“Romantic” mağazaları niyə bağlanır?
Bizi izləyin

Ekopublika.az

“Romantic” mağazaları niyə bağlanır?

2007-ci ildə bir mağaza ilə işə başlayan, sonradan böyük bir şəbəkəyə çevrilən “Romantic” şirkəti böhran yaşayır. Belə ki şirkət “Elmlər Akademiyası” metrostansiyası, eləcə də Fəvvarələr Meydanı ərazisi və Bakıxanov qəsəbəsində yerləşən mağazalarını bağlayıb.

Publika.az xəbər verir ki, mağazaların bağlanması fevral ayından bu yana bir-birinin ardınca baş verib. “Elmlər Akademiyası” metrostansiyası ərazisindəki mağaza əvvəlcə təmirə bağlandı. Açılışdan qısa müddət sonra, ümumiyyətlə, fəaliyyətini dayandırdı. Şəbəkənin Fəvvarələr Meydanı ərazisindəki dükanı da eyni taleyi yaşadı. Nəzərə alsaq ki, istər “Elmlər Akademiyası” metrostansiyası, istərsə də Fəvvarələr Meydanı əhalinin gur olması baxımından alış-veriş üçün sərfəli ərazilərdir, mağazaların bağlanmasının bir səbəbi ola bilər, o da vətəndaşların artıq “Romantic” dükanlarına ayaq basmaması. Alıcı olmayandan sonra isə şəhərin bahalı zonasında böyük obyekt kirayələmək hansı sahibkara sərf edər? O ki qaldı “Romantic”in müştəri etibarını itirməsinə, uzağa getməyək, bu sadəcə, keyfiyyət və qiymət siyasətinin tərs mütənasibliyi ilə bağlıdır.

“Volodarski” fabrikinin məhsulları qayıdıb

“Romantic”in təqdim etdiyi geyimlərin keyfiyyəti uzun müddətdir ki, müzakirə mövzusudur. Düzdür, ilk illərdə alıcının etibarını qazanmaq məqsədilə şəbəkə müəyyən qədər keyfiyyətli geyimlər təqdim etdi. Lakin getdikcə keyfiyyət amili arxa plana keçdi və “Made in Turkey” sözünün qüvvəsi təkcə geyimlərin yarlığında (etiketində) qaldı. Bu gün mağazalarda təklif olunan geyimlərlə canlı tanış olan hər kəs bir anlığa sovetlərin məşhur “Volodarski” fabrikinin məhsullarına ekskursiya edir. Kobud tikiş qüsurları, parçaların keyfiyyətsizliyi görmə qabiliyyəti zəif insanın da nəzərindən qaça bilməz. Qısası, “Volodarski”nin “hesabı"na necə yerli brendin həm adı, həm də canı çıxmışdısa, özünü Azərbaycanın milli brendi kimi təqdim edən “Romantic” də tarixi eynilə təkrarlayıb. Yəni kim deyirsə, tarix təkrarlanmır, inanmayın, “Romantic” buna bariz nümunədir.

Milli brend?

Başqa bir tərəfdən, “Romantic” istehsalla məşğul olmadığını və geyimləri xaricdən gətirdiyini iddia edir. Şəbəkə “Adil Işık”, “Defacto”, "MixRay”, “AVVA”, “Canzone”, “DSN”, “Joggy”, “Miss Poem”, “NCS”, “Sabra”, “Setre”, “Xint”, “US POLO Assn” firmalarının geyimlərini təqdim etdiyini bildirir. Bununla bərabər, özünü milli brend adlandırır. Məsələyə, ən sadə tərəfdən yanaşdıqda bu, absurddur. Çünki “Romantic” milli brend yox, distribütordur. Amma sonuncu da şübhə doğurur. Orijinal “Defacto”nun geyimləri ilə “Romantic”in mağazalarında satılan “Defacto”nun geyimlərinin uyğunluğundan söhbət gedə bilməz.

Gizli pərakəndəçi

“Romantic” bazarda gizli və yarımçıq pərakəndəçidir. Şirkət bütün dünyadakı pərakəndəçilər kimi öz məhsul konsepsiyasını ortaya qoyur. Sadəcə, başqa adlarla - "MixRay”, “AVVA”, “Canzone”, “DSN”, “Joggy”, “Miss Poem”, “NCS”, “Sabra”, “Setre”, “Xint”, “US POLO Assn” yarlığı ilə. Əslində sahibkarı bu mövzuda qınamaq da olmur. Belə ki geyimlərinə istehsalçı ölkə kimi Türkiyə deyil, Azərbaycan yazsa, indiki qiymət siyasətini reallaşdıra bilməyəcək. Bununla bərabər, müştərini keyfiyyətə inandırmaq çətin olacaq. Söyləmək olar ki, “Romantic”in distribütorluq etdiyi əmtəə nişanları da öz ölkəsində keyfiyyət baxımından rəqabətə davamlı deyillər. Amma hər halda sex istehsalından daha yaxşı vəziyyətdədirlər.

“Romantic”də qiymətlər qalxıb, keyfiyyət düşüb

Maraqlıdır ki, keyfiyyət dəyişmədiyi halda mağazalar şəbəkəsində qiymətlər bahalaşıb. Məsələn, qadın üçün krop-top – 17 AZN, şalvar – 35 AZN, gödəkcə - 64.90 AZN-dir. Kişilər üçün də geyimlərin qiymətləri fərqlənmir. Qiymətlərin keyfiyyətə uyğun olmamasından “Romantic”in sosial şəbəkədəki səhifəsində əhali də şikayətlənir. Bundan əlavə, ekspertlər də iddia edirlər ki, məşhur brendlərin distribütor mağazalarını çıxmaq şərti ilə, əksər mağaza şəbəkələrində satılan geyimlər ölkə daxilindəkı sexlərdə tikilir. Belə olan halda “Romantic”in qiymətləri qaldırması sual doğurur. Nəzərə alsaq ki, ölkədə inflyasiya yoxdur, eləcə də bir sexin fəaliyyəti üçün sərf olunan təsərrüfat xərcləri bahalaşmayıb, onda bu qiymət artımında iqtisadi deyil, fərdi amillər rol oynayır. Başqa məqam, kiçik sexlərdə əməyin ödənişidir. Konkret olaraq bir geyimin tiklisi üçün dərziyə 2 manat ödənilir. Özünüz nəticə çıxarın.

Geyimlər bir-birini təkrarlayır

Mağazalar şəbəkəsində artıq illərdir kolleksiyalar bir-birini təkrarlayır. O cümlədən eyni, oxşar parçadan həm şalvar, həm ətək, həm də donlar tikilir. Yəni xüsusi dizayndan, stilist əməyindən söhbət gedə bilməz. Sovet dövrünün fabriklərinin klassik istehsal siyasəti kimi. Bütün bunlardan çıxış edib yaxın günlərdə bazarın “milli brend"imizlə vidalaşacağını söyləsək, yanılmarıq. İndiyə qədər aşağı keyfiyyəti qiymətlərin ucuzluğu kompensasiya edirdisə, artıq bu da yoxdur.

İqtisadiyyat şöbəsi

Əvvəli burada: http://publika.az/ekonomiks/p/65432

Oxumağa davam et
Reklam
Reklam

Gündəm