Babək Niftəliyevin ailəsində faciə: “Barmaqları çürüdü” - VİDEO, FOTOLAR
Bizi izləyin

Könlüm keçir

Babək Niftəliyevin ailəsində faciə: “Barmaqları çürüdü” - VİDEO, FOTOLAR

Həmsöhbətim kəlbəcərli balası Babəki redaksiyamıza dəvət edəndə Kəlbəcərlə bağlı xatirələri ilə birgə orda çəkdirdiyi fotoları da götürüb gəlmişdi. Üstündə əsdiyi o fotoları fotomüxbirimizə belə verməyə ürək eləmirdi. “Sən Allah, gözümün qabağında surətini çıxarıb, özümə qaytarın, atamla anam bu şəkillərlə nəfəs alır. O yerlərdən bizə qalan bunlardır”.

Gənc xanəndə danışdıqca bir daha anladım ki, Kəlbəcərdən çıxanda cəmi 8 yaşı olmasına baxmayaraq, o faciəvi gün Babəki yəqin ki, ömrünün sonuna qədər tərk etməyəcək. Kəlbəcərdə gördüyü son mənzərəni son dəfə gözünə, beyninə köçürüb gələn Babəkin yarasının qaysağını qopardığıma görə, içimdə özümü çox qınadım. Amma o qaysaq yara bağlamışdımı ki?

“Atam qışqırırdı ki, tez olun, gedək”

“1985-ci ildə Kəlbəcərdə anadan olmuşam. Əslimiz Milli Kəndindən olsa da, rayon mərkəzində yaşayıb, boya-başa çatmışam. Ailədə beş nəfər olmuşuq, atam, anam və məndən başqa iki qardaşım. Atam qaynaqçı idi, azdan-çoxdan yaxşı dolanışığımız da olub.

Kəlbəcərdən axırıncı dəfə çıxanda 8 yaşım vardı. Uşaq heç nəyi yaddan çıxarmır axı, inan Allaha, son dəfə Kəlbəcərdən çıxmağımızı anbaan yaddaşıma köçürmüşəm. 1993-cü il aprelin 2-si. Yatmışdım, atamın bərk səsinə oyandım. Hələ balaca qardaşım onda dünyaya gəlməmişdi. Atam qışqırırdı ki, tez olun, yığışın gedək”.

“Belə dəhşət görməmişdim”

“Soruşdum ki, hara gedirik? Qayıtdı ki, Kəlbəcərdən çıxmalıyıq, amma sonra yenidən gələcəyik. Evdən bayıra çıxanda dəhşətli mənzərənin şahidi oldum. Dağların üzərindən mərmilər vıyıldayırdı, bombalar partlayırdı, kəsəsi, 8 illik həyatımda belə dəhşət görməmişdim.

“Maşında yer olmasaydı, erməniyə girov qalacaqdıq”

“Atam tələm-tələsik bizi yığıb dedi ki, vertolyota çatmalıyıq. Elə əyin paltarlarımızı güclə götürüb çıxa bildik, çünki atışma səsindən qulaq batırdı. Hər an ölümü gözə alan camaat bir onu bilirdi ki, qaçıb canını qurtarsın. Vertolyotoa çatanda bizə dedilər ki, yer yoxdur. Kənarda maşın karvanları vardı, atam bizi o maşınlara doğru apardı. Amma orda da bizə yer olmadı. Atamın qaynaq aparatı vardı, onu işlədiyi evlərə gedəndə maşın kimi sürürdü. Bu aparatı da o, özüylə bura gətirmişdi ki, Kəlbəcərdən çıxarsın. Maşın karvanları razılıq vermədilər ki, təkərləri buna dözməyəcək. Öz qohumumuzun yanına getdik ki, heç olmasa, onlar bizi Kəlbəcərdən çıxaralar, eyni sözləri eşitdik: “Yer yoxdur, adamlar bir-birinin üstünə çıxıb”. Təsəvvür edin, həmin vaxt axıra qalan yeganə maşın o idi, əgər o maşında da bizə yer olmasaydı, erməniyə girov qalacaqdıq. Atam yalvar-yaxar elədi ki, öz qaynaq aparatımın təkərlərini söküm verim sənə, bizi yerdə qoyma. Tez-tələsik o aparatın təkərlərini zülümlə söküb Qaz 53 maşınına yığdılar və rayondan çıxdıq. Gözəl şairimiz Qəmkeş Allahverdinin qardaşı İdris Verdiyevgilin maşınında gəldik”.

“Atamın barmaqlarını şaxta vurdu, çürüdü”

“Yazın gəlməsinə baxmayaraq həmin vaxt qar dizdən idi. Murov dağını necə biz zülüm-zillətlə gəlmişik, bunu bir Allah bilir. İnternetdə yayılan şəkillərdə də var o maşın karvanları. Atamgilin də şəkli var, amma mən balaca olduğumdan görünmürəm. Yadımdadır ki, atamın baş və ayaq barmaqlarını şaxta necə vurmuşdusa, barmaqları çürüdü, dırnaq sədəfdən çıxdı. Maşınların sepi olmadığı üçün yerimirdi, atamgil o maşınların arxasına kubik daşı qoya-qoya dağdan aşırırdı. Həmin vaxt sanki bir bütöv ömür yaşamışam. Yadımdadır ki, qardaşım kirimədən atamdan su istəyirdi. Anamgil də özləriylə su götürməmişdilər”.

“Atam su tapmadı, qarı əridib qardaşıma içirdi”

“Atam yerdən qar götürdü, qabda əridib, o suyu qardaşıma içirdi. Maşın karvanlarının yanında elə dəhşətli mənzərələr yaşanırdı ki, insan ona tab gətirə bilməzdi. Qorxu-təlaş içində hamı canını götürüb tez buralardan uzaqlaşmaq istəyirdi. Elə adamlar vardı, mallarını-heyvanlarını da qabaqlarına qatıb gətirirdi. Amma biz əyin paltarımızı, bir də canımızı götürüb çıxmışdıq. O qışqırıq səsləri, anaların fəryadı, ayaqlarını şaxta vuran insanların ürəkparçalayan iniltiləri - bu dəhşəti yəqin ki, ömrümün sonuna qədər unuda bilməyəcəyəm”.

Kəlbəcərdə qalan qızıl saat

“Amma çox qəribədir ki, mən o dəhşətləri görə-görə geri qayıdacağımız günü fikirləşirdim. Çünki atam bizi evdən çıxaranda demişdi ki, qayıdacağıq. Çünki mən özümə əziz olan bir-iki əşyamı da özümlə götürüb gətirmək istəyirdim. Yadımdadır ki, əlimi atdım ki, təkkasetli qara maqnitafonum vardı, onu götürüm, atam qoymadı ki, qayıdacağıq. Məktəb çantamı götürdüm, yenə razılıq vermədi, məni arxayın etdi ki, neynirsən, qayıdıb gələcəyik də. Atam öz halal zəhməti ilə mənə bir qızıl saat almışdı, onu da orda qoyub gəldim. Evdə olanda o saatı taxıb qürrələnərdim, məktəbə gedəndə, çıxarıb evdə qoyardım ki, birdən uşaqlar oğurlayar. Hələ də o sevdiyim əşyaları ordan çıxara bilmədiyimə görə təəssüflənirəm”.

“Yorğan-döşək yoxuydu, çarpayıya paltarlarımızı sərib yatırdıq”

“Biz ordan çıxıb Gəncəyə gəldik, Gəncəninin yataqxanasında bizi yerləşdirdilər. Kəlbəcər camaatının çoxu Gəncədə yerləşdirildi, sağ olsunlar, bizə qucaq açdılar. Qab-qacaq, pal-paltar verirdilər bizə. Qaldığımız yerdə çarpayıda yorğan-döşək yox idi, quruca dəmir idi. Biz çarpayıya əyin-baş paltarlarımızı sərib yatırdıq. Bu hadisələri danışmaqla mən o yaşantılarımızı ifadə edə bilmərəm. O ağrılı kadrları yalnız görənlər bilər. O acı həmşəlik ürəyimizə hopub”.

“Məni oxudub, əlimə konfet verərdilər”

“Uşaq vaxtı Kəlbəcərin İsti-suyunda çox olmuşam. İndi sevinirəm ki, nə yaxşı o sulardan doyunca içə bilmişəm. Bəlkə də elə o su, o havanın təsiridir ki, belə zəngulələr vura bilirəm. O vaxt oxumurdum, amma qara maqnitafonumda Hacıbaba Hüseynovun “Bərəyə bax, bərəyə” mahnısına qulaq asırdım. Həyətdə uşaqlar mənə deyirdilər ki, Babış, Babış (məni Babış çağırırdılar-C.S) bir dənə o “Bərəyə bax” mahnısını oxu. Mən də oxuyurdum, əlimə konfet verirdilər. Amma heç ağlıma da gəlməzdi ki, böyüyəndən sonra xanəndə olaram, ustadlardan dərs alaram. Qismət.

Tez-tez gizlən-qaç oynayardıq. Şüşələri şüşələrin üstünə düzüb bir oyun oynayardıq, indi adı yadımda qalmayıb. Hə, qoy adımın tarixçəsindən də danışım. Adımı ata nənəm qoyub. Özü də deyib ki, Babək öz qılıncıyla dünyanı fəth edib, istəyirəm mənim də nəvəm böyüyəndə hamı tərəfindən tanınsın, sevilsin. Uşaq vaxtı toppuş oğlan idim, hamının məndən xoşu gəlirdi”.

“Atdan əyilib qoyunu yerdən götürərdilər”

“Kəlbəcər yuxuma iki-üç dəfə girib. Yuxudan ayılanda deyirəm ki, ay Allah, kaş bu, yuxu yox, həqiqət olaydı. Ana tərəfim Füzulidəndir - Seyid Mahmudlu kəndindən. Orda Taxdadüzü deyilən bir yer vardı. Biz ora gedəndə yadımdadır ki, fəhlələr, tərəkəmələr gəlib atlarını nallatdırardılar. Babam da dəllək idi, Füzulidə çox məşhur idi. Biz orda olanda atların nallanmasını görmüşdüm. Kəlbəcərdə də tez-tez at yarışları olardı. Kim qalib gələrdi, onlara mükafatlar verərdilər. Özü də milli geyimlərdə olardı o yarışanlar. Bir də görürdün atla gəlirdilər, qəfildən əyilib qoyunu yerdən götürərdilər”.

“Kəlbəcərdə bunu yalnız rəhmətlik babam bacarırdı”

“Yalnız Kəlbəcər camaatına məxsus olan qədimi bir rəqs-oyun var-“Maraloyunu”. Örtüyün altında gizlənərdilər, cüyür buynuzdan qulaqlar düzəldilərdi. Zurna çalınanda maral oyanardı və o tərəf bu tərəfə boylanıb başlayardı oynamağa. Toylarda, şənliklərdə nümayiş olunardı bu rəqs. Yadımdadır ki, əmilərimin toyu Bərdədə oldu və “Maraloyunu” onların toyunda oynanıldı. Mənim Bakıda olan toyumda da o rəqs ifa olundu. Əslində Kəlbəcərdə o oyunu yalnız rəhmətlik babam bacarırdı. Mənə demişdi ki, qismət olsa, sənin toyunda da maral oynadacağam, amma qismət olmadı. Mən onun arzusunu yerinə yetirmək üçün Gəncədən bir rəqqas vardı, Elşad adında onu çağırdım, oynadı. O da kəlbəcərlidir və bu rəqs ənənəsini bu gün də davam etdirir. Heyf yaşım ona imkan vermədi ki, babamdan bu oyunun mahiyyətini öyrənim”.

“Ala camaata xəbər verərdilər ki, filankəsin toyudur”

“Atam həmişə deyərdi ki, mən Milli kəndindən Kəlbəcərə qədər olan yeddi kilometr məsafəni piyada gələrdim. Çünki oralar çox ucqar yer idi, maşın-zad gedib çıxa bilməzdi. Atam tez-tez danışır ki, filan vaxtı filankəsin qızını belə qaçırdıq, belə elədik… Xoş xatirələri yada salıb, Kəlbəcəri xatırlayırlar. Kəlbəcərdə aşıqlar dəstəsi olurdu və hər toyda mütləq aşıqlar iştirak edərdilər. Elə atamın toyu üç gün, üç gecə çəkib. Kəlbəcərli Aşıq Əhliman edib onun toyunu, o aşıq indi də sağdır. Kəlbəcər toyları çox gözəl keçirmiş. Mikrafon-zad nə gəzirdi onda, qara zurnanın səsi bu kənddən o kəndə yayılarmış. Bilərmişlər ki, hə, filankəsin qızının, ya oğlunun həmin gün toyudur. Onda telefon-zad yoxuydu ki, kimlərisə toya çağırsınlar. Atla çaparlar gedib camaata xəbər verərdilər ki, filankəsin toyudur”.

“Sel gəldi, hər yeri yuyub apardı”

“Fransızlar o vaxt gəlib Kəlbəcərdə qızıl yataqlarında işləyərmişlər. Həmin vaxt çayın kənarında çadır qurub yaşayıblar. Bir dəfə sel gəlib həmin çadırı yuyub aparıb, hərəsini bir yana tullayıb. Sonra fransızlar deyiblər ki, biz hələ ömrümüzdə belə təbiəti olan yer görməmişik; sel gəldi, hər yeri yuyub apardı, amma beş dəqiqədən sonra gün çıxdı. Bir də görərdin dolu gəldi, dumandan göz-gözü görmədi, sonra qəfildən də hava açılardı, gün çıxardı, heç deməzdin ki, beş dəqiqə əvvəl bu hadisələr baş verib.

“Dağlarda döyüş” filmi Kəlbəcərdə çəkilib. Ordakı o təbiət gözəlliklərinə baxanda nisgil bürüyür adamı. Biz öz yerimizi-yurdumuzu kinodan görə bilirik”.

“Yayda qara qurd düşərdi”

“Atam danışardı ki, evə lazım olanda meşədən ağac kəsərdik, çayın o başından atardıq, bu başında tutardılar. Daha onu maşınla gətirmirdilər. Tərtər çayı da o qədər güclü axırdı ki, ora düşən salamat çıxmazdı. Bizim evin qənşər tərəfində dağlar vardı. Lalələr, bönövşələr, çobanyastığılar… İnan çiçəklərin ətri adamı bihuş edərdi. Dağlara elə qar yağardı ki, hələ elə qarın yağmasını görməmişəm. Bu saat bilirəm ki, o dağların başı yenə də ağ örpəyə bürünüb. Hətta yayda da orda dağların başı qarlı olardı. Qara qurd düşərdi yayda, təsəvvür edin”.

“Ayaqlarımı itirə bilərdim”

“Atam mənə xizək düzəltmişdi. Hər səhər o xizəklə evin qabağında sürüşərdim. Anam da məni o qədər qalın geyindirirdi ki, sağı-solu görə bilmirdim. Başımda papaq, bir dənə gözlərim görünür. Bir dəfə necə sürüşmüşəmsə, kənardan gələn maşını görməmişəm. Sürücü yazıq nətəhər tormoz vermişdisə, yenə saxlaya bilməmişdi. Maşının düz ortasında qalmışdım, anidən xizək təkərə dirənib dayanmasaydı, ayaqlarımı itirə bilərdim. Necə həyəcan keçirmişdimsə, dilim tutulmuşdu. Atam bu hadisədən sonra o xizəyi doğrayıb tökdü. Anama çox yalvardım ki, atama desin, o xizəkdən birini də düzətsin, atam düzəltmədi”.

“O iki fotoqraf olmasa idi...”

“Milli kəndində yaşayan babamgil bal tutardılar. Onu da deyim ki, günəş həmişə ən ucqar kənd olan Millinin başı üzərindən çıxardı, Kəlbəcərə yayılardı. Danışa bilmirəm, mənə çətindir bunları xatırlamaq. Kəlbəcərdə iki fotoqraf vardı; Bahudur və Çingiz müəllim. Bütün camaatın şəkillərini onlar çəkərdilər. Atam onlara çəkdirdiyimiz fotolardan bəzilərini özüylə götürüb gəlmişdi. Deyirəm o iki fotoqraf olmasaydı, indi bu şəkillər də olmazdı. Kəlbəcərin ətrini atamgil bu şəkillərdən alır”.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm