Ankara və Moskvanı üz-üzə qoyan gerçək səbəb: itkilər, hücumlar və müharibə... - TƏHLİL
Bizi izləyin

Nida.az

Ankara və Moskvanı üz-üzə qoyan gerçək səbəb: itkilər, hücumlar və müharibə... - TƏHLİL

Suriya sərhədində Türkiyənin hava məkanını pozan Rusiya təyyarəsinin vurulması Ankara ilə Moskvanı üz-üzə qoydu. Hər iki ölkənin səfirləri XİN-ə dəvət edildi, qarşılıqlı ittihamlar səsləndirildi. Hazırda gərginlik pik həddə çatıb. Ankara Rusiyaya məxsus Su-24 təyyarəsinin onun hava məkanını pozduğunu deyir, Moskva isə təyyarəsinin Suriya ərazisində vurulduğunu iddia edir. Güman ki, hər şey elə iddia olaraq qalacaq. Dəyişməyən bir şey var: iki regional güc üz-üzə dayanıb və yaranmış bu böhran bölgədə yeni müharibəyə səbəb olmasa belə, ciddi nəticələrə səbəb olacaq.


Sentyabrın 30-da Rusiya hərbi qüvvələrinin Suriyaya girməsinin ardından Türkiyə ilə yaranan gərginlik haqda irəli sürülən əsas fikir belə idi: ABŞ Türkiyə və Rusiyanı üz-üzə qoymaq istəyir. Belə görünür ki, amerikalıların bu arzusu gerçəkləşməkdədir. Lakin Ankara və Moskvanın üz-üzə dayanmasının arxasında təkcə ABŞ-ın istəyi, yaxud iki ölkənin anlaşa bilmədiyi hansısa məsələ dayanmır. Ortada daha mürəkkəb proseslərin olduğu faktdır.


Moskva Suriyaya girəndə bəlli idi ki, əsas məqsəd Əsəd rejiminin daha uzun müddətə hakimiyyətdə qalması təmin olunmalı və Rusiyanın Aralıq dənizinə yeganə çıxışı olan, hərbi bazasının yerləşdirdiyi Tartus limanı toxunulmaz qalmalı idi. Suriyada hər kəs öz marağı üçün plan quranda Moskvanın bu addımı o qədər təəccüblü görünmürdü və bunu İŞİD-ə, yəni terrorizmə qarşı mübarizə adı altında etməsi də təsadüfi deyildi. Dünya Əfqanıstandan başlamış Suriyaya qədər “terror təhlükəsi” altında siyasi oyunlar təcrübəsini yaşayıb və Rusiya bu dəfə Qərbin öz taktikasına əl atdı.


Amma Əsəd-Rusiya ittifaqının türkmanlara hücumu məqsədin “terrorla mübarizə” olmadığını bir daha sübut etməklə yanaşı, eyni zamanda, Türkiyə sərhədləri yaxınlığında ciddi planlardan da xəbər verdi.


Niyə türkmanlar?


Türkmanların yaşadığı Bayırbucak Lazkiyə bölgəsində yerləşir və bu ərazini Türkiyə ilə 5 kilometrlik məsafə ayırır. Derhanne, Qızıldağ və Fırınlık olmaqla üç hissəsən ibarət olan bölgədə onlarla türkman kəndi var. Bölgənin əsas nöqtəsi Türkman Dağıdır. Hazırda əsas döyüşlər Türkman Dağı uğrunda gedir. Çünki bu nöqtənin ələ keçirilməsi bütün bölgənin işğalı deməkdir. Həmçinin, Əsəd rejimi və Rusiyanın bu bölgə ilə bağlı öz marağı var.


Əsəd rejimi:


- Bayırbucağın yerləşdiyi Lazkiyə bölgəsi Əsəd üçün strateji yerdir.
- Lazkiyə Əsəd ailəsinin vətəni hesab olunur.
- Bu bölgədə Bəşər Əsədin mənsub olduğu Nusayri tayfası sıx yaşayır.
- Bölgə meşəlikdir və varlı nusayrilər üçün biznes qurmaq üçün əla məkan hesab olunur.
- Əsəd rejimi bölgədəki türkmanların bir qisminin sünni məzhəbə aid olmasını özü üçün təhlükə hesab edir.
- Lazkiyə bölgəsi Bayırbucaq türkmanlarının yaşadığı ərazilərdən savayı bütövlükdə Əsədin əlindədir. Türkman dağını işğal etməklə rejim bütövlükdə Aralıq dənizi ətrafına nəzarət etmək niyyətindədir.


Rusiya:


- Rusiyanın Aralıq dənizinə yeganə çıxışı olan Tartus limanı bu bölgədə yerləşir. Moskvanın Tartustda hərbi-dəniz bazası yerləşir.
- Bununla yanaşı, Lazkiyə bölgəsində Rusiyanın təyyarə bazası mövcuddur.

Ümumi maraq: Türkmanları bombalayan Əsəd və Rusiya üçün bölgənin taktiki əhəmiyyəti də həyati məsələ hesab oluna bilər. Belə ki, Rusiyadan Suriyaya gələn hərbi yardım və canlı qüvvə Tartus limanından quruya çıxır və buradan həm bölgəyə paylanılır, həm də Şama aparılır. Şama gedən yolda Kusayr kəndi xüsusi strateji mövqeyə sahibdir. 2013-cü ildə Kusayr uğrunda gedən qanlı döyüş də buranın əhəmiyyətini sübut etdi. Hazırda kənd Hizbullahın əlindədir və Rusiya Əsədə bu bölgədən rahat şəkildə yardım edə bilir. Belə görünür ki, ümumilikdə Lazkiyənin türkmanlardan və digər qüvvələrdən təmizlənməsi Rusiyanın Suriyada daha rahat şəkildə hərəkət etməsi, həmçinin Əsəd rejiminin həyatının uzadılması məqsədinə xidmət edir.


Bu baxımdan, türkmanlara hücum edən Əsəd-Rusiya ittifaqının Türkiyə ilə üz-üzə gəlməsi gözlənilən idi. Çünki Suriyada xüsusilə bu bölgəyə müdaxilə Türkiyənin strateji maraqlarını tapdalayır.


1. Türkmanlar Türkiyənin Suriyada əsas dayaq nöqtəsi hesab olunur.
2. Türkman Dağının işğalı Əsəd ordusunun Türkiyə sərhədinə qədər irəliləməsini, dolayısı ilə Rusiyanın Ankaranın qulağının dibində at oynatması deməkdir.
3. Türkmanların mövcud olduğu bu bölgə həmçinin, Afrin kantonu ilə PYD-nin (PKK-nın Suriya qolu-red) nəzarətində olan Kobani arasındakı 160 kilometrlik ərazidə yerləşir və bu bölgənin türkmanlardan, eləcə də mülayim müxalifətdən təmizlənərək kürdlərə verilməsi ABŞ-ın perspektivdə nəzərdə tutduğu “kürd dəhlizi” planında əsas hədəfdir. Türkiyənin burada mövcudluğu bu planda maneədir. (http://publika.az/p/99718)


Sonuncu amil Türkiyənin bölgə üçün, lazım olarsa, müharibəyə girməsinə belə səbəb ola bilər. Əslində, Türkiyəni İran da daxil olmaqla Əsəd-Rusiya ittifaqı ilə üz-üzə qoyan proseslərin altqatında da məhz “kürd dəhlizi” faktoru mövcuddur.

Bəli, Suriyada bu və ya digər formada savaşan güclərin hər birinin öz marağı var. Amma ümumi mənzərədə “kürd dəhlizi” amili Qərb üçün olduqca vacibdir və nə qədər inandırıcı olmasa da, Rusiyanın bu prosesdə ABŞ-la razılaşdırımış şəkildə fəaliyyət göstərdiyi ehtimalı böyükdür.

İki mühüm məqam bu ehtimalı gücləndirir.


Birincisi: Rusiya sentyabrın 30-da Suriyaya rəsmən girməsindən bir gün öncə Vladimir Putin Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının iclasında Barak Obama ilə görüşdü. Maraqlıdır ki, bir gün sonra Əsədin istəyi ilə onun köməyinə tələsən rus ordusunun ilk hədəflərindən biri Lazkiyə, yəni müxaliflərin və türkmanların olduğu bölgə oldu.


İkincisi: Antalyada keçirilən “G-20” sammitində Putinlə Obamanın qısa görüşü oldu və diqqət çəkən məqamdır ki, Rusiya sammitdən sonra Suriyada əməliyyatları genişləndirdi. Yenə də Türkiyənin strateji maraqlarının olduğu bölgə hədəfə alındı. (http://publika.az/p/110182).
Ehtimal etmək olar ki, ABŞ Suriyada Rusiyanın öz maraqlarını təmin etmək əvəzinə sözügedən bölgəni Türkiyəyönümlü qüvvələrdən təmizləməyi öhdəsinə götürüb. Yəni PYD-nin edə bilmədiyini Rusiya edir.

Müharibə, yoxsa...

Türkiyə və Rusiyanın üz-üzə gəlməsi yeni müharibənin başlayacağı ehtimalını gücləndirmir. Çünki belə görünür ki, Rusiya ABŞ-la müəyyən razılıq içində sadəcə özünə lazım olan qədər “pay” götürür, əvəzində “kürd dəhlizi”nin yaradılması yolundakı maneəni aradan qaldırmaq rolunu üstlənir. Digər tərəfdən, Kreml siyasi ritorikanı nə qədər sərtləşdirsə də, sonda geri çəkiləcəyi ehtimalı böyükdür. Çünki Moskva Türkiyəyə müharibə elan etməklə NATO-nu qarşısına almaq istəməz. Heç Vaşinqtonun özü də bölgədə regional güclərin toqquşmasının müharibəyə çevrilməsindən yana deyil. Bu, daha çox qısa müddətli gərginlikdir. Lakin Türkiyə-Rusiya siyasi münasibətlərində yetərincə çat yaradacaq faktor ola bilər və hər iki tərəfin itkiləri və atacağı addımlar diqqət çəkir.


Rusiyanın mümkün itkiləri:


- “Türk axını” layihəsi ləğv oluna bilər. Rusiya 63 milyard kubmetr qazın Türkiyə marşrutu ilə Avropaya çıxarmaq perspektivindən məhrum ola bilər. Rusiya Türkiyə marşrutunu itirməklə bütövlükdə Cənubi Avropa üzərində enerji təsirini də itirə bilər.
- Rusiyanın “Rosatom” şirkəti Türkiyədə “Akkuyu” AES-in tikintisi layihəsindən mərhum ola bilər. Bu 20 milyard dollar itki deməkdir.
- İki ölkə arasında 25 milyard dollarlıq ticarət dövriyyəsində Rusiyanın ixracı 19 milyard, Türkiyənin ixracı 6 milyard təşkil edir. İqtisadi münasibətlər tamamilə pozulacağı təqdirdə Rusiyanın itkisi daha böyük ola bilər.


Türkiyənin mümkün itkiləri:


- Ankara təkcə 6 milyard dollarlıq ixrac imkanları deyil, həmçinin, rus şirkətlərinin Türkiyəyə qoyduğu 10 milyardlarla investisiyadan da məhrum ola bilər.
- Bununla yanaşı, Rusiyanın böyük enerji resurslarının Avropa bazarına çıxışında marşrut olmaq və tranzit haqqı əldə etmək imkanından da məhrum ola bilər.
- Bu gərginlik rus turistlərin istirahət üçün Türkiyəni seçməməsi ilə də nəticələnə bilər. Rusiya XİN-in dünənki bəyanatında Türkiyəni terror təhlükəsi olan ölkələr siyahısına daxil etməsi, vətəndaşlarına bu ölkəyə getməməsini məsləhət görməsi də ilk siqnal idi. Halbuki Türkiyəyə gələn ən böyük turist qruplarından biri ruslardır. Təkcə 2014-cü ildə rus turistləri hesabına Türkiyə büdcəsi 4 milyard dollar gəlir əldə edib.
Hər iki ölkənin itkilərinin proqnozlaşdırılandan daha böyük olması ehtimalı da var.

Rusiyanın Türkiyəyə qarşı ata biləcəyi addımlar:


- Kreml PKK-nı ciddi şəkildə dəstəkləyə bilər.
- Türkmanlara qarşı hücumları şiddətləndirə bilər.


Türkiyənin mümkün cavabı:


- Ankara Şimali Qafqaz döyüşçülərinə ciddi dəstək verə bilər.
- Həmçinin, Krımda tatarların rus idarəçiliyinə qarşı çıxmasını təşkil edə bilər.


Bütün bunlar Türkiyə və Rusiya üçün təhlükəli perspektiv vəd edir. Bu baxımdan, nə Ankaranın, nə də Kremlin sona qədər dirənəcəyi gözlənilən deyil. Yaxud, tam əksinə, siyasi gərginlik, hərbi və digər sahələrə də keçə və gözlənilməz nəticələrə səbəb ola bilər. Amma iki ölkəni üz-üzə qoymaqla siyasi planını həyata keçirən ABŞ-ın əldə etdikləri də diqqətdən yayınmamalıdır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm