Sirləri açıb tökdü: “Yaşını kiçildib ərə getmək istəyir...” - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Sirləri açıb tökdü: “Yaşını kiçildib ərə getmək istəyir...” - MÜSAHİBƏ

Bu günlərdə prezident sərəncamı ilə təltif olunan sənətkarlardan biri də tanınmış müğənni-aşıq Solmaz Kosayevadır. "Fəxri mədəniyyət işçisi" döş nişanına layiq görülən Solmaz xanım uzun illər xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi ansamblın solisti, eyni zamanda, "Aşıq Pəri" məclisinin ən fəal üzvü olub. Vaxtilə ustad sənətkar Habil Əliyevlə birgə Azərbaycanın bütün bölgələrində toy şənliklərinin bəzəyi olan sənətkarı söhbətə çəkdik.

Solmaz xanım Publika.az-a müsahibəsində ustadlarımızla bağlı şahidi olduğu unudulmaz anların xatirələrini bölüşdü, müasir şou-biznesin sirlərindən danışdı.

- Solmaz xanım, bugünlərdə fəxri döş nişanına layiq görüldünüz. Bu təltif bir çoxlarında belə bir sual doğurdu: vaxtilə çox populyar olan Solmaz Kosayeva bu gün niyə gündəmdə yoxdur?

- Dövlətimdən aldığım hər mükafat mənim üçün əziz və şərəflidir. Bunu sənət adamına göstərilən qayğı və diqqət kimi dəyərləndirirəm. Qaldı ki, gündəmdə olmamağıma, bunun üçün mütləq şit hərəkətlər edib, bayağı danışığınla diqqət çəkməlisən. Bu cür efirə çıxıb özümü biabır eləməkdənsə, elə oturmuşam evimdə. Lazım olanda toya da gedirəm, dövlət tədbirlərinə də. Hətta elə toylar olur ki, ev yiyəsi bir saat da artıq oxumağımı xahiş edir. Bu, mənim üçün gündəm deyilmi? Şərt deyil ki, bir əndirəbadi paltar geyinib efirə çıxasan, kiminləsə qalmaqal edəsən.

- Bildiyimiz qədər uzun müddət İslam Rzayevin ansamblında çalışmısız. Bəlkə o illərə qayıdaq.

- 1978-ci ildə İslam Rzayevin ansamblında solist kimi fəaliyyət göstərirdim. Sonradan "Azkonsert" birliyi yarandı və bu ansambl da həmin birliyin nəzdində fəaliyyətini davam etdirdi. İlk dəfə həmin ansamblda saz çalmışam. Elə yadımdadır, İslam müəllimdən soruşdum ki, olar bir mahnını sazla ifa edim? Təəccübləndi ki, sənin saz çalmağın da var? Onda Cəlili havasının zil pərdəsində bir "Şikəsteyi-fars" oxudum. Hər kəs məni ayaq üstə alqışladı. İnsanların saza olan marağı İslam müəllimin xoşuna gəldi. Ondan sonra getdiyimiz qastrol səfərlərində digər mahnılarla bərabər sazla da çıxış etdim. 1984-cü ildə Filarmoniyada Aşıqların 4-cü Qurultayı keçiriləndə saz ifa etdim. "Aşıq Pəri" məclisi onda hələ təşkil olunmamışdı. O vaxta qədər sazla müğənni Rəhilə Həsənova oxumuşdu. Mən isə başımda kəlağayı ilə saz çalıb oxudum. Qurultayda necə oxudumsa, hər kəs alıqşla məni yenidən səhnəyə səslədi. Axırda o vaxtkı mədəniyyət naziri Zakir Bağırov səhnəarxasına xəbər yolladı ki, Solmaz yenidən səhnəyə çıxsın. Səhnəyə çıxıb "Şahsevəni" havasını oxudum, camaat sakitləşdi. Həmin gün həyatımda ən önəmli günlərdən biri idi. O vaxtdan hamı məni müğənni-aşıq kimi tanıdı.

- Deyəsən, elə həmin qurultaydakı ifanızdan sonra "Açıq Pəri" məclisinin yaranması ideyası irəli sürülüb.

- Bəli, "Aşıq Pəri" məclisi qurultaydan, daha doğrusu, həmin çıxışımdan sonra yarandı. Bu günə qədər də "Aşıq Pəri" məclisinin üzvüyəm.

- Siz həm də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən gənc aşıqların müsabiqələrində münsif kimi təmsil olunursunuz. Sizcə, bugün istedadlı aşıq yetişirmi?

- İstedadlı gənclərimiz çoxdur. Arzulayardım ki, onlar Azərbaycan aşıq musiqisini dünyada tanıtsınlar. Necə ki, vaxtilə "Aşıq Pəri" məclisinin sorağı hər yana yayılmışdı. İstərdim ki, indi də onlar tanınsınlar.

- Solmaz xanım, sənət dostlarınız danışır ki, o vaxt Habil Əliyevin toylara ən çox apardığı sənətçi olmusunuz…

- Düz eşitmisiz. İslam Rzayevin ansamblında solist olduğum vaxtlarda həm də toylara gedirdim. Ən çox da ustad sənətkar Habil Əliyevlə birgə iştirak edirdim. Habil müəllim mənim xatirimdə gözəl insan kimi qalıb. Böyüklə-böyük idi, kiçiklə kiçik.

- Habil müəllimi xatırlamışkən, bəlkə onula bağlı bir xatirəni də yada salasız.

- Habil müəllim çox baməzə idi. Özü də çox qeyrətli kişi idi. Toya gedəndə, məni həmişə yanında otuzdurardı. Bir gün Sabirabadda toyda idik. Bir dəstə qadın-kişi qarşımda oynadı və məni də rəqsə dəvət elədi. Habil müəllim bir onlara baxdı, bir mənə. Mən də xasiyyətcə utancaq olduğumdan heç vaxt toyda oynamazdım. Habil müəllim gördü ki, qalxmıram, dəvət edənlərə dedi ki, qaqaş, bu xanımın həyat yoldaşı mənim yaxın dostumdur. Onu da mənə etibar etdiyi üçün toya göndərib. Bəs səhəri gün eşidib-bilsə, deməz ki, ay Habil müəllim, ayıb deyilmi, xanımımı oxumağa göndərmişəm, oynamağa yox. Bunu elə bir tərzdə söylədi ki, həmin adamlar dərhal bizdən aralandılar. Onu da deyim ki, hansı rayona toya getmişiksə, Habil müəllimə görə şabaşı başımıza paçkayla töküblər. Bir dəfə də olmadı ki, onun mənə verdiyi pulları sayım. Evə gələndə görürdüm ki, hamıdan çox mənə verib. Özünə deyəndə ki, Habil müəllim, niyə mənə çox pul verirsiniz, deyirdi ki, bu sənin halal haqqındır, sən toyda elə gözəl oxuyursan ki, başına bu qədər şabaş tökürlər.

- Solmaz xanım, korifey sənətkarlarla eyni səhnəni bölüşmüsüz, bərabər qastrollarda olmusuz. O vaxt da sənətkarlar arasında qalmaqallar yaşanırdı?

- İslam Rzayevin ansamblında çalışarkən Sara Qədimova, Qulu Əsgərov, Əbülfət Əliyev, Tükəzban İsmayılova, Rübabə Muradova, Şövkət Ələkbərova ilə birgə qastrollara getdik, eyni səhnəni paylaşdıq. Onlara həmişə həsəd aparırdım. Hər həftəsonu bir sənət dostunun bağına, ya evinə yığışıb, deyib-gülərdilər, oxuyardılar. İndiki müğənnilər kimi bir-birləri ilə qalmaqal eləmirdilər. Özlərinə hörmət edirdilər, səviyyələrini qoruyurdular. Sara xanımla mütəmadi qastrola gedərdik. İlk baxışda adama elə gəlirdi ki, o, çox təkəbbürlüdür. Əslində isə, uşaq kimi kövrək ürəyi vardı. Yadımdadır ki, qastrola gedəndə bir-iki çemodan götürərdi. İlk dəfə o çemodanları görəndə elə bildim paltarlarıdır. Otelə çatanda gördüm, qab-qaşıq, soğan-kartof, ərzaqdır. Bir dənə də balaca elektrik sobası. Sara xanım hər axşam oteldə yemək bişirir, bütün sənətçiləri qonaq edirdi.

- Yeməkdən söz düşmüşkən, deyəsən, o vaxt sənət adamları indikilər kimi kilo almaqdan qorxmayıb…

- Onda belə şeylər yoxuydu. İndiki müğənnilərdir e, özünü arıqladır, yaşını kiçildir. Mən plastik əməliyyatın və müxtəlif cavanlaşdırıcı üsulların əleyhinə deyiləm. Əlbəttə, xanım səhnədədirsə, gözəl görünməlidir. Amma çox vaxt qaş düzəltdikləri yerdə göz çıxarırlar. Elə müğənnilər tanıyıram, əvvəllər çox nurlu simaları olub. Sonradan sifətini o hala salıb ki, həmin nurdan əsər-əlamət qalmayıb. Qırışları hamarlaşdırmaq, müəyyən qüsurları aradan qaldırmaq olar, amma gedib üzünüzü dolğu ilə doldurub, özünüzü Şrekə bənzətməyin.

- Bəs yaşını azaldan müğənnilərə necə baxırsınız?

- Çox pis. Bəziləri doğum tarixini gizlədir, hətta şəxsiyyət vəsiqəsində yaşını kiçildib ərə getmək istəyir. Başa düşə bilmirəm, bu, hansı qanuna əsasən baş verir? Yaxşı, lap sən əyri yollarla buna nail oldun, bəs uşaqların? Yanında böyük uşaqların var. Söylədikləri yaşı hesablayanda belə çıxır ki, 13 yaşında ərə gedib. Yaxşı bu camaatı aldadırsan, bəs qonum-qonşu, sinif yoldaşların? Mənə o çatmır ki, bunlar yaşını kiçiltməklə neyləmək istəyirlər? Təzədən ərə getmək istəyirsiz? Gedin də, İlhamə xanım demişkən, sevgi ki, yaşa baxmır. Sevən kişi özündən on yaş böyük qadınla da evlənir. Qorxursunuz ki, toylara aparmayacaqlar? Amma dəyməz, çünki toya səsə görə aparırlar, yaşına və ya görünüşünə görə yox. Onsuz da zaman öz işini görür. Qadın var ki, 60 yaşı var, amma ona 50 yaş vermək olar. Hər kəs ona baxıb heyran qalır. Çirkin qadın yoxdur, baxımlı qadın var. Amma nəyimə lazımdır yaşımı kiçildim, elə qoca qarıya oxşayım. Cavan görünmək üçün gərək içində sevgi olsun. Söhbət sevgilidən getmir, bir gülü, çiəyi də sevə bilərsən.

- Gül-çiçək demişkən, evinizdə çoxlu dibçək gülləri görürəm. Deyəsən, bu, hobbinizdir.

- Gül-çiçək xəstəsiyəm. Gül də sevgi görəndə boy atır, çiçəkləyir. Mən bunun şahidiyəm. Əzizləyirsən, tez boy atır, o gülə ki, qulluq eləmirsən böyümür, solur. Bir dəfə Tovuza toy şənliyinə gedəndə qaldığım evdə qəribə bir gül gördüm. Ev yiyəsi dedi ki, otaqda səs-küy olanda ətir buraxmır. Gülləri də gərək öz dilində dilləndirəsən.

- Hansı gülləri daha çox sevirsiniz?

- Tikanlı gülləri xoşlayıram. Çünki o güllər evin ağırlığını götürür, neqativi yox edir. Güllərin dilini gözəl bilirəm. Bilirəm ki, gülün yerini dəyişəndə, küsür. Dibçəkdə çiçək açanda çox sevinirəm.

- Bəs həyatda necə, hələ açmayan, qönçə qalan arzularınız çoxdurmu?

- İki övladım, nəvələrim var. Allahdan özümə can sağlığı arzulayıram. Allah şükranlıq, sevgi hissini bizdən almasın. Bundan böyük arzu nə ola bilər?

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm