Rusiya Türkiyəyə qarşı gizli silahını işə saldı - VİDEO
Bizi izləyin

Dünya

Rusiya Türkiyəyə qarşı gizli silahını işə saldı - VİDEO

Rusiyanın baş naziri Dmitri Medvedev Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasının nəticələrini şərh edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, baş nazir Rusiya və Türkiyə arasındakı uzunmüddətli mehriban münasibətlərin pisləşdiyini deyib.

Onun sözlərinə görə, iqtisadiyyat və humanitar sferada münasibətlərə zərər dəyəcək və bu zərəri doldurmaq çətin olacaq. Medvedev türk şirkətlərinin Rusiya bazarını itirə və bir sıra birgə layihələrin ləğv edilə biləcəyini bildirib.

Rusiya baş naziri qeyd edib ki, Türkiyə iqtidarının “cinayət xarakterli düşüncəsiz hərəkətləri” Rusiya-NATO əlaqələrində təhlükəli vəziyyət yaradıb. Medvedevin fikrincə, Türkiyə bu hərəkəti ilə İŞİD üzvlərini qoruduğunu göstərdi: “İŞİD-ə aid təsislərdə istehsal olunan neft məhsullarının ixracından bəzi türk səlahiyyətlilərinin əldə etdiyi birbaşa maliyyə nəzərə alınarsa, bu təəccüblü deyil”.

Bundan əvvəl isə Rusiyadan Türkiyəyə qarşı ilk sanksiya gəlib. “İnterfaks” agentliyinin xəbərinə görə, Rusiya şirkətləri dekabr ayından Türkiyədən ağ ət idxalının dayandırılması barədə qərar veriblər.

Türkiyə mediasının yazdığına görə, Türkiyə əkinçilik və heyvandarlıq, geyim, avtomobil, texniki avadanlıqlar və kimyəvi məhsullar olmaqla Rusiyaya ümumilikdə il ərzində təxminən 6 milyard dollar dəyərində məhsul ixrac edir.

Rusiyanın Türkiyəyə il ərzində ixrac etdiyi məsulların dəyəri isə 25 milyard dollar təşkil edir. Bunun əksər hissəsini təbii qaz (11,7 milyard dollar), xam neft (4.8 milyard dollar) və metal (3,1 milyard dollar) təşkil edir.

Qeyd edək ki, dünən səhər Türkiyə hava məkanını pozan Rusiyaya məxsus SU-24 Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı ilə vurulub. Türkiyə tərəfi rus təyyarəsinin sərhədi keçdiyini bildirsə də, Rusiya Müdafiə Nazirliyi təyyarənin Suriya hava məkanında vurulduğunu açıqlayıb.

Rusiya prezidenti Vladimir Putin bu hadisənin Rusiya-Türkiyə münasibətlərində ciddi nəticələr doğuracağını bildirib. O, Türkiyənin bu hərəkətini “arxadan zərbə” adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm