Məşhur rejissor: “Deyirdi ki, səninlə sevişmək istəyir” – FOTOLAR
Bizi izləyin

Layihə

Məşhur rejissor: “Deyirdi ki, səninlə sevişmək istəyir” – FOTOLAR

Fərzan Özpətək həm Türkiyənin, həm də İtaliyanın bəyənilən rejissorlarındandır. O, 1959-cu ildə İstanbulda dünyaya gəlsə də, ömrünün 39 ilini İtaliyada keçirib. Rejissor bu günə kimi bir çox uğurlu filmə imza atıb. Onun "Hamam", "Cahil pərilər" ("Le Fate Ignoranti"), "Qarşı pəncərə" ("La Finestra di Fronte"), "Müqəddəs ürək" ("Cuore Sacro"), "Bir ömür bəs etməz" ("Saturno Contro"), "Şahanə qonaq"("Magnifica Presenza") adlı filmləri hər iki ölkədə səs-küyə səbəb olub.

Bu günə kimi həm ssenarist, həm də rejissor kimi tanıdığımız sənətçi indi də yazar olmaq sevdasına düşüb. Bu yaxınlarda onun "Sən mənim həyatımsan" adlı kitabı işıq üzü görüb. Türkiyənin məşhur jurnalistlərindən olan Ayşə Arman yeni kitab münasibətilə rejissordan müsahibə alıb.

Publika.az "Şirin söhbət" layihəsi çərçivəsində həmin müsahibəni təqdim edir:

- Bu kitab necə ərsəyə gəldi?

- Kitabı uzun məktub da hesab edə bilərik. İçimdə yığılıb qalanları yazmışam. Sevgilim təyyarədə yanımda yatarkən yazdım, evdə, yollarda, 18 ay müddətində, demək olar ki, hər yerdə yazmışam. Bəzi hissələri ağlaya-ağlaya yazırdım. Çünki yaddaşımdakı hər xatirəni axtarıb tapmaq, ən kiçik detalları belə gözümün önünə gətirmək ağrılı bir proses idi. Gördüm ki, yaddaşımız kino lenti kimidir, ən sevdiyimiz xatirələr belə zaman keçdikcə silinir.

- Romanda İtaliyadakı həyatınız öz əksini tapıb.

- Bəli. Romada keçirdiyim 39 ildən bəhs etmişəm. Kitabda həyatıma daxil olan bütün insanları salamlamışam. Bunların arasında dünya starları da var, intelektuallar, şahzadələr, evsizlər, translar da… Romada həyatım rəngarəng olub. Oradakı dostlarımın çoxu artıq həyatda deyil. Məsələn, bizim binada Vera adlı trans yaşayırdı, onu 2009-cu ildə itirdik. Xatirələri yadıma düşdükcə görürəm ki, o vaxtlar fikir vermədiyim şeylər nə qədər önəmli olub. Vera çox haqlı imiş.

- Yaxşı, sizə elə gəlmirmi ki, xatirələrə qərq olub kitab yazmağınız üçün tezdir?

- 56 yaşım var. 50 yaşı keçdikdən sonra qəribə bir şey olur. Sanki qum saatı tərsinə çevrilir və sən vaxtının azalmağa doğru getdiyini hiss edirsən. İndi ətrafımda xərçəngə yaxalanmış o qədər çox dost-tanışım var ki. Onlara həkim tapmaq mənim üçün ikinci bir işə çevrilib. Ailəmdə də xərçəng xəstəliyindən əziyyət çəkənlər var. Bu yaşdan sonra yaddaşın itməsi, alzaymer riski də artır. Ona görə də, keçmişdən bəhs etməyin ən yaxşı vaxtı idi.

- Niyə ilk kitabınızı məhz məhəbbətə həsr etdiniz?

- Çünki eşq hamını bir-birinə bağlayan ipdir. "Məhəbbət" deyəndə bir qadınla bir kişi və ya iki kişi arasındakı hisslərdən bəhs etmirəm. Özümü çarəsiz hiss edəndə həmişə eşq haqqında düşünürəm. Çünki bizi məhz sevgi xilas edir. Sevgi hər şeyi dəyişdirir, imkansızı mümkün edir, çirkini gözələ çevirir. Məncə, həyatdakı ən önəmli şey eşqdir. Dostuna qarşı hiss etdiyin eşq, torpağa, işinə olan eşqin… Dünyanı məhəbbət xilas edəcək!

- Bu kitabı avtobioqrafik hesab etmək olar?

- Məsələn, yazıram ki, "otaq qıpqırmızı idi, yeddi ədəd mum yanırdı", boşqablar düzülmüşdü". Sevgilim tez müdaxilə edir ki, "yeddi ədəd deyildi, üç ədəd idi, mumlar isə qırmızı yox, ağ rəngdəydi". Gülümsəyirəm. Mən heç nəyi olduğu kimi əks etdirmirəm, bir az bəzəyib-düzəyirəm, daha da gözəlləşdirirəm.

- Romanı sevgilinizə ithaf etmisiniz?

- Ona olan ən böyük hədiyyəm eşqimdir. Eşqimin yanında bir roman nədir ki? Amma əsərimi ona ithaf etməyim xoşuna gəldi.

- Niyə məhz ona aşiq oldunuz?

- Bu sualın cavabını mən də bilmirəm. Amma ulduzların hökmdarına hər gün şükür edirəm, yaxşı ki, bizi qovuşdurub. Mənə əzab verən bir çox münasibətdən sonra onunla tanış olduğum üçün şanslıyam. Qəribəsi odur ki, indiyə qədərki uğursuz münasibətlərim olmasaydı, yanlış insanlarla qarşılaşmasaydım, indi ona dəyər verə bilməzdim. Çünki yaşadıqlarımdan sonra sadəliyin, dürüstlüyün, təvazökarlığın nə qədər dəyərli olduğunu anlayırsan. Bəzən deyirlər ki, "illərdir məhəbbətimi axtarıram, tapa bilmirəm". Məncə, həmin insanlar həyatlarının eşqi ilə qarşılaşıblar, sadəcə bunun fərqinə varmayıblar. Əsas məsələ görməkdir, qavramaqdır.

- Sizcə aşiq olacağımız insanı seçmək öz əlimizdə deyil?

- Məncə, yox. Eşqdə yaş, cinsiyyət fərqi, qayda ola bilməz. Eşqdə məntiq yoxdur.

- Kitabınızda Nazım Hikmətin sətirlərinə də yer vermisiniz. "Sən əsirliyim və azadlığımsan. Çılpaq bir yaz gecəsi kimi yanan ətimsən". Nazımın şeirləri üçün ürəyim gedir.

- İtaliyadakı bütün dostlarım Nazım Hikməti çox bəyənirlər. Hamısına sevdirmişəm. Romanımda ona yer verməmək olmazdı.

- Aşiq olanda həyatınızda nələr baş verir?

- Həyatıma qadın daxil olanda hər şey dəyişir. Qadın hər şeyi əlində cəmləyir. Sanki yeni bir dünya qurur. Sənə aid olanların hamısı dəyişməyə başlayır, sərhədlərin daralır.

- Kitabında tabulardan da danışmısınız. Sizcə, tabular getdikcə daha da kəskinləşmirmi?

- Hər şey geri qayıdacaq, əvvəlki kimi olacaq…

- Nə vaxt?

- Biz o günləri görməyəcəyik. Amma zaman tərsinə dönür. Məsələn, bu gün din adı verilən məhfum, əslində din deyil. Parisdəki qətliam din üçün edilə bilməz. Din müharibəsi kimi təqdim edilsə də, əslində silah, güc və pul müharibəsidir.

- Bəs siz dünyanı əsir almış bu mənfi enerjidən xilas olmaq üçün nə edirsiniz?

- Məni xoşbəxt edən işlə - rejissorluqla məşğulam. Bu yaxınlarda "La Traviata" adlı opera yazdım, çox bəyənildi. Dostlarım var, onlarla böyük süfrələr açıb yemək yeyirik. Bu qədər.

- Kitabda deyirsiz ki, "70-ci illərdə sevişmək insanın öz bədənini tanıma fürsəti kimi qiymətləndirilirdi". Bəs indi vəziyyət necədir?

- Artıq belə deyil. O vaxt italyanlar üsyankar idilər. Kinoda, rəssamlıqda, hər sahədə yenilik və azadlıq vardı. Məsələn, dostlarımdan biri deyirdi ki, "səni filankəslə tanış edəcəm, səninlə sevişmək istəyir". İndi belə cümlə qurmaq mümkündür? İnsan bunu dilinə gətirməyə belə utanar. Amma o vaxt utanmırdıq.

- Eşitdiyimə görə, özünüzü professional hesab etmirsiniz.

- Professional ola bilmirəm. Məsələn, "Bir ömür bəs etməz" filminin çəkilişləri zamanı aktyorlardan birinə səhnənin detallarını izah edirdim. Həmin vaxt telefonuna zəng gəldi. Mənə "bir dəqiqə", deyərək telefona cavab verdi. Bu davranışının heç xoşuma gəlmədiyini dedim, o da üzr istədi. Ertəsi gün ona dedim ki, "get, 15 gün sonra gəl!". Çünki mən professional deyiləm. O səhnəni çəkərkən pozitiv duyğulara köklənməli idim, ondan incimişdim, bir neçə gündən sonra incikliyim keçib gedəcəkdi.

- Dünya hara gedir?

- Dünyanın sonunu heç yaxşı görmürəm. Qadına qarşı fiziki zorakılıq Hindistandan İtaliyaya kimi müşahidə edilən qlobal problemə çevrilib. İtaliyada da, eynilə Türkiyədəki kimi, hər gün ən az bir qadın öldürülür. Məncə, buna səbəb kişilərin acizliyidir.

- Artıq Roma əvvəlki kimi deyil?

- Roma geriyə doğru gedir. Artıq azad bir dünyada yaşamırıq. Bəlkə bunun bir çox səbəbi var. Məncə, ən böyük səbəblərdən biri də ünsiyyət qura bilməmələridir. Mobil telefonlar və internet həyatımızı tamam dəyişdirdi. İnsani münasibətlər dəyişdi. Üz-üzə danışmaqla "WhatsUP"yazışması eynidir? Sanki kimlərsə iclas keçirib "Biz dünyanı dəyişdirəcəyik!", deyiblər və bunu reallaşdırmağı bacarıblar. Sürətli şəkildə mühafizəkarlaşırıq. 1977-ci ildə dostumla Roma küçələrindən birində yeriyirdik. Birdən iki polis bir qızı dayandırıb, üstünü axtarmağa başladılar. Ətrafdakı insanlar bunu görən kimi elə sərt reaksiya verdilər ki, polislər qaçmalı oldular. İndi İtaliyada belə bir şey ola bilməz, çünki heç kim müdaxilə etmək istəməz.

- Bunun səbəbi nədir? İnsanlar niyə getdikcə öz dünyalarına çəkilirlər?

- Bəlkə sizə inandırıcı gəlməyə bilər, ancaq məncə, bir cəmiyyət nə qədər çoxmədəniyyətlidirsə, insanlar özlərini bir o qədər təhlükədə hiss edirlər. Pizza və kababın olduğu, Çin, Hindistan və sairə ölkələrin mətbəxlərinin bir-birinə qarışdığı ölkədə özünü axtarmağa başlayırsan. Tez-tez "Mən kiməm?", - sualını verməli olursan. İtalyan görür ki, yaşadığı ölkə dəyişir, başlayır mühafizəkarlaşmağa, millətçilik etməyə. Mən özüm Roma küçələrində yeriyəndə, demək olar ki, italyan dilində danışan adamla rastlaşmıram. Bəzən hətta İtaliyada olduğumu belə unuduram.

- Kitabdakı obrazların bir qismi lezbiyanlar, homoseksuallar, travestilərdir. Bu nə ilə bağlıdır?

- Onlar ailəm hesab etdiyim insanlardırlar. Çoxunu 17-18 yaşımdan tanıyıram. O vaxtlar da homoseksuallara normal baxmırdılar. Onlarla münasibət qurmaq həyata baxışımı dəyişdi. Trans qonşum Vera ilə illərcə dostluq etdim. Onu bütün filmlərimin qalalarına dəvət edirəm. Ancaq o heç birində iştirak etmədi. Niyə gəlmədiyini soruşanda deyirdi ki, "səni utandırmaq istəmədim! Sən məşhur rejissorsan. Deyəcəklər ki, bu əcaib məxluq haradan çıxdı?" Ona görə utanmadığımı deyəndə, başqalarının münasibətindən xəbərdar olduğunu xatırladırdı. Romandakı bütün obrazlar mənim bir hissəmdir.

- Əsərdəki ana obrazı çox açıqsözlüdür.

- Çünki mənim anam elədir. Anam həyatımdakı ən önəmli qadınlardan biridir. 91 yaşlı anam təəssüf ki, ölüm ayağındadır. Günün 23 saatını yataq şəraitində keçirir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm