Ayıq sürücü maşınınızı vurarsa... Zərəri kim ödəməli? – EKSPERT RƏYİ
Bizi izləyin

Ekopublika.az

Ayıq sürücü maşınınızı vurarsa... Zərəri kim ödəməli? – EKSPERT RƏYİ

Ayıq sürücü avtomobilinizlə qəza törədərsə, sizə sığorta ödənişi veriləcəkmi? Yəqin ki, çoxlarını düşündürən bu suala sığorta eksperti Ramin Məmmədov ətraflı cavab verir.

Son zamanlar ayıq sürücü xidmətindən istifadə edənlərin sayında ciddi artım olduğunu qəbul edə bilərik. Ən azından, bu xidmət bazarına yeni şirkətlərin daxil olması bunu deməyə əsas verir. Nəzərə alsaq ki, ən bahalı aktivlərimizdən (bəziləri üçün bu, öhdəlik də ola bilər) olan avtomobilimizi içkili olduğumuz zaman professionallıq dərəcəsindən əmin olmadığımız sürücülərə etibar edirik, bu zaman işin riskli olan tərəfi ilə bağlı da ayıq ikən düşünməliyik.

Tutaq ki, ayıq sürücü xidmətini sifariş vermişik və yolda sürücü qəza törədir. Burada bir neçə variantı nəzərdən keçirək:

1. Qəza ayıq sürücünün günahı olmadan baş verib və avtomobilinizin KASKO sığortası yoxdur.

Bu zaman əgər qarşı tərəfin (günahkar tərəfin) icbari sığortası vardırsa və avtomobilinizə dəymiş zərər 5 000 manatdan artıq deyilsə, siz əlavə heç bir xərc çəkmədən avtomobiliniz icbari sığortanı satmış şirkət tərəfindən təmir edilir. Yəni, qarşı tərəf sığorta yolu ilə avtomobilinizi təmir etdirir. Bu zaman ayıq sürücü ilə sizin aranızda heç bir maddi mübahisə yaranmadan məsələ həll edilir.

2. Qəza ayıq sürücünün günahı olmadan baş verib, avtomobilinizin KASKO sığortası yoxdur və avtomobilinizə dəymiş zərər 5 000 manatdan artıqdır (tutaq ki, 7 500 manatdır).

Bu halda, siz icbari sığorta yolu ilə dəymiş zərərin 5 000 manatını alırsınız. Geridə qalan 2 500 manatını isə ya günahkar tərəfdən ya da ki, ayıq sürücünün çalışdığı şirkətdən tələb edə bilərsiniz. Burada bir məqam da var ki, əgər konkret hal nəzərdə tutulmayıbsa və ayıq sürücü xidməti göstərən şirkət könüllü şəkildə ödəniş etmək istəmirsə, sizin həmin şirkətdən 2 500 manatı almaq hüququnuz yaranmır. Demək, qalır ancaq günahkar tərəfədən bu məbləği almaq. Bu proses də çox uzun zamanınızı alacaq və nəticədə məhkəmə proseslərində kifayət qədər stres “qazanacaqsınız”.

Əgər ayıq sürücü xidməti göstərən şirkət öz işçilərinin mülki məsuliyyətini könüllü formada sığortalayıbsa, şirkət özü Sizə dəymiş zərəri qarşılayacaq və avtomobiliniz təmir olunacaq. (Ayıq sürücü xidməti göstərən şirkət, şirkəti və ya ayrılıqda hər bir sürücünü mülki məsuliyyətdən sığortalaya bilər. Əgər sürücülərdən kimsə müştərinin avtomobili ilə qəza törədərsə, şirkət özü müştərisinin avtomobilinə dəymiş zərəri sığorta yolu ilə qarşılaya bilər.)

3. Qəza ayıq sürücünün günahı üzündən baş verib və KASKO sığortanız yoxdur.

Bu zaman əgər icbari sığortanız varsa və qarşı tərəfə dəymiş zərər 5 000 manata qədərdirsə, sığorta şirkətiniz qarşı tərəfə dəymiş zərəri ödəyəcək. Öz maşınınızı isə özünüz təmir edəcəksiniz ya da ki, ayıq sürücü şirkətinin mülki məsuliyyət sığortası varsa, həmin şirkət təmir edə bilər.

4. Qəza ayıq sürücünün günahı üzündən baş verib və KASKO sığortanız var.

Bu zaman qarşı tərəfə dəymiş zərəri icbari sığorta şirkətiniz, sizin avtomobilinizi isə KASKO sığorta şirkətiniz təmir etdirəcək (hər ikisi eyni sığorta şirkəti də ola bilər).

Göründüyü kimi, bütün halları nəzərdən keçirdiyimizdə, KASKO sığortasının olmasının vacibliyi ön plana çıxır. Lakin, KASKO sığorta müqaviləsi bağlayarkən bir məqama diqqət edin: əgər müqavilədə avtomobili idarə edən şəxsin adı yoxdursa, sığorta şirkəti ödəniş verməkdən imtina edəcək. Nəzərə alsaq ki, sizə hansı ayıq sürücü şirkətinin hansı sürücüsünün xidmət göstərəcəyini qabaqcadan bilmirsiniz, demək olar ki, ayıq sürücü avtomobili idarə etdiyi zaman sizin avtomobiliniz SIĞORTALI DEYİL. Bu riskin qarşısını almaq üçün müqavilə bağlayarkən avtomobilinizi qanuni yollarla idarə edən bütün sürücüləri SIĞORTALANAN olaraq qeyd etdirməlisiniz. Bu şərt sığorta şirkətləri tərəfindən qısa olaraq “any driver” kimi bilinir. Yəni, əgər bu şərt müqavilənizdə varsa, sizin avtomobilinizi qanuni əsaslarla idarə edən istənilən şəxs sığortalı hesab edilir. Nəticədə bu şərti daxil etməklə, ayıq sürücü avtomobilinizlə qəza tərədərsə, KASKO sığorta müqaviləniz üzrə təminatınız olacaq. Nəzərə alın ki, bu şərtə görə sığorta şirkətləri Sizdən əlavə xidmət haqqı tələb edə bilər.

Məsləhətlər:

1. Əgər ayıq sürücü xidmətindən istifadə edirsinizsə, KASKO sığorta müqavilənizi yenidən gözdən keçirin. Qeyd etdiyim şərt müqavilənizdə yoxdursa, mütləq əlavə etdirin.

2. Ayıq sürücü xidmətindən istifadə etdiyiniz şirkətin mülki məsuliyyət sığortası olub-olmadığını öyrənin. Mümkündürsə, müqavilə ilə tanış olun.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm