Prezident: "Minsk qrupu öz qərarlarına hörmətlə yanaşmalıdır"
Bizi izləyin

Nida.az

Prezident: "Minsk qrupu öz qərarlarına hörmətlə yanaşmalıdır"

"Ermənistan tərəfi sülh istəmir, münaqişəni həll etmək istəmir. Vaxt uzatmaq istəyir, müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır".

Publika.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev V çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı son illər ərzində böyük uğurların əldə edildiyini, lakin həll olunmamış, həllini gözləyən problemlərin də olduğunu bildirib:

"Biz öz fəaliyyətimizi bu problemlərin həllinə yönəltməliyik. Problemlərin arasında birinci məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Əlbəttə ki, son illər ərzində bu sahədə heç bir irəliləyiş yoxdur. Ona görə ki, Ermənistan tərəfi sülh istəmir, münaqişəni həll etmək istəmir. Vaxt uzatmaq istəyir, müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır, təmas xəttində törədilən təxribatları da, Azərbaycanın bu təxribatlara adekvat cavabını da bəhanə kimi gətirir ki, danışıqlar prosesini pozsun".

İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinin Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib:

"Bu, reallıqdır. Biz real dünyada yaşayırıq. Beynəlxalq hüququn norma və prinsipləri əlbəttə ki, bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə, tarixi ədalət də bizim tərəfimizdədir"

O bildirib ki, münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsas rol oynayır.

"Bu qətnamələrdə birmənalı şəkildə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr yerinə yetirilməlidir. Bu münaqişənin həlli üçün başqa sənəd ola da bilməz. Çünki BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər beynəlxalq qurumudur.

Digər beynəlxalq təşkilatlar, bildiyiniz kimi, o cümlədən deputatların səyi nəticəsində oxşar qərar və qətnamələr qəbul ediblər. Onların arasında ATƏT-in qərarlarını, Avropa Şurası Parlament Assambleyasının qətnaməsini xüsusilə qeyd etmək istərdim. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir", - deyə İlham Əliyev diqqətə çatdırıb.

Prezident bildirib ki, münaqişə bu əsaslar üzərində öz həllini tapa bilər.

Münaqişənin həlli ilə bağlı Minsk qrupunun fəaliyyətindən danışan dövlət başçısı bildirib ki, həmsədrlər dünyanın aparıcı ölkələridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onlar əlbəttə ki, ilk növbədə öz qərarlarına hörmətlə yanaşmalıdırlar.

Prezident Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatik və siyasi səylərin davam etdiriləcəyini bildirib. O, Minsk qrupunun fəaliyyəti ilə bağlı təəssüf hissini ifadə edib:

"Minsk qrupunun fəaliyyəti əfsuslar olsun ki, bu günə qədər heç bir səmərə verməyib. Ancaq buna baxmayaraq, biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırmalıyıq və qaldırırıq. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasında çox dəyərli qərarlar qəbul edilib, digər təşkilatlarda bu fəaliyyət davam etdirilməlidir.

İlham Əliyev Minsk qrupu həmsədrlərinin dünyanın aparıcı ölkələri və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olduğunu diqqətə çatdırıb:

"Onlar əlbəttə ki, ilk növbədə öz qərarlarına hörmətlə yanaşmalıdırlar. Məhz onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəbul ediblər ki, orada erməni qüvvələrinin torpaqlarımızdan çıxarılması məsələsi qoyulubdur. Onlar ilk növbədə öz qərarlarına hörmət etməlidirlər. Biz onlardan bunu gözləyirik. Burada balanslı yanaşmadan söhbət gedə bilməz. Çünki işğalçını və işğala məruz olan ölkəni bir tərəziyə qoymaq olmaz.

Əlbəttə ki, biz başqa sahələrdə olduğu kimi, bu sahədə də ikili standartlarla üzləşirik. İkili standartlar bu gün reallıqdır. Yenə də demək istəyirəm ki, biz real dünyada yaşayırıq və bu reallıqları nəzərə almalıyıq. Ancaq, eyni zamanda, öz prinsipial mövqeyimizi daim ifadə edəcəyik. Bir daha demək istəyirəm ki, münaqişənin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər. Bu məqsədə nail olmaq üçün Azərbaycan daha da güclü olmalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm