Rusiya-Türkiyə sammiti ləğv edildi
Bizi izləyin

Dünya

Rusiya-Türkiyə sammiti ləğv edildi

2015-ci ilin dekabr ayında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməsi planlaşdırılan Rusiya-Türkiyə sammiti ləğv olunub.

Publika.az xəbər verir ki, bu barədə Kremlə yaxın mənbə “Kommersant” nəşrinə bildirib.

Mənbə qeyd edib ki, qərar Rusiyanın SU-24 təyyarəsinin Türkiyənin Hərbi Hava Qüvvələri tərəfindən vurulması ilə bağlıdır.

Qeyd edək ki, dekabrın 15-də Sankt-Peterburqda yüksək səviyyədə Rusiya-Türkiyə dövlətlərarası komissiyanın iclasının keçiriləcəyi planlaşdırılırdı. Tədbirin keçirilməsi barədə razılıq ölkə liderləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında Antalyada noyabrın 15-16 tarixlərində keçirilən G20 sammitində əldə edilmişdi.

Xatırladaq ki, noyabrın 24-də səhər saatlarında Türkiyənin hava məkanını pozan Rusiyaya məxsus SU-24 Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı ilə vurulub. Türkiyə tərəfi rus təyyarəsinin sərhədi keçdiyini bildirsə də, Rusiya Müdafiə Nazirliyi təyyarənin Suriya hava məkanında vurulduğunu açıqlayıb.

Rusiya prezidenti Vladimir Putin bu hadisənin Rusiya-Türkiyə münasibətlərində ciddi nəticələr doğuracağını bildirib. O, Türkiyənin bu hərəkətini “arxadan zərbə” adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm