ATƏT Azərbaycana niyə müşahidəçi göndərmədi?
Bizi izləyin

Digər

ATƏT Azərbaycana niyə müşahidəçi göndərmədi?

Vüsalə Hüseynlı

Milli Məclisə 5-ci çağırış üzrə seçkilərin baş tutmasına sayılı günlər qalıb. Namizədlərin təbliğat-təşviqat kampaniyasının dinamik vaxtında, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu yenə də özünü gündəmə yerləşdirməyə cəhd etdi: “ATƏT Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməyəcək”.

Baxmayaraq ki, Azərbaycan ATƏT çərçivəsində üzərinə düşən öhdəliklərinə riayət edib. 1 noyabrda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün 14 iyul 2015-ci ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosuna (DTİHB) dəvət göndərilib.

Lakin bu dəvətə ATƏT-in cavabı özünü çox gözlətmədi. Qurum Azərbaycanda keçiriləcək seçkiləri müşahidə etməyəcəyi ilə bağlı qərar qəbul etdi, bu yolla Azərbaycana qarşı köhnəlmiş, primitiv bir metodla təzyiq etmək eşqinə düşdü. Əgər belə olmasaydı, qurum seçkilərin keçirilməsinə az müddət qalmış belə bir açıqlama verməzdi.

Bu günə kimi ATƏT-in ölkəmizə qarşı sərgilədiyi münasibəti göz önünə gətirsək, qurumun Azərbaycana cavabına təəccüblənməmək gərəkdir. Sadəcə, bu yerdə suallar da yaranır: “Cənablar, bizim ölkənin ən önəmli hadisələri öncəsi və sonrası lazımsız qərarlar qəbul edib, bəyanatlar verməkdən usanmadınızmı? Azərbaycana qarşı göstərmək istədiyiniz təzyiqlərin səbəbi nədir? Əlbəttə, ucundan-qulağından bizlərə də bəzi mətləblər bəllidir. Ancaq bizi heç cür inandıra bilməzsiniz ki, səhər-axşam ölkəmizə qarşı qəbul etdiyiniz qərar və qətnamələrin arxasında demokratik dəyərlər, insan hüquqları dayanır. Buna inanmaq çətindir. Çünki belə olsaydı, ATƏT 1 milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının pozulması yönündə ciddi bir addım atardı. Ancaq bu faktdır ki, bu günə kimi ATƏT bu məsələ ilə bağlı hələ də ciddi mövqe ortaya qoya bilməyib. Deməli, “iş sosiskada deyil”...

O zaman üzünüzdəki maskanı qaldırın və bizdən istədiyinizi açıq şəkildə söyləyin. Necə olur ki, Ermənistanda, Azərbaycanın işğal altındakı ərazilərində baş verən qanunsuzluqlara, insan hüquqlarının pozulmasına qarşı göz yumursunuz? O halda qərar verib qətnamə qəbul etmək ağlınızdan belə keçmir. Ancaq Azərbaycanın özünün yeni tarixində, müstəqilliyindən üzü bu tərəfə keçirdiyi bütün seçkilərinə - fərq etmir, istər prezident, istər parlament, istərsə də, bələdiyyə seçkiləri olsun - mövqeyiniz eyni olur. Həmişə ölkəmizə qarşı seçki şantaji etməyə cəhd edibsiniz. Bu dəfə də eyni motivli ssenarini həyata keçirməyə çalışırsınız.

Ancaq unutduğunuz bir məqam var...

O da budur ki, Azərbaycanın bir çox proseslərə səbirlə yanaşması, münasibət bildirməməsi o demək deyil ki, rəsmi Bakı heç nəyi görmür və yaxud nələr baş verdiyinin fərqində deyil. Təbii ki, rəsmi Bakı bu illər ərzində ATƏT-in ölkəmizə qarşı tutduğu mövqeyi yaxşı görür və anlayır. Eləcə də cəmiyyətimiz.

Anlayırıq ki, ATƏT-in Qarabağ münaqişəsi ilə bağlı bu günə kimi əldə etdiyi heç bir uğur olmayıb. Anlayırıq ki, həmsədr ölkələrin nümayəndələri üçün Dağlıq Qarabağ münaqişəsi insanların hüquqlarının pozulması, demokratik dəyərlərin alt-üst olması demək deyil. Sadəcə, ATƏT həmsədri olan ölkələrin nümayəndələri üçün karyera tramplinidir. Daha dəqiq ifadə etsək Qarabağ mәsәlәsi bir çox diplomatlara rütbә vermәk üçün poliqondur.

Və yaxud da turist səyahəti...

Anlayırıq ki, bahalı maşınlarda gəzib, bahalı otellərdə yaşayıb, yüksək məvacib alan bu nümayəndələr üçün ölkələrə səyahətlər etmək illərlə hüququ tapdanmış, dədə-babasının məzarını ziyarət edə bilməyən insanların taleyindən, ağrı-acılarından daha önəmlidir. Əgər belə olmasaydı, bu günə kimi istər “demokratiya” carçısı olan ABŞ, istər ikiüzlü siyasəti ilə dünyada ad qazanmış Fransa, istərsə də Qafqazdakı maraqları üçün hər cildə girən Rusiyanın təyin etdikləri nümayəndələr Qarabağ düyününü çözməmiş başqa vəzifələrə keçid edə bilməzdilər.

İndi isə növbəti mərhələdir. Seçkilər bitər-bitməz, ABŞ və onun xor kapellasının üzvləri, Avropa Parlamenti, o cümlədən ATƏT-in təsisatları yenə qətnamə qəbul edəcək, bəyanat verəcək, yeni təzyiq mexanizmləri axtaracaqlar.

Ancaq buna ehtiyac varmı? Təbii ki, yox!

Çünki bu gün Azərbaycanı heç bir vasitə ilə şantaj etmək olmaz. Bu gün Azərbaycan dünyanın siyasi xəritəsində öz cizgisini çəkə bilir.

Bir daha xatırladıram ki, “söhbət sosiskada deyil, vnimatelni olmaqdadır”...

Biz isə artıq ATƏT-siz də karvanımızı sürə bilərik...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm