə sayır.

İş dünyası

“Amazon” “Apple” və “Google”-un texnikalarını satmayacağını açıqlayıb. Belə ki, internet alış-veriş şirkəti oktyabrın 29-dan etibarən satış platformalarından “Apple TV” və “Google Chromcast” məhsullarını yığışdıracaq. Əhəmiyyətli gəlir itkisinə yol açacaq qərarın arxasında “ Amazon”nun öz məhsulu “Fire TV”ni satmaq niyyəti dayanır.

Amerika Birləşmiş Ştatlarının iki texnologiya nəhəngi “Microsoft” və “Google” bir-birlərinə qarşı qaldırdıqları patent iddialarını geri götürüblər. İki şirkətin ortaq şərhində bildirilir ki, müştərilərin maraqları üçün patent və digər sahələrdə əməkdaşlıq edəcəklər. Sazişin maliyyə dəyəri haqqında məlumat verilmir.

Ötən həftə “Volkswagen” bu həftə də “Samsung”. Şirkətin bəzi televizor modellərinin əslində daha çox enerji istehlak etdiyi iddia edilir. Bununla sa “Samsung”un alıcıları aldatdığı qeyd edilir. Düzdür, şirkət iddiaları qəti inkar edir. Avropa Birliyinə yaxın araşdırma qurupu isə bu istiqamətdə test nəticələrinin olduğunu deyir.

“Şimal Axını-2” layihəsi dərhal icra edilməlidir. Bu istiqamətdə hökümətdən real dəstək gözləyirik”. Bunu isə “Gazprom”un rəhbəri Aleksey Miller baş nazir Dmitriy Medvedevlə görüş zamanı deyib.Onun sözlərinə görə, "Şimal Axını-2" layihəsinin reallaşması üçün xüsusi plan hazırlanmalıdır: “Artıq avropalı tərəfdaşlarla razılıq əldə etmişik. Boru xəttinin Rusiya hissəsi 2019-cu ilin sonunadək işə salınmalıdır”. Miller qaz xəttinin 1,2 min km uzunluğunda olacağını, Sankt-Peterburq yaxınlığında Ust-Luqa limanından başlayaraq "Şimal axını" xəttinin Almaniya ərazisində birinci və ikinci giriş nöqtələrinə qədər uzanacağını deyib.

Gəldik çatdıq öz ölkəmizə

“Qazprom" Azərbaycana qaz nəqlinə başladı. Azərbaycanın pul bazasının 2015-ci ilin sentyabr ayı ərzində 698,3 mln. manat və ya 10,99% artaraq oktyabrın 1-nə 7 050,4 mln. manata da çatdığı bəlli oldu. O da məlum oldu ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları illik müqayisədə 53,17% azalaraq cari ilin oktyabrın 1-nə 7 044,2 mln. ABŞ dolları təşkil edib. Təkcə bu ilin sentyabr ayında valyuta ehtiyatları 3,7% azalıb. İlin əvvəli ilə müqayisədə isə azalma 48,8% olub.

Başlayaq “Qazprom”dan. Sentyabrın 29-dan etibarən Rusiya qazı Azərbaycana nəql olunmağa başlayıb. Hazırda "Qazprom" Azərbaycana 6 mln. kubmetr həcmində qaz nəql edib. “Qazprom” rəsmilərinə görə, Rusiya qazı Azərbaycana maye yanacağa yaranan tələbatı ödəməyə imkan verəcək.Xatırladaraq ki, tərəflər qaz nəqli ilə bağlı razılığı cari ilin sentyabrında əldə edib. Razılaşma 5 illik imzalanıb. Razılaşmaya əsasən, "Qazprom" il ərzində Azərbaycana 2 mlrd. qaz nəql edəcək.

Həftənin daha bir önəmli hadisəsi Azərbaycan parlamentində 2016-cı ilin büdcə zərfinin müzakirəsi oldu. Komitədəki müzakirələrdə çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, bu ilin sonuna Azərbaycanda real iqtisadi artım 3,3% olmaqla, 57,2 mlrd. manat təşkil edəcək. Bu isə öz növbəsində real iqtisadi artımın proqnozdan 1,1 faiz bəndi aşağı olacağı deməkdir.Nazirin sözlərinə görə, 2015-ci ildə ÜDM-in artım sürətinin azalması hələ 2019-cü ilədək davam edəcək. Qeyd edək ki, 2015-ci ildə ölkə üzrə real iqtisadi artım 4,4% olmaqla, ÜDM istehsalı 59,8 mlrd. manat həcmində proqnozlaşdırılırdı. Yeri gəlmişkən, nazir bəzi vergi güzəştləri məhdudlaşdırıla və yaxud tam ləğv edilə biləcəyini də vurğulayıb.

Azərbaycan MDB məkanında bankların böyüklüyünə görə 4-cü sıradadır.Bunu da “Rossiya Seqodnya" media qrupuna daxil olan "RİA Reytinq" agentliyi iddia edir. Agentliyin MDB ölkələrinin bankları üzrə apardığı növbəti araşdırmanın nəticələrinə əsasən, siyahıya Birlik dövlətlərinin 200 ən iri bankı daxil olunub. Əvvəlki illərdə olduğu kimi Rusiya reytinqdə ən çox sayda (60,5%) bankla təmsil olunub. Sonrakı yerləri Qazaxıstan (10,5%), Ukrayna (9,5%) və Azərbaycan (5%) tutub.

Bildirək ki, devalvasiya nəticəsində Rusiya 2014-cü ilin yekununda 2013-cü ilin nəticələri ilə müqayisədə reytinqdəki banklarının sayı azalaraq 130-dan 122-yə, Ukrayna üzrə isə 27-dən 18-ə düşüb. Bu səbəbdən, 2014-cü ilin yekununda bank aktivləri 100 mlrd. dollara yüksələn Qazaxıstan 84 mlrd. dollarlıq bank aktivləri olan Ukraynanı keçib və 2-ci sırada qərarlaşıb. Ekspertlər bildirir ki, Rusiya və Ukrayna banklarının sayının reytinq sıralamasında azalması bu ölkələrdə baş verən milli valyutanın devalvasiyası ilə bağlıdır. Belə ki, Rusiya rublu dollara qarşı 72%, Ukrayna qrivnası isə 2 dəfə zəifləyib.

Ümumiyyətlə, 2014-cü ilin yekunlarına görə, MDB məkanında məcmu bank aktivləri əvvəlki ilə nisbətən 21,3% azalaraq 1,7 trln. dollara düşüb. Bu isə dünyanın 10-cu ən böyük bankı olan "Credit Agricole"un aktivlərindən 200 mlrd. dollar azdır.

Agentlik qeyd edir ki, Rusiya və Ukrayna banklarının mövqelərini itirməsindən ən çox Azərbaycan faydalanıb. Reytinqdə Azərbaycan banklarının sayı 10-a yüksəlib və ölkə reytinq sıralamasında 4-cü pilləyə yüksəlib.

Məndən bu qədər.Hər birinizə uğurlu həftə sonu tətili...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm