Rauf Arifoğlu: “Bizim sayəmizdə mətbuat xarici qüvvələrin nəzarətinə keçmədi”– MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Rauf Arifoğlu: “Bizim sayəmizdə mətbuat xarici qüvvələrin nəzarətinə keçmədi”– MÜSAHİBƏ

Teleqraf.com bu günlərdə 26 yaşı olan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluyla müsahibəni təqdim edir:

– Rauf bəy, qəzetinizin 26 yaşının tamam olduğu bu günlərdə əhval-ruhiyyəniz necədir?
– Əhval-ruhiyyəm çox yaxşıdır, işgüzardır. Allah bizə bu xüsusiyyətləri bəxş edib: Zəhmətkeşlik, yorulmamaq, çalışmaq. Bu proses bizim əhvalımıza da təsir edir. Yəni 3 il, 5 il, 10 il bundan əvvəl hansı əhvaldaydıqsa, yenə o əhvaldayıq. Qəzet və onun mövcudluğu bizi daha çox işləməyə və hər zaman ayaqda, formada olmağa vadar edir.

– Arzuladığınız qəzeti çıxara bilirsinizmi?
– Təəssüf ki, arzuladığım qəzet modelini çıxara bilmirəm. Mümkün olanı edirəm, arzuladığım qəzet tamamilə fərqlidir. Həm ticari, həm də məzmun olaraq. Qəzeti istədiyim modelə salmaq üçün gərək insanlarımızda, ölkdə bir sıra şeylər dəyişsin. Onu gözləyə-gözləyə gedirik hələ.

– Ötən 26 ildə “Yeni Müsavat” məktəbinin nümayəndələri olaraq əsasən kimləri xatırlayırsınız?
– Yaşayan və dünyasını dəyişən dostlarımızı, yoldaşlarımızı xatırlayıram. Dünyasını dəyişən Alim Kazımlıya, Nərgiz Yaqubluya Allahdan rəhmət diləyirik. Sağ qalan həmkarlarımıza can sağlığı, böyük yaradıcılıq uğurları diləyirik. Qəzetimizin əməkdaşları hər il yenilənir, bu, “Yeni Müsavat” qəzetinin bir ənənəsidir. Bununla həm də kadr istehsalı missiyasını həyata keçirmiş oluruq. “Yeni Müsavat” çox imza yetişdirib, onların böyük əksəriyyəti hələ də bizimlə davam edir. Digərləri də ölkənin ayrı-ayrı saytlarında aparıcı sima – baş redaktor, redaktor, reportyor, müxbir kimi çalışırlar. Gözümüz hər zaman onların üzərindədir. Uğurlarına sevinirik, bəzən onların ayağına dəyən daşlar bizim ürəyimizə dəyir.

– Bəs bu illər ərzində itkiləriniz, qazanclarınız nədən ibarət oldu?
– İtkimiz odur ki, ömür, həyat gedir, ancaq biz hələ də arzuladığımız qəzet modelini qura bilməmişik. İstər torpaqlarımızın işğal olma səbəbindən, istər digər obyektiv və subyektiv səbəblərdən hələ də potensialımızı tam olaraq ortaya qoya bilməmişik. Eyni zamanda, bir sahibkar kimi deyirəm ki, malik olduğum kütləvi informasiya vasitələrinin qazanc dövriyyə potensialı milyonlarla manatla ölçülür, amma biz minlərlə manatla kifayətlənməli oluruq. Bu da həm həm obyektiv, həm də subyektiv səbəblərə bağlıdır.

Qazanclarımız böyükdür. Azərbaycan kimi yeni yaranmış bir ölkəyə cümhuriyyətin, respublikanın 24 yaşından daha böyük 26 yaşlı qəzet, sayt gətirmişik, çoxsaylı jurnalist kadrı vermişik. Bu sahə boş qalmayıb və bu sahəni doldurmaqda, kadr potensialı yetişdirib informasiya məkanına gətirməkdə az da olsa, rolumuz olub. Bu, bizim qazancımızdır, gələcəyə, ölkəmizin, türk dünyasının gələcəyinə qoyduğumuz yatırımdır. Bizim fədakar əməyimiz sayəsində Azərbaycanda çap mediası, o cümlədən, elektron media xaricilərin əlinə keçməyib. Məncə, ən böyük uğurumuz budur. Elə Avropa ölkələri var ki, onların mediasına başqa ölkə nəzarət edir. Bu da təhlükəsizlik baxımından heç də uyğun hal deyil. Bizdə belə bir fakt yoxdur və olmaması üçün xeyli əziyyət çəkmişik.

– Rauf bəy, 26 yaşa ölkənin ən çox oxunan qəzeti olaraq gəlib çıxmısınız. Qarşıda duran planlar və aşmalı olduğunuz maneələr hansılardır?
– Bizim planımız yaşamağı davam etdirməkdir. Gələn il bu vaxt yenə gənc jurnalistlərə müsahibə verməkdir. İmkan olduqca da böyüməkdir. İnformasiya məkanında daha böyük ölçüyə malik olmaq, daha çox imkanlara, qazanca sahib olmaqdır. Bu istiqamətdə hazır planlarımız var, şəraiti, mövcud durumu nəzərə alıb həyata keçirəcəyik.

– Dövlət başçısı Milli Mətbuat Günündə sizə böyük bir jest etdi. Tənqidi ruhlu bir qəzetin baş redaktoruna Əməkdar jurnalist adı verildi. Bunun qəzetinizin fəaliyyətinə hansısa təsiri oldumu?
– Ölkə prezidenti bundan əvvəl də mənim müəyyən çağırışlarıma, xahişlərimə reaksiya vermişdi. Mən dövlət başçısının toplantılardakı çıxışı zamanı gördüm ki, o, dünyanın və ölkənin çağdaş informasiya texnologiyaları haqqında geniş bilgiyə sahibdir. O, bizimlə mətbuatı necə görmək istədiyi haqqında fikirlərini bölüşdü. Ölkə prezidenti bəzi informasiyaları məhz bizim mediadan alır. Bu baxımdan mən rahatam və qəzetimizin rakursunu, ruhunu saxlayırıq. Mükafatdan sonra da qarşımıza heç bir öhdəlik qoyulmayıb. Prezident də başda olmaqla bütün oxuculara media orqanı kimi xidmət etmək bizim borcumuzdur.

– Sizə tənqidi yazıların azaldılması, yumşaldılması kimi təkliflər olurmu?
– Belə təkliflər yoxdur. Amma özümüz dövrə, zaman və vəziyyətə uyğun olaraq bunu tənzimləyirik. Mənim işlərimdən biri də budur ki, tənqidin də, tərifin də, xəbərin də, hər hansı bir sahənin, mövzunun da dozasını tənzimləyim. Bizim üçün əsas olan tənqid etmək deyil, hadisədir, xəbərdir. Bunu oxucuya daha yaxşı çatdırmaqdır. Kütləvi informasiya vasitəsinin cəmi bir neçə funksiyası var. Onlardan biri də məlumatlandırmaqdır. Bu məlumatı dünya standartlarına cavab verən bir şəkildə oxucuya təqdim etməkdir. O funksiyaların içində tənqid etmək yoxdur.

– Ömrünün yarıdan çoxunu jurnalistikaya həsr etmiş bir şəxs kimi, bu gün mediamızda ən böyük problemini nədə görürsünüz?
– Məncə, bu gün jurnalistikamızın əsas problemi reklam bazarının məhdud olmasıdır. Çünki pul olmayanda bu sahəyə keyfiyyətli kadrların axını da olmur. Əksinə, burdan axın baş verir. Reklam haqqında qanunumuz yararsızdır. Reklam bazarında vəziyyət bərbaddır. Tənzimlənmə lazımdır. Dövlət-bazar qaydalarına uyğun rəqabət baş verməlidir. Eyni zamanda, peşəkarlıqla bağlı problemlər var, bu, danılmazdır. Çalışırıq ki, bunları aradan qaldıraq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm