Prezidenti ölümdən qurtaran işbaz, diplomlu milyarderləri müflis edən diplomsuz Pinokkio - MİLYONÇU
Bizi izləyin

Milyonçu

Prezidenti ölümdən qurtaran işbaz, diplomlu milyarderləri müflis edən diplomsuz Pinokkio - MİLYONÇU

Kasıb olması və buna görə sinif yoldaşlarının istehzası ilə qarşılaşması səbəbindən məktəbi yarımçıq buraxıb. Necə varlandığı heç kəsə bəlli deyil. Bu səbəbdən də haqqında miflər dolaşır. Bəziləri onun pulunun qaynağının silah alveri, bəziləri isə narkotik ticarəti olduğunu iddia edir. 27 yaşında şirkət quran bu şəxsin adı biznesin bütün sahələrində var. Söhbət fransız iş adamı, “Pinault-Printemps-Redoute” şirkətinin yaradıcısı Fransua Pinodan gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində bu qəribə insanı tanıdır.

Kasıblığından utanıb məktəbi atdı...

Fransua Pino 1936-cı ildə Fransada anadan olub. Meşəbəyi olan atası ailəsinin dolanışığını güclə təmin edirmiş. Bununla belə, oğlunun yüksək təhsil almasını istəyirmiş. Pino isə əksinə, işləməyi xoşlayırdı, məktəbə getmək ona cəlbedici görünmürdü. Digər tərəfdən, sinif yoldaşları onun kasıb həyatına lağ edirdilər. Bu səbəblərdən Fransua 16 yaşında məktəbi atdı. Uzun illər sonra hərəkətini belə izah edirdi: “Diploma nifrət edirəm. Oxuyub aldığım yeganə rəsmi sənəd sürücülük vəsiqəsidir”.

F.Pinonun qəribəlikləri bununla bitmir. Varlanmaq istəyinə baxmayaraq, gəncliyində onun stabil iş yeri olmur. Müəyyən müddət Parisdə, Bretanda təsadüfi, güngəlik qazanc gətirən işlərlə məşğul olur. Bu avaraçılığı yaxınları ilə münasibətlərinin gərginləşməsinə gətirib çıxarır. Pino isə bircə şeyi dəqiqləşdirir – o hər şeydə yalnız və yalnız özünə güvənməlidir.

Kasıb gedib, varlı qayıtdı...

Ölkəsində varlanmağın çətin olduğunu görüb, o zaman Fransanın müstəmləkəsi olan Əlcəzairə üz tutur. Lakin Pino Əlcəzairə ayaq basar-basmaz ölkədə müstəqillik uğrunda müharibə başlayır. Gələcəyin milyarderinin həmin vaxtlar orada hansı işlərlə məşgul olduğu bəlli deyil. Bəziləri onun silah, bəziləri narkotik ticarəti apardığını iddia edir. Sadəcə, o məlumdur ki, Pino Əlcəzairdən əlində yaxşı pulla və başqa bir adam kimi qayıdır. Belə ki, artıq özünə güvənir, nə ilə məşğul olmaq istədiyini bilirdi.

Və 27 yaşında öz soyadını verdiyi “Pinault Group” şirkətini yaradır. Şirkət ağac ticarəti ilə məşğul olurdu. Həmin günləri xatırlayan Pino hətta zarafatla belə deyirdi: “Ağac biznesilə məşğul olmağı Allah mənə rəva gördü. Çünki mənim soyadım da odunçudur”.

Məlimat üçün bildirək ki, fransız dilində “pin” odun deməkdir.

Jak Şirakı ölümdən qurtardı...

F.Pinonun uğurlarının səbəbi kimi həm də intuisiyasının güclü olması göstərilir. Məsələn, 1973-cü ildə o, gözlənilmədiyi halda şirkətini birjada 30 milyon dollara satır. Bir il sonra isə onu satdığı qiymətdən 5 milyon dollar ucuzuna geri alır.

Bundan başqa, birdən-birə siyasətlə maraqlanaraq perspektivli siyasətçi olan Jak Şirakla dostlaşır. 1976-cı ildə isə Şirakın həyatını xilas etməklə özünə biznesdə dayaq qazanır. Belə ki, o zaman baş nazir olan Şirak qatarla işgüzar səfərə getməyi planlayırmış. Pino öz intuisiyasına inanıb ona qatara minməməyi məsləhət görür. Şirak o qatara minmir və qatar terroristlər tərəfindən partladılır. Dostuna qulaq asan Şirak sağ qalır. Pino da əvəzində biznesində böyük uğurlara imza atmağa başlayır.

Macəra axtaran meşəbəyi oğlu 1988-ci ildə orta sahibkara çevrilir. Və çoxdankı arzusunu –milyarder olmaq arzusunu reallaşdırmağa qərar verir.

İlk milyardı necə qazandı?

Fransua tezliklə Paris birjasında uğurlu brokerə çevrilir. Bir şirkəti alıb, digərini satmağa başlayır. Onun birjadakı spekulyasiyaları hər dəfə uğurla bitir. 1989-cu ildə Franko-Afrika Ticarət İttifaqının rəhbəri onu kapitalda iştiraka dəvət etdikdən sonra isə qaz vurub qazan doldurur. Franko-Afrika Ticarət İttifaqının tərkibində “Pinault Group” Afrikaya elekton məhsulların ixracını həyata keçirməyə başlayır.

Pinonun bəxti daha bir əməkdaşlıqda gətirir. Belə ki, 1991-ci ildə dövlət bankı “Credit Lyonnais” Amerikanın sığorta şirkəti “Executive Life”ı satın almaq istəyir. Lakin həmin vaxt ABŞ qanunları bankların sığorta şirkətinin səhmlərinin 25 faizindən artığına sahiblənməsinə icazə vermədiyindən, “Credit Lyonnais” fransız şirkətlərinin üzərindən “Executive Life”ı almağa qərar verir. Şirak sayəsində Pinonun şirkəti də seçilmişlərdən olur. “Credit Lyonnais” “Executive Life”ı satın aldıqdan sonra vasitəçilər sığorta şirkətinin balansındakı qiymətli kağızlarla mükafatlandırılırlar.

Müxtəlif qiymətləndirmələrə görə, bu sövdələşmədən Pino 1-2 milard dollar arasında qazanc götürüb. Bu pul onun imperiyasını daha da güclənidirib.

ABŞ höküməti isə fırıldaqdan yeddi il sonra xəbər tutub. Məhkəmə orqanları Pino ilə 5 il mübarizə apararaq onu güclə 185 milyon ödəməyə razı salıblar.

Yeri gəlmişkən, Jak Şirak son ana qədər dostunun maraqlarını müdafiə edib.

15 milyarda aparan yol...

Bildirdiyimiz kimi, 1991-ci ildə milyard qazanan F.Pino ilk pərakəndə ticarət zənciri olan “Conforama”nı satın alıb. Dörd il sonra isə Parisin böyük alış-veriş mərkəzi “Printemps”i əldə edib. 1994-cü ildə “La Redoute”pərakəndə ticarət şəbəkəsinə və “Fnac” kitab mağazaları zəncirinə sahiblənib. Aldığı şirkətləri “Pinault-Printemps-Redoute” (PPR) adı altında birləşdirib.

İş adamının şirkət “kolleksiyası” yuxarıda sadalananlarla məhdudlaşmayıb. O, yeni-yeni biznes sahələrini istila etməkdə davam edib. Corab fabriki “Orcanta”nı, dərman şirkəti “SCOA”nı, poçt şirkəti “Ellos”u, ofis məhsullarının ticarəti ilə məşğul olan “Guilbert” və “Niceday”i öz qrupunun tərkibinə qatıb.

Pinonun görməmişliyi xalq arasında “Pino 25 illik ağac ticarətinin intiqamını alır” kimi zarafatlara yol açıb. Özü isə bu haqda belə deyirdi: “Rəqiblərim ya özləri ölməlidir, ya da onları yeyəcəm”.

Doğurdan da belə də olur. Getdikcə varlanan Pino əksər biznesmenlər kimi aristokratların dünyasına qədəm qoyur. Dəb biznesinə, incəsənətə doğru istiqamət götürür. 1998-ci ildə bazarın çöküşündən istifadə edib “Christie’s” Hərrac Evini satın alır. 1999-cu ildə İtaliyanın məşhur moda evi “Gucci Group”u və Fransanın “ Yves Saint Laurent” şirkətini əldə edir. Bununla da kifayətlənmir. “Sergio Rossi”, “Boucheron”, “Bottega Veneta”, “Bedat & Co”, “Alexander McQueen”, “Stella McCartney”, “Balenciaga” və “Puma” kimi markaları ələ keçirir.

Məşhur geyim və aksessuar kataloqu olan “Redcats”ın (“La Redoute”, “Ellos”, “Empire”, “Brylane”, “Cyrillus”, “Vertbaudet”, “Somewhere”, “Daxon”, “Edmee”, “Celaia”, “La Maison de Valerie,” “Josefssons” kimi markalar daxildir) əsas səhmdarı olur.

Onu da qeyd edək ki, F.Pino aldığı hər bir şirkətdə struktur dəyişiklikləri apararaq rəhbər vəzifələrə öz adamlarını yerləşdirməklə məşhurdur.

Bir zamanlar kasıb olduğu üçün məktəb yoldaşlarından utanan F.Pino Fransanın ən varlı vətəndaşlarından olmağı bacarır. İndi onun sərvətinin həcmi 15 milyard dollar səviyyəsində qiymətləndirilir.

Qoca fransız 2003-cü ildə öz postunu oğlu Fransua Anriyə təhvil verib. Özü isə şərab evinin idarəçiliyi ilə məşğul olur.

Ailəsi

O, bir çox iş adamları kimi mediadan qaçır. Buna görə şəxsi həyatı haqqında məlumatlar elə də geniş deyil. Sadəcə, o bəllidir ki, Fransua Pino evlidir və dörd övladı var.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm