Ankara üçün son şans: “Bordo bereli”lər türkmanları qoruya bilməsə...
Bizi izləyin

Dünya

Ankara üçün son şans: “Bordo bereli”lər türkmanları qoruya bilməsə...

Suriyada Bəşər Əsəd ordusunun Rusiyanın dəstəyi ilə türkmanların yaşadığı Bayırbucaq bölgəsinə qarşı hücumları davam edir.

Publika.az türkman mənbələrinə istinadən xəbər verir ki, əsas hədəf nöqtələri türkmanların kompakt yaşadığı Derhanne, Qızıldağ və Fırınlık kəndləridir. Əsəd ordusunun və Rusiya döyüş təyyarələrinin havadan və qurudan sivil vətəndaşlara da hücum etdiyi deyilir. Son 3 gün ərzində hücumlar daha da şiddətlənib. Yerli mənbələr dünəndən bu günə qədər Qızıldağ kəndində silahlı qarşıdurmanın gücləndiyini bildirirlər. Son məlumatlara görə, Gimam, 45 Təpəsi, Zuveyk kəndi, Acısu Kavşağı və Qızıldağın bir hissəsi Əsəd ordusunun əlinə keçib.

Əsəd ordusu hansı bölgələri işğal etmək istəyir?

Türkiyə sərhədindən 5 kilometr məsafədə yerləşən Qızıldağ Bayırbucaq bölgəsində ən yüksək mövqe olduğu üçün strateji əhəmiyyətə malikdir. Əsəd ordusunun bu mövqeyi ələ keçirəcəyi təqdirdə bölgədəki 10 türkman kəndini top atəşi ilə vura bilər. Əsəd ordusunun hədəfindəki digər nöqtə isə Acısu bölgəsidir. Bura türkman silahlı birliklərinin qərb qismi ilə şimal xəttindəki son nöqtəsidir. Qızıldağ və cənubdakı 45 Təpəsi ilə birlikdə üçbucaq formada olan bölgə Əsəd ordusu üçün strateji və həyati əhəmiyyət kəsb edir. Türkman Dağının cənub xəttindəki Gımamla yanaşı, digər önəmli nöqtə Zuveyk kəndidir. Yerli mənbələr bu kəndin artıq Əsəd ordusu tərəfindən ələ keçirildiyini deyir. Əsəd ordusu Zuveyk kəndindən şimalda yerləşən Burc Keseb nöqtəsinə doğru irəliləyərək, Türkman Dağı ilə Cebel Ekrad arasındakı bağlantını kəsə və Türkman Dağını işğal edə bilər.

Türkman Dağı işğal olunmayıb

Dünən yayılan məlumatlara görə, Türkman Dağı artıq işğal olunub. Lakin bu məlumat sonradan təsdiq olunmadı.

Suriya Türkman Məclisinin rəhbəri Abdurrahman Muastafa da Publika.az-a açıqlamasında məlumatın yalan olduğunu bildirib. Qeyd edib ki, türkman birlikləri hazırda Türkman Dağında Əsəd ordusuna qarşı qəhrəmancasına döyüşürlər.

Sivil türkmanlar evlərini tərk edir

A. Mustafa Qızıldağın bir hissəsinin işğal edilməsi ilə bağlı yayılan informasiyaların da doğru olmadığını diqqətə çatdırıb: “Hər şey türkman birliklərinin nəzarəti altındadır. Sadəcə olaraq, sivil vətəndaşlar bölgədən köçürlər. Bunu normal qarşılayırıq. Dünəndən başlayaraq 200 türkman ailəsi daha təhlükəsiz olan Yayladağına keçiblər. Məclisimizin bir sıra üzvləri də türkman ailələrinin köç etdiyi bölgəyə yardım üçün gediblər”.

Onun sözlərinə görə, hazırda Əsəd ordusunun əsas hədəfi Qızıldağı ələ keçirməkdir: “Çünki bu bölgəni işğal etsələr, bütün türkman kəndləri ovuclarının içində olacaq. Amma təslim olmayacağıq. Türkman birlikləri öz ata-baba torpaqlarını sona qədər müdafiə edəcəklər”.

Yayılan son məlumatlara görə, türkman birlikləri iki kəndi İŞİD-dən təmizləyib. Əməliyyata havadan Türkiyəyə aid 6 F-16 və ABŞ-ın 4 F-15 təyyarələri, həmçinin AC-130 və 3 pilotsuz təyyarə dəstək verib.

Əsəd nə üçün türkmanları məhv etmək istəyir?

A. Mustafanın sözlərinə görə, Əsəd rejimi türkmanların varlığını qoruyacaq təhlükəsiz bölgənin yaradılmasını istəmir: “Təhlükəsiz bölgə yaradılmasa, türkmanlar məhv olar. Bu, bizim üçün həyati əhəmiyyət daşıyır. Əgər Bayırbucaq bölgəsini xilas edə bilsək, Hələbin şimalında təhlükəsiz bölgə yaradılması qaçılmaz addım olacaq”.

O, türkmanların Əsəd və İŞİD başda olmaqla bir neçə cəbhədə eyni anda döyüşdüyünü qeyd edib. Əlavə edib ki, türkmanların məğlub olması haqda informasiyalar doğru deyil: “Türkman birlikləri sona qədər döyüşəcək və minillik torpaqlarını heç kimə verməyəcək. Hər kəs bunu bilməlidir”.

Haşiyə: Suriya qüvvələrinin Türkiyə ilə sərhəd əraziləri nəzarətə götürməsi Ankaranın Suriya müxalifəti və türkmanlarla əlaqəsini təmin edən yeganə dəhlizin də itirilməsi anlamına gəlir. Bununla da Türkiyənin Suriyadakı proseslərə müdaxilə etməsi heçə enir.

Bayırbucak türkmanları kimdir?

Suriyada yaşayan türk azlığıdır. Onlar Səlcuq sultanı Alparslanın Malazqirt döyüşündən öncə Rakka və Hələb bölgəsinə köçüblər. Daha sonra bu bölgədə geniş şəkildə yayılıblar. Bayırbucak türkmanları İraq türkmanları ilə eyni soydandır və türk xalqları arasında daha çox Azərbaycan türkləri ilə yaxındır. Türkmanların dili də Azərbaycan dili ilə eynilik təşkil edir.

Ümid türk dövlətləridir

Kərkük türkmanı, jurnalist-araşdırmaçı Özdəmid Hürmüzlü Publika.az-a açıqlamasında bildirib ki, Türkiyə Suriya türkmanlarına dəstəyini genişləndirməlidir: “Yeganə ümid yeri türk dövlətləridir. Hansısa formada dəstək verilməsə, bu coğrafiyada türkmanlar minillik torpaqlarını itirə bilərlər. Bu gün Suriya türkmanlarının başına gələnləri İraq türkmanları da yaşayırlar. Türkiyə İraqda türkman Telaferin işğalına heç nə edə bilmədi, amma Suriya türkmanlarının məhv olmasına göz yummamalıdır. Buna türk olaraq hər birimizi dəstək verməliyik”.

Qeyd edək ki, Suriya münaqişəsi başlayandan bəri türkmanlar əvvəlcə İŞİD-in, daha sonra PYD-nin (PKK-nın Suriya qolu - red) hücumuna məruz qalıb. İŞİD hücumlarından sonra türkman kəndləri PYD tərəfindən boşaldılıb. Daha sonra hücumlara qarşı dirəniş göstərən türkmanlara qarşı Əsəd ordusu hücuma keçib.

Suriyaya girən Rusiya ordusu da İŞİD-ə qarşı əməliyyat keçirəcəyini desə də, əsas hədəfi müxalifətlər və türkmanlar olub. Bölgədəki türkmanların taleyi təhlükə altındadır.

Türkiyəli tarixçi Şemsettin Gürtekin Publika.az-a açıqlamasında türkmanların düşdüyü vəziyyətin beynəlxalq ictimaiyyət tərəfindən diqqətə alınmasının vacibliyini bildirib: “Türkmanların bir türk olaraq öz yurdlarını sona qədər qoruyacağına şübhə yoxdur. Amma bölgədə qlobal müharibə gedir və bu müharibənin qarşısında dayanmaq çətindir. Bu baxımdan, başda Türkiyə dövləti olmaqla bütün türk dünyası bu işğala göz yummamalı, türkman qardaşlarımıza dəstək olmalıdır”.

Məlumat üçün bildirək ki, Türkiyənin Suriya türkmanlarına ərzaq yardımı göndərdiyi, həmçinin 500-ə qədər “Bordo bereli”nin (xüsusi təyinatlı dəstə) bölgəyə girdiyi haqda informasiyalar var.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm