Krım tatarı Azərbaycan kəşfiyyatçılarına belə kömək etdi - Gizli tarix
Bizi izləyin

Bilgi.az

Krım tatarı Azərbaycan kəşfiyyatçılarına belə kömək etdi - Gizli tarix

Krım tatarı Azərbaycan kəşfiyyatçılarına belə kömək etdi

(Yazının əvvəli ilə bursa tanış olun: Monqollar Avropaya xırdalıqlarına qədər bələd idilər - Gizli tarixhttp://publika.az/p/11245​ )

Tarixin erkən dövrlərində Azərbaycanda kəşfiyyat fəaliyyətinin təşəkkülünü göstərmək rəsmi materialların yoxluğu ucbatından çox çətindir. Üstəlik, bu cür təşkilatlar öz işlərinin məxfiliyini qorumaqda maraqlıdırlar.

Bununla belə, tapılan sənədlər əsasında qeyd etmək olar ki, 1918-ci ildə ölkəmiz müstəqillik qazanandan sonra ADR-in dövlət aparatında milli kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinin yaradılması ilə bağlı işlərə başlanıldı. Bu elə bir dövr idi ki, aparıcı dövlətlərin xüsusi xidmət orqanlarında xaricdə kəşfiyyat işilə daxili təhlükəsizliy­in tə‘minat tədbirləri arasında strukturca ayrılma prosesi başa çatırdı. Böyük dövlətlər bu məqsədlə ayrı-ayrı xidmətlər yaradırdılar. Kəşfiyyat və daxili təhlükəsizlik orqanlarının vəzifələri bir-birindən fərqlənirdi.

Azərbaycanın ətrafındakı geosiyasi vəziyyət və daxili əməliyyat şəraiti xüsusi xidmət orqanlarının işində hər iki istiqaməti yaratmağa məcbur edirdi.

Hərbi və mülki mütəxəssislər bu məqsədlə Azərbaycanda müxtəlif hakimiyyət institutlarını, o cümlədən XİN, DİN və Hərbi Nazirliyi işə cəlb etməklə kəşfiyyat sisteminin təşkilində iştirak etdilər. Onların arasında görkəmli Azərbaycan sərkərdəsi, böyük döyüş yolu keçmiş, Azər­bay­ca­nın ilk hərbi nazirlərindən biri və hərbi quruculuq sahəsində əvəzsiz xidmətləri olmuş, general Səməd bəy Mehmandarov­un rolunu xüsusi qeyd etmək lazımdır.

Denikinin və bolşeviklərin simasında rus ordusu təhlükəsi ilk növbədə belə xidmətin yaradılmasında hərbi aspektlərə əsas diqqət yetirməyi, belə bir informasiyanın toplanma­sın­dan ötrü isə məs’uliyyəti hərbi qurumlara tapşırmağı tələb edirdi. Məhz büna görə də Azər­bay­can­da Baş qərar­ga­hın nəzdində hərbi kəşfiyyat və əks-kəşfiyyat orqanı yaradıldı.

1919-cu il mar­tın 28-də artil­le­riya generalı, hər­bi nazir Səməd bəy Meh­man­daro­vun və Baş Qərar­gah rəisi Məmməd bəy Sulkeviçin( o, mənşəcə Krım tatarıdır-red.) imza­­ladıqları 157 say­­lı əmrlə general kvartirmeyster şö‘­bə­­sində kəşfiy­yat və əks-kəş­fiy­yat bölməsi yara­dıl­dı.

"Bu il mart ayı­nın 26-da Baş Qə­rar­gahın Baş İda­rəsi yaradılıb. Ge­ne­ral kvartirmeys­ter şö`bəsi aşağıda­kı bölmələr­dən ya­­ra­­dılsın:

1. Əməliyyat - səfərbərlik;

2. Nizami və he­­sabat;

3. Kəşfiyyat və əks-kəşfiyyat;

4. Rabitə xid­məti". (Azərbaycan Respublikası Baş Arxivlər İdarəsi, fond 2894 s, siyahı 1, iş 4, v.12).

Bu əmr veriləndən sonra hərbçilər və digər mütəxəssislər kəşfiyyat və əks-kəşfiyyat şö’­bə­si­nin komp­lekt­ləş­di­ril­mə­si­nə, eləcə də əsas fəaliyyət isti­qamət­lə­ri­nin müəy­yənləş­diril­mə­si­nə dair müəyyən işlər gördülər. 1919-cu il ap­re­lin 2-də Nazirlər Şurası sədrinin adına gön­dər­diyi məktubda general S.Meh­mandarov xüsusi xidmətin ayrılması zəru­rə­ti haqqında fikirlərini ya­zırdı. Onun fikrincə, in­for­masiyanın yığıl­ma­sı, xaricdə hərbi xəfiyyə sisteminin yaradılması və casuslarla mübari­zəyə dair kompleks təd­bir­lər görülməli idi.

S.Mehmandarov ya­zırdı: "Baş Qərargahın fəaliyyət təcrübəsi göstərdi ki, daxili təsərrüfat məsələləri, xidmətlər, qoşunların məişət və xid­­­mət tələbatının tə’­min edilməsi ilə bərabər cari qayğılarla birlikdə müharibəyə hazırlıq mü­lahizələrinə dair məsələləri eyni idarədə cəmləşdirmək qeyri-mümkündür. Baş Qərargahın işlə yüklənməsi qoşunların döyüş hazırlığı ilə bağlı bir çox tə’xirəsalınmaz məsələlərin yerinə yetirilməsini ləngidir. Baş Qərargahın hissələrinin qərargahın səlahiy­yətindən çıxması isə lazımi hazırlanmış şəxslərin hərbi nazirliyin ixtiyarına verilməsini çətinləşdirdi. İndi isə general-leytenant Məmməd bəy Sulkeviçin Baş Qərargaha gəlişindən sonra Baş Qərargahın Baş İdarəsinin yaradılmasını ona həvalə etmək mümkün olub. Üç bölmədən ibarət mövcud general kvartirmeyster şö’bəsinin həmin idarəyə daxil edilməsi mümkündür..." (Azərbaycan Respub­li­kası Baş Arxivlər İdarəsi, fond 2894, op.1, i.26, v.3).

Bölmələr arasında kəşfiyyat bölməsinin də adı çəkilir. S.Mehmandarovun fikrincə, bu bölmənin vəzifəsi belə olmalı idi: "Labüd rəqiblər haqqında mə’lumatın toplanması, xaricdə hərbi kəşfiyyat, ölkə daxilində casusluqla mübarizə". Sənəddə qeyd edilir ki, belə bir xidmətin yaradılması "Azərbaycan Respublikasının gənc ordusunun döyüş qabiliyyətinin yüksəlməsinə" xidmət edəcək (Azərbaycan Respublikası Baş Arxivlər İdarəsi, fond 2894 s, siyahı 1, iş 26, v.3).

ADR xüsusi xidmətinin yaradılması prosesində hərbçilər və digər dövlət xadimləri xarici ölkələrin çoxillik təcrü­bə­sin­dən istifadə etməyə çalışırdılar. Baş Qərargah rəisi, general Məmməd bəy Sulkeviçin 1919-cu ilin martında Gəncədən Azərbaycan Respublikası Hərbi nazirinin adına yazdığı mə’lumatda oxuyuruq: "Nəinki rus, həm də Avropa ordusu­nun təcrübəsi müharibəyə hazırlıq, xüsusi orqanların yaradılması ilə bağlı mülahizələrin araşdırılmasına dair bütün məsələlərin zəruri olduğunu göstərdi. Rusiyada bu cür orqan Baş Qərargahın Baş İdarəsi, Almaniyada - General stab, Fransada - Grand etatmayor de i’armee və i.a. sayılır" (Azərbaycan Respublikası Baş Arxivlər İdarəsi, fond 2894 s, siyahı 1, iş 26, v.3).

Baş Qərargahın Baş idarəsinin ən mühüm şö’bələrindən biri - kəşfiyyat şö’bəsinin yaradılması idi. Sənəddə onun vəzifələri də göstərilirdi.

Beləliklə, xüsusi xidmət orqanı əvvəlcə respublika Hərbi Nazirliyinin nəzdində yaradıldı. Lakin hərbi idarə çərçi­və­sin­də işləyən bu struktur öz işini yalnız Azərbaycanın təhlükəsiz­liyinin hərbi aspektlərilə məhdudlaşdırırdı.

Əks-kəşfiyyatın strukturca bir nazirlikdə yaradılması, eləcə də bu sahə üzrə orada mütəxəssislərin yoxluğu ictimai-siyasi fəaliyyətin bir çox sahələrində əks-kəşfiyyat fəaliyyətini genişləndirməyə imkan vermirdi.

Bu vəziyyətə tənqidi yanaşan general S.Mehmandarov yazırdı: "Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir, bolşevizmlə mübarizə ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ bilməz. Rus ordusunun dairə qərargahlarında əks-kəşfiyyat təcrübəsi göstərdi ki, hətta xeyli pul buraxıldıqda belə təcrübəli icraçılar və axtarışla bağlı xüsusi bacarıq tələb edən bu cür mürəkkəb və incə işi qaydaya salmaq hərbi idarənin hünəri deyil..." (Azərbaycan Respublikası Baş Arxivlər İdarəsi, fond 2894 s, siyahı 1, iş 26, v.4).

Bununla yanaşı, hökumətin strateji cəhətdən bir sıra mühüm obyektlər: Bakı dəniz limanı, polis və s. üzərində nəzarətinin yoxluğu da belə geniş fəaliyyət sahələrinə malik xidmətlərin yaradılmasının qeyri-mümkünlüyünə səbəb oldu.

Azərbaycan hökumətinin ölkənin ictimai-siyasi həyatında mövqeyinin möhkəmlənməsi dövlətin əks-kəşfiyyat fəaliy­yətini genişlən­dirməyə imkan verdi. 1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin bütün strukturları Azərbaycan hökumətinin ixtiyarına keçəndən sonra mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin müzakirəsi mümkünləşdi.

Bu vaxtadək Denikin ordusunun Azərbaycan və Gürcüstan tərəfə irəliləyişi güclənirdi. Müstəqilliyin itirilmə təhlükəsi reallaşırdı. Ona görə də 1919-cu il iyunun 9-da parlamentin qərarına əsasən Azərbaycan hökuməti dövlətin müdafiəsinə dair xüsusi orqan - Dövlət Müdafiə Komitəsi (DMK) tə’sis etmək haqqında qərar verdi. Nazirlər Sovetinin sədri, harbi nazir, nəqliyyat naziri, xarici işlər və ədliyyə nazirləri bu komitəyə daxil oldular (Azərbaycan Respublikası Baş Arxivlər İdarəsi, fond 100, siyahı 1, iş 26, v.149).

Əksinqilab ilə mübarizə təşkilatı

1919-cu il iyunun 11-də DMK Azərbaycanın bütün ərazisində hərbi vəziyyət e’lan etdi. Həmin günlərdəcə parlament səs çoxluğu ilə "Əksinqilab ilə mübarizə təşki­la­tı"­nın (ƏMT) yaradılması haqqında qərar qəbul etdi.

Beləliklə, Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı yaradıldı.

ƏMT-nin məşğul olduğu məsələlərlə və səlahiyyət dairəsinə bir qədər sonra nəzər salacağıq. Yalnız onu qeyd edək ki, hərbi Nazirliyin Baş Qərargahının Baş idarəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsinin əks-kəşfiyyat fəaliyyəti onun tabeliyindən çıxarılaraq ƏMT-yə tapşırıldı.

Yalnız hərbi kəşfiyyatla məşğul olan bölmə hərbi idarənin ixtiyarında qaldı. Hərbi əks-kəşfiyyatın funksiyaları isə ƏMT-yə verildi. Bu barədə Baş Qərargahın Baş idarəsindən 1919-cu il iyulun 27-də ƏMT rəisinin adına göndərilən "məxfi" qrifli 3421 saylı məktub da dediklərimizi sübuta yetirir: "Pol" ləqəbli agentimizdən aldığımız mə’lumatlar əsasında toplanmış bir nömrəli raportu sizə göndərərək xəbər verirəm ki, əks-kəşfiyyat tamamilə sizin ixtiyarınıza keçəndən sonra adı çəkilən agent Sizə göndəriləcək, əgər lazım bilsəniz, ondan istifadə edərsiniz" (Azərbaycan Respublikası Baş Arxivlər İdarəsi, fond 1052, siyahı 2, iş 3, v.33).

Hərbi idarə, o cümlədən Baş Qərargahın Baş idarəsi yeni yaradılmış Əksinqilab ilə Mübarizə Təşkilatının informasi­yasından istifadə etdi. Bu barədə həmin idarənin ƏMT-yə adı çəkilən məktubunda da xahiş edilirdi: "Mənə e’tibar edilmiş idarədə əks-kəşfiyyat şö’bəsinin olmadığını nəzərə alaraq Sizdən xahiş edirəm ki, hərbi xarakterli bütün mə’lumatları mənə göndərəsiniz" (Azərbaycan Respublikası Baş Arxivlər İdarəsi, fond 1052, siyahı 2, iş 3).

Hərbi Nazirliyin kəşfiyyat bölməsilə ƏMT arasında sıx əməkdaşlıq qaydaya düşürdü. Tərəflərin hər biri xüsusi xidmət orqanlarının qarşısında duran iki əsas istiqaməti: kəşfiyyat və əks-kəşfiyyatı təmsil edirdi.

Hərbi Nazirlik əks-kəşfiyyat tədbirlərində əhəmiyyəti olan kəşfiyyat xarakterli mə’lumatları ƏMT-yə göndərirdi: "Məxfi. 29 noyabr 1919-cu il tarixli 5149/r saylı. Əks-kəşfiyyatın rəisinə. Bizim kəşfiyyatın agentinin verdiyi mə’lumata görə bu günlərdə Petrovskdən Bakıya Denikinin tərəfdaşı olan Murtuz Əli Gelinski adlı bir nəfər gəlib. Xahiş edirəm ki, adı çəkilən şəxsi izləyib, nəticəsini xəbər verəsiniz... Baş Qə­rar­gah" (Azər­bay­can Respublikası Baş Arxivlər İda­rə­si, fond 1052, siyahı 2, iş 3, v.33).

ƏMT-nin ilk rəi­si, parlamentin üzvü Məmmədbağır Şeyx­zamanlı (1880-1920) olub. O, əməliyyat işini təşkil etməklə yana­şı, inzibati bina, av­to­mobil, büdcə ay­rıl­ması, digər təş­ki­la­ti və təsərrüfat işlərinin gö­rü­l­mə­sin­də fəal iştirak edib. M.Şeyx­za­ma­nlının Bakı bələdiyyə rəisi Q.Ə.Qudiyevin adına göndərdiyi mək­tub indiyədək qalır: "Zati-aliləri Quda Ali­ye­viç. İyun ayının ilk günlərində xarici təh­lükəni nəzərə alaraq əks-kəşfiyyatla mü­ba­ri­zə təşkil edilən za­man­larda Müdafiə Ko­mi­təsi məni bu işi apar­mağa də’vət etmişdi. Hələ Siz Bakı po­lis­mey­steri olan vaxtda Sizdən xahiş etmişdim ki, avtomobil... ayı­ra­sı­nız... O zaman bil­dir­miş­dim ki, mənim xa­hi­şim ə’lahəzrət Na­zir­lər Şurası və Dövlət Müdafiə Komitəsinin sədri Yusifbəyovun icazəsinə əsaslanır..." (Azərbaycan Respublikası Baş Arxivlər İdarəsi, fond 1052, siyahı 1, iş 2, v.5).

ƏMT-ni Dövlət Müdafiə Komitəsi maliyyələşdirirdi. Bunu DMK işlər müdirinin ƏMT rəisinin adına göndərdiyi 21 iyul 1919-cu il tarixli 129 saylı məktub da sübuta yetirir: "Ötən ay üçün təşkilat işçilərin əmək haqqını ödəməkdən ötrü Sizə 100 min rubl ayrılması barədə verdiyiniz vəsatət əsasında Dövlət Müdafiə Komitəsi cari ilin 20 iyul tarixli qərarına əsasən göstərdiyiniz məqsəd üçün 100 min manat məbləğin­də avansı Sizin ixtiyarınıza vermək barədə qərar qəbul edib" (Azərbaycan Respublikası Baş Arxivlər İdarəsi, fond 1052, siyahı 1, iş 2, v.5).

1919-cu il avqustun 20-də DMK M.Şeyxzamanlının ərizəsinə əsasən, onu vəzifəsindən azad edərək onun kiçik qardaşı Nağı Şeyxzamanlını (1883-1967) ƏMT-nin rəisi tə’yin etdi. Məmmədbağır Şeyxzamanlı isə ADR parla­mentin­də öz siyasi fəaliyyətini davam etdirdi.

ƏMT aparatı çox çətinliklə qurulurdu. N.Şeyxzamanlı 1964-cü ildə Türkiyədə dərc edilmiş xati­rə­lə­rin­də yazırdı ki, şəxsi hey’ətin "üçdə ikisi Mü­sa­vat Partiyası nüma­yən­dələrin­dən, üçdə biri isə Hümmət Par­ti­ya­sı üzvlərindən ibarət olmalı idi".

ƏMT rəhbərliyinin də partiya mən­su­biy­yə­ti­nə görə tə’yin edil­mə­si qərara alınımışdı. N.Şeyx­zamanlının xa­ti­rə­lərində oxuyuruq: "Təş­kilatın başında mü­sa­vatçı, onun müavini isə Hümmət Partiyasının sədri olmalıydı" (Şeyx­za­manlı Nağı "Azər­bay­canın is­tiqlal mücadiləsinin xatirələri", İstambul, 1964).

İlkin mərhələdə ƏMT-nin kom­plekt­­ləşməsi partiya prin­­­sipilə aparılırdı. ƏMT-nin hər iki rə­i­si (Məm­məd­bağır və Nağı Şeyxzamanlı qardaş­la­rı) Mü­sa­vatı təmsil edir­dilər. ƏMT rəis mü­avini, yə’ni təşki­lat­­da ikinci şəxs Hüm­mət Partiyasının üz­vü Mir­fət­tah Musə­vi idi. Onu da de­yək ki, ƏMT rəh­bər­li­yi Döv­lət Mü­dafiə Ko­mitəsinin qə­ra­rı ilə tə’yin edilirdi.

Lakin hö­ku­mət böh­­ran­­ları, par­lam­ent­də müx­təlif par­ti­yalar arasında siyasi müba­rizə təşkilatın işinin sə­mə­rəli­li­yi­nə mənfi tə’sir göstərirdi. ƏMT-dəki mürəkkəb vəziy­yəti sovet dövründə həbs olunmuş sabiq ƏMT əməkdaşlarının işi üzrə müttəhim və şahidlərin dindirmə protokolları sübuta ye­tirir (AR MTN-nin arxivi, PR-39509):

"İlk vaxtlar Müsa­vat əks-kəşfiyyatına bolşevik parti­ya­sın­dan da daxil olanlar var idi. Bolşeviklərin MK-sı müsavat əks-kəşfiyyatının işindən xəbərdar olmaq məqsədilə təşkilatda işləmək üçün bir sıra səbatlı üzvlərini irəli sürmüşdü. Müsavat əks-kəşfiy­yatçılarının çoxu, bir qayda olaraq, Müsavat Partiyasına sədaqətli adamlar idilər. Onlar iş prosesində öz tə’yinatlarını tamamilə doğrultdular. AKP MK-dan olan yoldaşlarının hər bir hərəkətinə göz qo­yur və bu məqsədlə hər bolşevikə bir əks-kəş­fiy­yatçı Müsavat üzvü təhkim edirdilər...".

"Azərbaycan Kom­munist Partiyası MK-nın (gizli) qərarı ilə Müsa­vat əks-kəşfiyyatına 17 nəfər daxil oldu. Əks-kəşfiyyatda Hümmətçi bolşevikləri tək rə­qəm­lə, müsa­vat­çı­la­rı isə cüt nömrələyirdilər".

"Müsavatçılar kom­munistlərə işləyənləri tanıyır, onları gözdən qoymur, hər bir hərə­kətlərini və addımlarını izləyərək diqqətdən qa­çır­mırdılar".

Əgər ilkin mərhələdə ƏMT əsasən Denikin emissarlarına qarşı işləyirdisə və bu işdə hümmətçilərin siyasi tapşırıqları onlarınkı ilə uyğun gəlirdisə, sonradan ƏMT bolşevik təhlükəsinə qarşı ən fəal tədbirlərə əl atdı. Buna görə də ƏMT aparatının kadr tərkibi də təmizləndi.

1919-cu il 5 sentyabrda Mirfəttah Müsəvi qətlə yeti­riləndən sonra noyabrın 15-də Mahmud Səfikürdski ƏMT rəisinin müavini tə’yin edildi.

1920-ci ilin mar­tında əv­­vəlki hey’­­ət­dən ƏMT-də 10 nə­fər işçi qalmışdı. İşə yalnız namizədin şəxsi keyfiyyətləri, eləcə də ADR-in vəzi­fəli şəxslə­ri­n­in töv­siyə­lərilə qəbul edirdilər:

Zati-ali­ləri, əks-kəş­fiyyat rəisinə Mirzə Baba Sadıqovdan

Xahişnamə

Gənc Azər­baycan Respublikası hökumətinə qəlbən xidmət etmək istədiyimə görə, möhtərəm zati-alinizdən məni kəşfiyyatda agent vəzifəsində işləmək şərəfinə layiq bilmənizi rica edirəm. Güman edirəm ki, xahişimi rədd etməyəcəksiniz. Zati-alinizin e’timadını doğruldaraq öz Vətənimin rifahı naminə faydalı olduğumu göstərməyi bacararam.

Azərbaycan dəmir yolu dördüncü sahəsinin mühafizə rəisinin tövsiyyəsi əlavə olunur.

Bakı şəhəri, 22 iyul 1919-cu il.

"Xahişnamə"yə Azərbaycan dəmiryolu dördüncü sa­hə­si­nin mühafizə rəisi F.İbrahimovun 3311 saylı blankda 22 iyul 1919-cu il tarixli rəsmi məktubu da əlavə edilib: "Cənab rəis. Bunu təqdim edən çevik, işgüzar və savadlı adam olan Mirzə Baba Sadıqovu ancaq yaxşı tərəfdən tanıyıram. Vətənin rifahı naminə faydalı adam kimi tövsiyə edirəm və ümidvaram ki, ona bir iş verəcəksiniz... Bundan ötrü Sizə minnətdar olaram" (AR MTN-nin arxivi, PR-39509).

Düz bir ay iyirmi gündən sonra ƏMT rəisi N.Şeyxzamanlı dərkənar qoydu: "1919-cu il sentyabrın 10-dan işə götü­rül­sün". Bu dərkənara əsasən əmr verildi: "Mirzə Baba Sadıqov 1919-cu il sentyabrın 10-dan Əksinqilab ilə Mübarizə Təşkilatının agenti tə’yin edilir" (AR MTN-nin arxivi, PR-39509).

Əməliyyat hey’əti agent və baş agent vəzifələrindən ibarət idi. İlk aylar təşkilatda cəmi 19 nəfər çalışırdı. (16 agent və 3 baş agent). Sonradan əməliyyat hey’əti 27 nəfərədək (25 agent və 2 baş agent) artdı. 1920-ci ilin əvvəllərində Bakının 7 rayonunda ƏMT-nin rayon bölmələri yaradılmışdı.

Əksinqilab ilə Mübarizə Təşkilatının fəaliyyət strukturu

ƏMT-nin rəisi Rəisin köməkçisi

Dəftərxana

Agentura işi Senzura işi

Maliyyə xidməti Texniki işçilər

1938-ci ildə Azərbaycan Döv­lət Siyasi İda­rəsinin həbs etdiyi ƏMT əmək­daş­ların­dan biri istin­taq­da həmin dövr haqqında belə danışırdı: "Bakı şəhərinin spe­si­fi­kasını nəzərə alaraq (sənaye rayonları da­ğı­nıq olduğu üçün əhalinin və fəh­lə­lərin çox qis­mi həmin rayon­lar­da yaşayırdı; o cümlədən, Fab­rik-zavod ra­yonunda 30 min nəfər, Ba­la­xa­nı-Sabunçu ra­yo­nunda 70 min nəfər ya­şa­yır­dı), müsavat əks-kəşfiyyatı hər bir fəhlə rayonunda əks-kəşfiyat bölməsi təşkil edirdi" (AR MTN-nin arxivi, PR-39509).

ƏMT-nin rayon bölmələrinə əsasən təşkilatın mərkəzi aparatının əməkdaşları - Seyfulla Əzimzadə, İslam Əliyev, Məmməd Hacızadə, Məmmədtağı Dadaşov, Qasım İsmayılov, Qəmbər Tahirov rəhbərlik edirdilər.

Aparata dəftərxana direktoru, xəfiyyə işləri üzrə rəis, senzura işi üzrə rəis, kargüzar köməkçisi, mühasib, məktub daşıyanlar, gözətçilər də daxil idilər.

(Ardı var)

Məmməd Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm