Nepal ordusunun illərlə axtardığı yırtıcı, 436 insanı parçalamış Çampavat pələngi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Nepal ordusunun illərlə axtardığı yırtıcı, 436 insanı parçalamış Çampavat pələngi – FOTOLAR

İnsanlar kimi bəzi heyvanlar da tarixdə ad qoya bilir. Bəziləri qeyri-adi vərdişləri, bəziləri ölçüləri, yaxud digər cəhətləri ilə. Tarixdə bununla bağlı yüzlərlə fakt var.

Qeyd edək ki, bir sıra arxiv sənədlərində Çampavat pələngi adlanan bu yırtıcı tərəfindən öldürülmüş insanların sayının 436 nəfər olaraq qeyd edilir.

Publika.az-ın bu yazıda təqdim etdiyimiz Çampavat pələngi tarixə yüzlərlə insanı parçalaması ilə düşüb.

Bir sıra mənbələrə əsasən, hər şey ovçuların onun balalarını öldürməsindən sonra başladı (yeri gəlmişkən, bununla bağlı digər versiyalar da var-müəl.). Qisas almaq məqsədilə insan parçalayan pələngin, deyəsən, adam əti çox xoşuna gəlib. Çünki bundan sonra insanlar onun əsas hədəfinə çevrilir.

Onun insanlara hücumu əvvəlcə cəngəlliklərdən başladı. Meşəyə, yaşıllıqlara üz tutan onlarla insandan qısa müddət ərzində ancaq sür-sümüklər qalırdı.

Çampavat pələngi təkcə Nepalda 200 insanı parçaladı. Sakinlər üçün kabusa çevrilmiş təhlükəli yırtıcı ilə mübarizəyə Nepal ordusunun əsgərləri və təcrübəli ovçular cəlb edildi. Lakin bu da bir nəticə vermədi. Uzun müddət aparılan axtarışlarla yırtıcını məhv etmək mümkün olmadı. Hərbçilər yalnız pələngi Nepal ərazisindən qova bildilər.

Buradan Hindistan ərazisinə keçən yırtıcı insan ovunu həmin ölkənin ərazilərində davam etdirməyə başladı. İnsan əti arzusu ilə kəndlərə girən pələng, xüsusən, tək gəzənləri parçalayaraq aradan çıxırdı. Lakin Çampavat pələngi digər pələnglərdən fərqli ov edirmiş. Belə ki o, ovunun üstünə qəfil hücum etmirdi. Kəndlərə sakitcə girən yırtıcı xoşuna gələn sakini öldürərək ətini yeyirdi.

Çampavat pələngi qanlı ovunu uzun müddət davam etdirdi. O daha da cürətli olmuşdu. Hətta vəziyyət o həddə çatmışdı ki, yırtıcı artıq gündüz vaxtı da sakinlərə hücum edirdi. Meşə ağaclarının ətrafında dolanan pələng özünün növbəti qurbanını gözləyirdi.

Məhz həmin olaylardan sonra yüzlərlə sakinin qəzəbi qorxunu üstələdi. Onlar gecələr insan ovuna çıxan pələngi məhv etməyə qərar verdilər. Lakin bu, onlara müyəssər olmadı.

İnsan ovçusunun varlığı bölgəni iflic etmişdi. Çünki sakinlər Çampavat pələnginin hər an onlara hücum edəcəyini əsas gətirərək, evlərini tərk etməkdən imtina edir, işə getməkdən boyun qaçırırdılar.

Bütün bunlar 16 yaşlı qızın parçalanmasına qədər davam etdi. Yeniyetmə sakinin pələng tərəfindən parçalanması, ətinin yeyilməsi Çampavat pələnginin yerinin müəyyən edilməsinə səbəb oldu. Bu, onun sonunu gətirdi.

Onun yerini müəyyənləşdirib məhv etmək yalnız bir peşəkar ovçuya nəsib oldu. Bu işə cəlb olunmuş Cim Korbet (Edvard Ceyms) adlı məşhur ingilis ovçusu Hindistanın bir bölgəsini lərzəyə salmış Çampavat pələnginin axtarışına başladı.

O, 16 yaşlı qızın öldürüldüyü yerə gedərək yırtıcının gizləndiyi ərazini müəyyən etməyə başladı. Mahir ovçu Nepal əsgərlərinin və ovçularının görə bilmədiyi işi həyata keçirdi – nəhayət, Çampavat pələngini tapıb güllələdi.

Cim Korbet öldürdüyü heyvan üzərində apardığı müayinələr zamanı heyvanın yuxarı sağ və aşağı dişlərinin sındığını müəyyən etdi. Məlum oldu ki, belə dişlərə sahib heyvana adi ov etmək çətin imiş. Bu səbəbdən də insanları parçalayırmış.

Yüzlərlə insanın ətini yemiş pələngin adı dünyada ən çox adam öldürmüş yırtıcı kimi Ginnesin "Rekordlar" kitabına düşdü.

Cim Korbet özü isə Hindistan və Nepal sakinlərini qorxuya salmış yırtıcı barədə özünün "Kumaonun hanniballar" avtobioqrafik kitabında ətraflı yazdı.

Yırtıcının öldürüldüyü yerə sakinlərin yaddaşında qalsın deyə, xüsusi sement plitə də döşənilib.

Qeyd edək ki, yırtıcının ən çox insan ovuna çıxdığı Çampavat şəhəri, onun kənd və qəsəbələri Hindistanın Uttarakxa ştatında, Himalay dağlarının ətəklərində yerləşir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm