“Nobel” Azərbaycanda kimə verilməlidir? – EKSPERT
Bizi izləyin

Nida.az

“Nobel” Azərbaycanda kimə verilməlidir? – EKSPERT

Suallarımızı Azərbaycanda Nobel mükafatının qızğın təbliğatçısı, bu sahədə fundamental əsərlərin müəllifi, təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev cavablandırır:

- Etibar müəllim, sizdə bu mükafata maraq necə oyanıb?

- Sovet vaxtı Nobel mükafatı və bu mükafata layiq görülənlər haqqında informasiya qıtlığı var idi. Hətta orta və ali məktəb dərsliklərində fiziklər Nils Bor və Eynşteyn, kimyaçılar Vant-Hoff və Svante Arrenius, yazıçılar Ernest Heminquey və Mixail Şoloxovun Nobel mükafatı laureatı olmaları haqqında heç nə yazılmırdı. Biz bu mükafat haqqında məlumatla ötən əsrin sonlarından tanış olmağa başlamışıq. Və tanışlıqdan sonra “mənfur burjuaziya mükafatı” adlandırılan bu mükafatın bəşəriyyət üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyinin şahidi olmuşuq.

Xatırladıram ki, Nobel mükafatları 1901-ci ildən başlayaraq hər il fizika, kimya, tibb və fiziologiya, iqtisadiyyat (1969-cu ildən) kimi elm sahələri, ədəbiyyat, sülh uğrunda mübarizə sahələrində görkəmli fəaliyyətə görə verilir. Hər il dekabr ayının 10-da Alfred Nobelin dünyasını dəyişdiyi gündə mükafat laureatlara təqdim edilir. Əslində, Nobel mükafatları laureatları dünya miqyasında bəşər nəslinin XX əsrdə müxtəlif elm və mədəniyyət sahələrinin ən görkəmli nümayəndələrini birləşdirən son dərəcə nüfuzlu klublardır.

Elm sahəsində mükafat böyük kəşflərə, sülh sahəsində mükafat dünyada sülhün bərqərar olunmasındakı fəaliyyətə, ədəbiyyat sahəsində mükafat isə “ideal yönümlü”, yəni yaradıcılığında məhdud praqmatik dəyərləri deyil, universal dəyərləri ifadə edən əsərlərə görə verilir. Bütün bunlar son dərəcə maraqlı məsələlər olduğundan bir çox insanlar kimi mənim də diqqətimdən kənarda qalmadı. Kitab oxuyan çox insanların bəyəndiyi kitabxanamda ayrıca “Nobel güşəsi” yaratmışam. Həmin guşədə 200-ə yaxın nobelçinin əsərləri və onlar haqqında yazılan kitablar toplanılıb.

- Sizcə, indiyədək bu mükafatların verilməsində yanlışlıqlar olubmu? Daha çox hansı sahədə olub?

- Suala birmənalı cavab vermək çətindir. Elm sahəsində kəşflər təsdiqini tapan kimi dərhal mükafat verilib. Ədəbiyyat sahəsində “ideal yönüm”ün meyarları çox vaxt dürüst müəyyənləşdirilə bilmədiyindən mübahisələr yaranır. Elə bu səbəbdən də Lev Tolstoy, Frans Kafka, Xulio Kortasar, Ceyms Coys, Marsel Prust, Vladimir Mayakovski, Nazim Hikmət, Xorxe Luis Borxes, Umberto Eko kimi sənətkarlar mükafatdan kənarda qalıblar. Ancaq əksəriyyət böyük yazıçılar bu mükafata layiq görülüblər. Bununla yanaşı, imtina edənlər və mükafatı gedib qəbul etməyənlər də olub. Ən çox tənqidə məruz qalan Ədəbiyyat və Sülh üzrə seçimdir.

- Kimlərdir onlar?

- Lev Tolstoy, Boris Pasternak, Jan Pol Sart. 1958-ci ildə rus şairi Boris Pasternak “müasir lirik poeziyada mühüm nailiyyətləri və böyük rus epik roman ənənəsini davam etdirməsinə görə” ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Ancaq o, İsveç Akademiyasına iki cümlədən ibarət məktub yazdı: “Mənim mənsub olduğum cəmiyyət məni bu mükafatdan imtina etməyə məcbur edir. Mənim könüllü imtinamı ünvanınıza təhqir kimi qəbul etməyin”.

Böyük fransız yazıçısı və filosofu Jan Pol Sartr 1964-cü ildə “müasir dövr üçün çox böyük əhəmiyyət daşıyan azadlığın ruhuna hopmuş ideyalarına” görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Sartr bundan 19 il əvvəl Fəxri Legion ordenindən də imtina etmişdi. Yazıçı hesab edirdi ki, fərqləndirici hansısa bir nişan onun oxucusuna təzyiq göstərə bilər. Maraqlıdır ki, Sartr imtina məktubunda Çili şairi Pablo Neruda və rus yazıçısı Mixail Şoloxova mükafatın verilməməsində təəssüf hissi keçirdiyini yazmışdı. Əslində o, bu imtinası ilə iki sənətkarın namizədliyini irəli sürmüşdü ki, onlardan biri 1965-ci ildə, digəri isə 1971-ci ildə mükafata layiq görüldülər.

- Elm sahəsində müsəlman dünyasından cəmi 3 nəfər Nobel mükafatına layiq görülüb. Sizcə, bunun səbəbi nədir? Bunu müsəlman dünyasına münasibətdə Qərbin və Avropanın ikili standartlarla yanaşması kimi qəbul etmək olar? Bu məsələdə nə dərəcədə ədalətlidirlər?

- Ədəbiyyat və sülh sahəsində də alanlar azdır. Elm sahələrində boşluğu orta təhsildə və elmi məktəblərdə axtarmaq lazımdır. Pakistan fiziki Əbdüs Salam Kembricdə oxuyub və işləyib. 1999-cu ildə Kimya üzrə Nobel mükafatına layiq görülmüş Əhməd Zevayl və 2015-ci ildə həmin sahə üzrə Nobel laureatı Əziz Sancar da ABŞ-da təhsil almış və işləmişlər. Bunlar onu göstərir ki, artıq müsəlman ölkələrində elmi məktəblərin yaradılmasının vaxtı çoxdan çatıb. Məktəb yaşlı uşaqları elmi tədqiqtlara cəlb etmək lazımdır. Bu proses təhsilin fasiləsizliyi ilə sıx surətdə bağlıdır. Məsələn, Əziz Sancar kənddə həkimlikdən başlayıb. Sonra elmi tədqiqatlarını Şimali Karolina Universitetində davam etdirməklə 69 yaşında bu möhtəşəm mükafata layiq görülüb. Bu faktın özü çox gözəl nümunədir. Son illər elm sahəsində yapon alimlərinin sayı durmadan artır. Bu, şübhəsiz ki, onların təhsil sistemi ilə bağlıdır. Ədəbiyyat sahəsi isə fərqli xarakter daşıyır. Tomas Mannın təbirincə desək, yazıçının vəzifəsi dəyişməzdir: o, həyatın hakimi və stimulyatorudur. Ancaq bunun elmi kəşflərlə identikliyi var. Yazar və onun hekayəsi bu və ya başqa yolla insana, bəşəriyyətə xidmət etmirsə, deməli, heç nəyə xidmət etmir. Elm də belədir. Ədəbiyyatın bu funksiyası çox önəmlidir.

- Ədəbiyyat və Sülh sahəsində mükafatın verilməsində müəyyən “durğunluq” hiss olunur. Məsələn Belarus yazıçısı Svetlana Aleksieviçin Ədəbiyyat üzrə mükafata layiq görülməsini buna misal göstərmək olar. Sizcə, bu, niyə belədir?

- Adını dəqiq deyə bilmərəm, fizika üzrə Nobel mükafatçılarından biri müsahibəsində fizika elminin artıq dalana düşdüyünü demişdi. O, fikrini belə izah etmişdi: artıq XX əsrin 60-cı illərinə qədər edilən inqilabi kəşflərə bənzər kəşflər edilmir. Məncə, ədəbiyyat da artıq dalandadır. Məsələn, ötən əsrin 80-ci illərində mükafata layiq görülmüş Çeslav Miloş, Qabriel Qarsia Markes, Vilyam Qoldinq, İosif Brodski, Kamilo Xose Sela, Oktavio Pas kimi yazıçı və şairləri 2000-ci ildən sonrakı laureatlar V. Naypol, İmre Kertez, Doris Lessinq, Mo Yan, Elfrida Elinek, Qao Sintzyan kimi yazıçılarla müqayisə etmək mümkün deyil. Svetlana Aleksieviç Boris Pasternak, Miqel Asturias, Aleksandr Soljenitsının mövzularının postmodernist davamçısıdır. O, totalitarizmin ümidsiz qarşıdurmaları, XX əsrin qapalı zonaları, Çernobıl faciəsi, qadınların müharibədə iştirakı, Əfqanıstann haqqında yazdığı əsrlərində yüksək mənəviyyat nümayiş etdirdiyinə görə bu mükafata layiq görülüb. Bu, onu göstərir ki, totalitarizmə qarşı yazılan əsərlər və həqiqət axtarışı ideal yönümün kriteriyası kimi qalmaqdadır. 1961-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı İvo Andriçin maraqlı fikrini xatırlatmaq yerinə düşər: “Yazıçının keçmişi və ya indini təsvir etməsi, yaxud cəsarətlə gələcəyə tuşlanması bir elə vacib deyil, vacib olan onun təhkiyəsinin canındakı ruhdur, onun kitabının oxuculara ötürmək istədiyi başlıca mirasdır. Burada isə əlbəttə, qayda və qanunlar yoxdur və ola da bilməz”.

- Ötən il Sülh üzrə Nobel mükafatının 17 yaşlı Yusufzay Malala və Kaylaş Satyathiyə verilməsi də xeyli təəccüblə qarşılandı...

- Maraqlı sualdır. Onlara mükafat “uşaqların və gənclərin sıxışdırılmasına qarşı və bütün uşaqların təhsil hüququna dair mübarizəsinə görə” verilib.

Əslində Malala 15 yaşında hüquq müdafiəçisi fəaliyyətinə görə terrora məruz qalmış və ağır yaralanmışdı. Nobeldən əvvəl “Tayms” jurnalı onu 2013-cü ildə dünyanın 16 nüfuzlu yeniyetmələri sırasına daxil etmişdi. Onun Kristina Lemlə birgə 2013-cü ildə yazdığı “Mən-Malalayam” (I am Malala) kitabı bestsellerdir. Kitabda onun ABŞ prezidenti ilə görüşü barədə yazdığı hissə oxucular üçün maraqlı ola bilər. “Biz Ağ evə Obama ilə görüşmək üçün gəldik. Ağ evdə bizi pətəkdə bal yeməyə qonaq etdilər. Sonra biz Obama ilə onun çox da böyük olmayan kabinetində görüşdük. Ağ evdə görüşdən qabaq biz 2 şərt irəli sürmüşdük: birincisi, yalnız fotosessiya xatirinə görüşmək istəmirik. İkincisi, Obama bizim qəlbimizdə olanları dinləyəcəksə, görüşməyə hazırıq. Onlar bizə çox tez cavab verdilər ki, istənilən mövzuda danışa bilərsiniz. Görüş kifayət qədər ciddi xarakter daşıdı. Biz təhsilin vacibliyindən danışdıq. Biz ABŞ-ın diktatura rejimlərini dəstəkləməsini və Pakistana pilotsuz təyyarələrin hücumunu müzakirə etdik. Mən Obamaya dedim ki, terrorizmin müharibə vasitəsilə məhv edilməsi əvəzinə onun təhsil vasitəsi ilə kökünün kəsilməsinə diqqəti cəmləmək daha vacibdir”.

Bax, Malala belə qızdır. Qorbaçova Sülh üzrə Nobel mükafatının verilməsi komitəni hörmətdən çox salmışdı. Malalaya mükafatın verilməsi komitəyə böyük hörmət gətirdi.

- Etibar müəllim, bəs Azərbaycandan Nobel mükafatı kimə verilə bilər? Siz kimi daha layiqli hesab edirsiniz?

- Elm sahələrində mükafat almaq xeyli çətindir. Çünki Qərb və Amerika ilə aramızdakı texnoloji uçurum çox dərindir. Elm sahəsindəki kəşflər texnologiya və tanınmış məktəblərlə sıx surətdə bağlıdır. Əziz Sancar nümunəsi göstərdi ki, tədqiqat üçün kənara çıxmadan Nobel almaq mümkün deyil.

Məncə, biz Ədəbiyyat və Sülh sahəsində mükafat almağa xeyli yaxınlaşmışıq. Məsələn, tanınmış Azərbaycan yazıçısı və intellektualı Kamal Abdulla Ədəbiyyat üzrə, Mehriban xanım Əliyeva isə Sülh üzrə Nobel mükafatına layiq şəxslərdir. Kamal Abdulla yaxşı yazıçı olmaqla yanaşı, həm də ədəbiyyatı gözəl bilir, əsərləri əsas kriteriya sayılan “ideal yönümə” uyğun gəlir, yaradıcılığı müxtəlif dillərdə çap olunur, publisistikası müasirdir, tanınmış yazıçılar arasında böyük nüfuzu var, dünyada yaxşı tanınır. Bütün bunlar mükafatın verilməsi üçün nəzərə alınan şərtlərdir.

Mehriban xanım Əliyevanın təhsilin, mədəniyyətin, insanların sağlamlığının qorunması sahəsindəki işləri əvəzedilməzdir. Ötən il tanınmış jurnalist Aynur Camalqızının onun Nobel Sülh mükafatına ən yaxşı namizəd olmasını əsaslandıran çox maraqlı, təhlil xarakterli yazısı dərc olunmuşdu. Yazı ictimaiyyətdə geniş rezonansa səbəb olmuşdu. Fikrimcə, bu mövzu həmişə diqqətdə saxlanılmalı və ardıcıl işlər aparılmalıdır. Son illərin Sülh üzrə Nobel mükafatı laureatlarının işləri Mehriban Əliyevanın gördüyü işlərin yalnız bir hissəsini təşkil edir. Təhlillər göstərir ki, Mehriban xanımın bu mükafata layiq görülməsi həm də regionda obyektiv sülhün əldə olunmasında mühüm rol oynaya bilər. Məncə, Sülh üzrə Nobel Komitəsi bu məsələyə də diqqət etməlidir.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm