Yeni Əfqanıstan bataqlığı: Şah kim, mat kim, yaxud “ölüm zəngi” kimin üçün çalınacaq?
Bizi izləyin

Nida Təhlil

Yeni Əfqanıstan bataqlığı: Şah kim, mat kim, yaxud “ölüm zəngi” kimin üçün çalınacaq?

İndiki halda Suriya daha çox Əfqanıstanı xatırladır.

Rusiya bazalarından havalanan təyyarələrin Suriyaya daxil olması ilə beynəlxalq ictimaiyyəti düşündürən bir sual yarandı: yeni dünya müharibəsi başlayırmı? Suriyada döyüşən güclərin sayına və çəkisinə baxdıqda bu sualın cavabı “bəli”dir. Lakin indiki halda Suriya daha çox Əfqanıstanı xatırladır.

Ötən əsrin 80-ci illərində SSRİ Əfqanıstana desant çıxaranda bunu Kabilin kömək üçün müraciətindən sonra etmişdi. Suriyada da eyni ssenari təkrarlandı. Əsədi dəstəkləyən Moskva hərbi gücünü bölgəyə göndərmək üçün əvvəlcə qanun qəbul etdi, ardınca Dəməşqin müraciəti ilə müdaxilə etdi. Suriya yeni Əfqanıstan olacaqmı? Bu da maraqlı məsələdir.

Suriya: Yaxın Şərqdə strateji çəkiyə malik olan bu ölkə həm beynəlxalq, həm də regional güclərin maraqlarının toqquşduğu yerdir. ABŞ-ın Yaxın Şərq planının əsas parçalarından olan “ərəb baharı” məhz bu ölkədə dirəndi və günümüzə qədər bəlkə də tarixin görmədiyi qarışıq müharibəyə səbəb oldu. Bu gün Suriyada döyüşən qrupların təsnifatı bunu deməyə əsas verir. Bəşər Əsəd ordusu, Azad Suriya Ordusu, İŞİD, Əl-Nusra cəbhəsi, PYD (PKK-nın Suriya qolu) və onlarla kiçik qruplaşmalar bir-birinə qarşı döyüşür. Əsəd mülayim müxalifətə, PYD İŞİD-ə, İŞİD mülayim müxalifətə düşmən kəsilib. Bu qüvvələrin hər birinin arxasında dayanan dünya və regional güclər də öz maraqlarını qorumağın qayğısındadır.

ABŞ, Türkiyə, başda Səudiyyə Ərəbistanı olmaqla Körfəz ölkələri bir tərəfdə, Rusiya və İran, son günlər isə hərəkətə keçən Çin digər tərəfdə qərarlaşıb. Güc və strategiya baxımından dünya iki cəbhəyə bölünüb, eynilə 70 il öncə II Dünya müharibəsində olduğu kimi...

Birinci cəbhə: düz və çarpaz maraqlar

Amerika: Vaşinqton Əsədin getməsini niyə istəyir?

a) Bununla Suriyada dalana dirənən “ərəb baharı”nı yenidən fitilləndirmək mümkündür.

b) Rusiyanın Yaxın Şərqdəki sonuncu qalası əlindən çıxacaq.

c) İranın bölgəyə uzanan caynaqları kəsiləcək.

d) Suriyanı parçalamaqla regionda yeni dövlətlərin, xüsusilə kürd dövlətinin yaranmasına start veriləcək.

ABŞ hazırda Türkiyə ilə sərhəddə “kürd dəhlizi”nin yaradılması üzərində iş aparır. Bu dəhlizlə Şimali İraqdan başlayaraq Aralıq dənizinə qədər bölgədə Kürdüstan dövləti qurula bilər. Şimali İraqda zəngin neft ehtiyatları, həmçinin dünyanın ən keyfiyyətli neftlərindən hesab olunan Kərkük nefti bu dəhlizlə Aralıq dənizinə, oradan da Avropa bazarına çıxış əldə edir. Yaxın Şərq planının əsas elementlərindən olan kürd dövləti iqtisadi müstəqillik qazanır, rəsmi Bağdaddan asılılıq azalır və bölgədə Amerikanın “yumruğu” olacaq yeni güc yaranır.

“Kürd dəhlizi” həmçinin dünyanın narkoticarəti üçün əsas tranzit bölgədir. Söhbət Əfqanıstandan Nyu-Yorka qədər uzanan narkoticarətdən gedir. BMT-nin Narkotik və Cinayətkarlığa qarşı Mübarizə ofisinin məlumatına görə, 10 min tona qədər tiryək istehsalının 90 faizi Əfqanıstanın payına düşür. Həmçinin Kabil ildə 500 ton heroin istehsalına malikdir. Bunun 400 tonu ixrac olunur ki, onun da 100-ü Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan marşrutu ilə Rusiyaya, 100-ü müxtəlif yollarla Çin, ABŞ, Kanada və Afrika ölkələrinə, yerdə qalan 200 tonu isə Avropaya çıxarılır. Kabildən Nyu-Yorka qədər uzanan marşrutda ilk dayanacaq olan Londona qədərki tranzitin təhlükəsizliyini məhz PKK təmin edir. “Kürd dəhlizinin” yaradılması ilə bu marşrutun daha səmərəli və təhlükəsiz olması təmin edilə bilər.

Türkiyə: Ankara ABŞ-ın “kürd dəhlizi” planından məlumatlıdır, lakin buna rəğmən, Əsədə qarşı onunla eyni mövqedən çıxış edir. Yəni Əsəd iqtidarı təhvil verməlidir. Hələ ki, Türkiyə PYD-nin əlində olan bölgə ilə İŞİD-in nəzarət etdiyi əraziləri ayıran Fərat çayını özünün “qırmızı xətti” elan edərək, “kürd dəhlizinin” yaxın perspektivdə həyata keçməsinin qarşısını alır.

Əsədə gəlincə, Ankara Suriyada hələ “romantik inqilab” başladığı 2011-ci ildə Hafizin oğlunun getməsini tələb edirdi. Hesab etmək olar ki, Türkiyə də Yaxın Şərq planının iştirakçılarından biridir və bölgənin yenidən şəkilləndirilməsinə öz payını almaq istəyir. Eyni zamanda, burada şiə-sünni faktoru da özünü büruzə verir. Belə ki, Yaxın Şərqdə əhalisinin əksərini sünnilər təşkil edən İraq və Suriyanın rəhbərliyi uzun illərdir şiələrin əlindədir. Osmançılıq planları quraraq İslam dinini ön plana çıxaran Ankara üçün şiə liderlər maneədir və ona qarşı cəbhə tutan İrana sıx bağlıdırlar. Buna görə də o, Əsədin getməsini ön plandakı prioriteti elan edib.

Körfəz ölkələri: Səudiyyə Ərəbistanının liderliyi altında çıxış edən bu ölkələrin ilkin marağı Əsədin getməsi ilə hər şeydən öncə Suriyada şiə hakimiyyətinə son qoyulmasıdır. Bununla İranın Suriyadakı təsirləri aradan qalxacaq. Tehranın Livana çıxışı bağlanacaq və onun Yəmən üzərində rıçaqları təhlükə altına düşəcək. Çünki İranın bölgədə varlığı Körfəz ölkələri, xüsusilə Əl-Riyad üçün həmişə kabus olub. İranın Ər-Riyada zərbə endirmək üçün ən yaxşı məkanı Yəməndir. Oman dənizi ilə Qırmızı dənizin kəsişdiyi yerdə yerləşən Yəmən Şərqi Afrika sahillərini nəzarətdə saxlamaq üçün də vacib ölkədir. Bununla yanaşı, onun mövqeləri Səudiyyə Ərəbistanını cənubdan əhatələməyə imkan verir. İran buranı ələ keçirməklə Qırmızı-Oman-Bəsrə-Hörmüz xətti istiqamətində işləyən enerji daşıma xəttinə nəzarət edə və Səudiyyə Ərəbistanının qarşısına ciddi güc qoya bilər. Bu xəttin əsasını təşkil edən Bəsrə-Hörmüz boğazı 40 minə yaxın gəminin keçə biləcəyi məsafədədir, eyni zamanda, Afrika ilə Asiya qitələrini bir-birindən ayırmaqla dünya neft ticarətinin göz bəbəyi hesab olunur.

İŞİD-in əsas maliyyə mənbəyi olan Körfəz ölkələri eyni zamanda ABŞ-ın əsas müttəfiqi olaraq oyunda iştirak edirlər. Yəni ümumilikdə Vaşinqtonla eyni marşrut üzrə hərəkətdədirlər.

İkinci cəbhə: toqquşan maraqlar

Rusiya: “Moskva üçün Suriya Yaxın Şərqdə varlığının sonuncu qalasıdır”. Kremlin Əsədə görə müharibəyə girməsini bir çoxları belə şərh edir və bu fikirdə həqiqət payı az deyil. Lakin “Putin ordunu Suriya bataqlığına nədən sürüklədi?” sualının cavabı təkcə bu məsələdə gizlənməyib.

a) Hələ 1970-ci illərdə Baas rejimini devirməkdə Bəşərin atası Hafiz Əsədə yardım edən ruslar Suriyaya indiyə qədər mövcud olan lövbərini saldı. Hafiz iqtidara gəlmək qarşılığında ruslara borcunu Aralıq dənizinin sahillərindəki Tartus şəhərində hərbi baza yaratmağa imkan verməklə ödədi. “Buz bağlamayan dənizlərə çıxış” - bu ideya I Pyotr tərəfindən Rusiya donanmasını yaradarkən irəli sürülmüşdü və ruslar hələ də öz qəhrəmanlarına sadiqdir.

Tartus bazası hazırda Rusiyanın Aralıq dənizinə yeganə çıxışıdır. Əsəd gedərsə, yerinə gələcək heç bir iqtidar ruslara Aralıq dənizində donanma saxlamasına imkan verməyəcəyi danılmaz həqiqətdir. Hafizin oğlunun devrilməsini istəməyən, ən azından indi getməsinə qarşı çıxan Moskva üçün Suriya ilk növbədə bu amilə görə əhəmiyyətlidir.

b) Suriya Yaxın Şərqdə İsrail və Səudiyyə Ərəbistanına, dolayısı ilə onların hamisi rolunda çıxış edən ABŞ-a qarşı ən real sipərdir. Dəməşqdə şiə rəhbərliyinin qalması İranın da dəstəyini təmin edir ki, bu da Rusiya üçün Qərb gücünə qarşı bölgədə təkbaşına qalmaması üçün vacibdir. Rusiya yaxşı anlayır ki, Əsəd yıxılarsa, ABŞ bölgədə daha sürətlə genişlənəcək və bu ona sərf etmir.

c) Suriya Yaxın Şərqdə zəngin enerji qaynaqlarına nəzarət üçün də vacibdir. Belə ki, İraq neftinin Aralıq dənizinə çıxışı məhz Suriyadan keçir və dəniz sahili boyu ən strateji limanlar Əsədin nəzarəti altındadır. Suriyada möhkəmlənmək bütün bölgədəki enerji kəmərləri üzərində hakimiyyəti təmin etməyə də yardım edəcək. Moskva Vaşinqtonun Suriyada ondan almaq istədiklərini vermək niyyətində deyil.

d) Rusiyanın Suriyada İŞİD-ə qarşı döyüşməsinə gəlincə, bu Moskva üçün təhlükə mənbəyinə çevrilən terrorçuların yerində məhv edilməsinə xidmət edir. Rusiyalı politoloqların, həmçinin, rəsmi Kremlin müdafiə etdiyi bu tezisdə haqlı məqamlar var. Belə ki, Rusiyadan İŞİD-ə qatılanların sayı artıq minlərlədir və bu, Şimali Qafqazın daim partlamağa hazır barıt çəlləyi funksiyasını hər keçən gün gücləndirir.

e) Rusiya Suriyada müharibəyə girməklə həm də diqqətləri Ukraynadan yayındırdı. Dünyanın başı Suriyaya qarışdığı vaxtda bu ona Donbask və Luqanskda, eləcə də Krımda öz hakimiyyətini gücləndirməyə imkan verəcək.

İran: Tehranın Yaxın Şərqdə tarix boyu öz maraqları olub və istər Qərblə düşmənçilik, istərsə yaxınlaşma dönəmlərində bu maraqlar heç nəyə qurban verilməyib. İran daha çox səssiz irəliləyən döyüşçülər kimi bölgəyə nüfuz etməkdədir. Tehran üçün Suriyada şiə hakimiyyətinin olması ilk növbədə bölgədəki İran-İraq-Suriya şiə gücünün qorunmasına xidmət edir. Digər tərəfdən, Suriya Tehranın Livanla, yəni Hizbullahla yeganə quru əlaqəsi saxladığı İraq-Suriya marşrutudur. Əsədin getməsi və onun yerinə birinci cəbhənin istədiyi iqtidarın gəlməsi ilə İran bölgədəki ən böyük silahlı gücünü itirə bilər. Suriya İranın Aralıq dənizinə çıxışı üçün də yeganə yoldur. Bu baxımdan, onun Əsədi sonuna qədər dəstəkləməsi təəccüblü deyil. Suriyada uduzmaq İranın Yəmənə nüfuz etməsinin də qarşısını ala bilər.

Çin: Uzaq Şərqdə “yatmış əjdahaya” bənzədilən bu ölkənin yuvasından çıxması çoxları üçün təəccüblüdür. Lakin gözlənilənlərin əksinə olaraq Pekin təyyarələri ilə Rusiyanın əməliyyatlarına dəstək vermək qərarına gəldi. Görünür, Çin Yaxın Şərqin bölüşdürülməsindən kənarda qalmaq istəmir və son nəticədə bir parça payını almaq üçün bu yola çıxıb. Bununla yanaşı, Suriyada qalib gələrək Yaxın Şərqdə güclənəcək ABŞ Pekinin gələcəyi üçün təhlükə mənbəyidir.

***

Göründüyü kimi, Suriyada hər kəsin bir marağı var və heç kəs güzəştə gedənə oxşamır. Bu ölkəni bir şahmat taxtası kimi təsəvvür etsək, Türkiyəni bir cəbhənin şahı, Rusiyanı digərinin şahı olaraq götürmək olar. Körfəz ölkələri Türkiyənin yanında, İran və Çin isə Rusiyanın yanındakı oyunçulardır. İŞİD, PYD, mülayim müxalifət, Əsəd və digər qruplaşmalar isə sadəcə piyadalardır. Bəs, Amerika? ABŞ burada daha çox oyunu oynadan rolunda çıxış edir.

İlk hücum: Rusiya nədən indi Suriyaya girdi?

Moskvanın bu bölgədəki maraqlarının tarixi qədimdir. Lakin ruslar müharibəyə başlayandan indiyə qədər səbirlə dözmüşdü və gözlənilmədiyi halda hücuma keçdi.

29 sentyabr, Rusiya təyyarələrinin Suriyada əməliyyatlara başlamasından bir gün öncə.

Rusiya prezidenti Vladimir Putin Nyu-Yorkda amerikalı həmkarı Barak Obama ilə görüşdü. BMT zirvəsində çıxış edən hər iki prezident bir-birinə qarşı olduqca soyuq münasibət bəsləyirdi. Obama demokratiyadan, Putin demokratiya adı altında müdaxilələrdən danışdı. Prezidentlər tamam fərqli mövqedə idilər. Moskvaya qayıdan Putin sentyabrın 30-da “hücum” əmrini verdi. İlkin təəssürata görə, Putin Obama ilə razılaşmamışdı və ABŞ-ın əleyhinə olaraq, Suriyaya desant çıxarırdı. Lakin 2011-ci ildən bu günə qədər Əsədin getməsini tələb edən Birləşmiş Ştatların Dövlət katibi Con Kerrinin “Əsədin indi hakimiyyətdə qalması daha sərfəlidir” açıqlaması diqqəti başqa istiqamətə yönəltdi. Bağlı qapılar arxasında prezidentlər nələri müzakirə ediblər? Hesab etmək olar ki, Obama ilə Putin Suriya məsələsində razılaşıb. Suriyada diqqətdən yayınmayan bir çox nüans da bunu deməyə əsas verir. Birincisi, İŞİD-ə qarşı Rusiyanın hücumlarına İranla yanaşı, 20 min PYD döyüşçüsünün qoşulması, ikincisi Rusiyanın “səhvən” Türkiyə hava məkanını pozması və bu ölkənin təyyarələrini təqib etməsi.

Ehtimal olunan razılaşma:

1. Rusiya Suriyada öz mövqelərini möhkəmləndirənə qədər Əsəd hakimiyyətdə qalır. Hər şey Moskvanın istədiyi kimi baş tutarsa, xüsusilə Aralıq dənizinə çıxışı əlində saxlayarsa, daha sonra Əsədin taleyi həll olunur. Bunun qarşılığında Rusiya ABŞ-ın istədiyini edir.

2. Amerika PYD-yə dəstək verməklə həyata keçirmək istədiyi “kürd dəhlizi” planını Türkiyənin “qırmızı xətti”ni açıqlaması və Suriya sərhədinə ordu yığması ilə təxirə salındı. Vaşinqton bölgədəki müttəfiqi və NATO üzvü Türkiyəni belə bir planla özünə qarşı da çevirmək istəmir. Lakin “kürd dəhlizi”ni yaratmaqda israrlıdır. Belə bir məqamda bunu Rusiyadan yaxşı bacaran olmaz. Belə ki, ABŞ Rusiyanın Suriyadan öz payını almasına göz yumur, əvəzində ruslar kürdlərə dəstək verərək Türkiyənin “qırmızı xəttini” tapdalayır və Suriya Moskva və Vaşinqton arasında bölünür. Yəni ABŞ Rusiyanın icrası ilə öz planını həyata keçirir.

Bu Amerikaya bir çox tərəfdən xeyirlidir. Beləliklə, Türkiyənin bölgədə əl-qolunu bağlayır, lakin müttəfiqliyi pozulmur. Əvəzində Rusiya Türkiyə münasibətləri pozulur və regionda enerji də daxil olmaqla, bir çox layihələr baş tutmur. Eyni zamanda, Rusiyanın Suriyada müharibəyə başlaması ilə “ABŞ müsəlman dünyasını dağıdır” tezisi avtomatik olaraq, “Rusiya müsəlman dünyasını dağıdır” fikri ilə əvəz olunur və Amerikanın imici xilas edilir.

Hazırda Türkiyənin Suriyada təkləndiyi bu ssenarinin əvvəldən hazır olduğunu deməyə əsas verən amillər də mövcuddur. Xüsusilə bir neçə ay öncə Almaniyanın öz “Patriot” raket hücumundan müdafiə sistemini Suriya ilə sərhəddə yerləşən Kahramanmaraşdan çıxarması bu ehtimalları artırır. Unutmaq lazım deyil ki, PKK-nın əsas dəstəkçisi məhz rəsmi Berlindir.

Nəticə...

Faktiki olaraq, Suriyada Türkiyə Rusiya ilə üz-üzə qalıb. NATO-nun Ankaraya dəstək bəyanatları verməsi isə sözdən o tərəfə keçmir. 2008-ci ildə Gürcüstan müharibəsində NATO-nun yalnız bəyanatlarla kifayətlənməsi Qərb üçün müttəfiqliyin deyil, maraqların əsas olduğunu göstərdi. Şimal Alyansının indi sərgilədiyi yanaşma da Qafqazdakı “5 günlük müharibə”yə yanaşmasından fərqlənmir.

Lakin alyansın sonuncu bəyanatı məsələyə fərqli rakursdan baxmağa məcbur edir.

“Türkiyə üçün müharibəyə hazırıq!” NATO Baş katibi Jens Stoltenberq sonuncu bəyanatında belə söyləyib. Təbii ki, Ankara Alyansdan dəstək istəyərsə.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiyanı sərt şəkildə tənqid etməsi, ikitərəfli iqtisadi və siyasi əlaqələrin kəsilməsi təhlükəsinə işarə vurması da regionda olduqca ciddi proseslərin cərəyan etdiyini bir daha göstərdi. Bu baxımdan, Yaxın Şərqin gələcəyi ilə bağlı iki versiya var.

1. Suriya yeni Əfqanıstan bataqlığına çevriləcək və burada itirənlərin sayı qazananlardan daha çox olacaq.

2. Suriya III Dünya müharibəsinin başladığı ölkə olacaq.

Hər şeyə rəğmən, dünyanın artıq yeni müharibələr dalanına girdiyi faktdır. Proseslərin analizi onu deməyə əsas verir ki, sonda qazanan tərəf Amerika olacaq, II Dünya müharibəsində olduğu kimi...

Asif Nərimanlı

P.S. Bu təhlil ötən il yazılıb. Hazırda Hələbdə döyüşlərin intensivləşdiyini nəzərə alaraq, böyük güclərin Suriyada maraqlarının və hədəflərinin nə olduğunu göstərmək üçün yenidən təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm