Rusiya Suriyada, İŞİD Dağıstanda: Qafqaz Suriyaya necə yaxınlaşır?
Bizi izləyin

Dünya

Rusiya Suriyada, İŞİD Dağıstanda: Qafqaz Suriyaya necə yaxınlaşır?

Rusiya Suriyada İŞİD-ə qarşı əməliyyatlar keçirdiyi bir vaxtda, Dağıstan Respublikasından terror qruplaşması sıralarına qoşulmaq üçün evini tərk edənlərin sayı çoxalmaqdadır.

Publika.az Dağıstan mənbələrinə istinadən xəbər verir ki, yerli hüquq-mühafizə orqanları çoxsaylı anti-terror əməliyyatları keçirməyinə baxmayaraq, artan İŞİD tərəfdarlarının qarşısını ala bilmir. Dəqiqləşdirilməmiş məlumatlara görə, bölgədən İŞİD-ə qoşulanların sayı bir neçə mini ötüb.

Dağıstandan günaşırı olaraq Suriyaya 15-20 nəfər gedir

Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev də Publika.az-a açıqlamasında bildirib ki, Dağıstandan Suriyaya gedərək İŞİD-ə qoşulanların sayında ciddi artım var: “Rusiyanın İŞİD-ə qarşı keçirdiyi əməliyyatlar bunun qarşısını ala bilmir. Dağıstanın daxili işlər naziri Abduraşid Maqamedov bildirib ki, İŞİD sıralarında 800 nəfər dağıstanlı döyüşür. Onlardan artıq yüzü öldürülüb. Bu statistikanın haradan götürüldüyü bəlli deyil”.

Ekspert qeyd edib ki, bölgədə övladları Suriyaya gedən ailələr bu faktı gizlətməyə çalışırlar.

“Onlar təzyiqlərə məruz qalacaqlarından qorxurlar. Digər tərəfdən, Dağıstan rəsmiləri bir-birilərini təkzib edən rəqəmlər söyləyirlər. Məsələn, bu yaxınlarda Dağıstanın Kizilyurt rayonunda keçirilən anti-terror komissiyasının iclasında yüksək vəzifəli polis zabiti Şeyxmaqomed Şeyxmaqomedov bildirib ki, Dağıstandan günaşırı olaraq Suriyaya 15-20 nəfər gedir. Təkcə Mahaçqala şəhərinin yaxınlığındakı Novıy Xuşet qəsəbəsindən 15 gənc İŞİD sıralarında döyüşür. Şeyxmaqomed Şeyxmaqomedovun açıqlaması daha real görünür. Çünki yerli bələdiyyə orqanları ilə sıx əlaqədə işləyən yüksək rütbəli polis zabiti statistikanı anti-terror komissiyasının iclasında əminliklə açıqlayır”, - deyə o, bildirib.

Suriyaya gedənlər Pankisi dərəsi istiqamətindən istifadə edir

M. Mehdiyev əlavə edib ki, istər Azərbaycanın, istərsə də Şimali Qafqazın bəzi KİV-ləri İŞİD-ə qoşulan dağıstanlıların Azərbaycan-Rusiya sərhədindən istifadə etdiklərini deyirlər: “Lakin bu tam həqiqətə uyğun deyil. Dağıstanın bəzi hərbi analitikləri deyirlər ki, dağıstanlılar Rusiya Federasiyasının Dağıstan-Gürcüstan sərhədindən, ən çox da Pankisi dərəsi istiqamətindən də istifadə edirlər. Rusiya Federasiyasının müxtəlif şəhərlərində yaşayan dağıstanlı gənclər də ayrı-ayrı marşrutlardan istifadə edərək, Suriyaya gedirlər”.

“Rusiyanın İŞİD-ə zərbələr endirməsi onların ürəyincə deyil”

Ekspert diqqətə çatdırıb ki, Rusiyanın İŞİD-ə zərbələr endirməsi heç də bütün dağıstanlıların ürəyincə deyil.

“Onlar Suriya məsələsində Rusiya-İran müttəfiqliyinə pis yanaşırlar. Ona görə də, Dağıstandan və digər Şimali Qafqaz respublikalarından İŞİD-ə qoşulanların sayı artmaqdadır”, - deyə M. Mehdiyev bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm