Bu rəng kimə parlaqlıq gətirəcək?
Bizi izləyin

İdman

Bu rəng kimə parlaqlıq gətirəcək?

Azərbaycan Premyer Liqasında 14-cü tura noyabrın 27-də start veriləcək. Turun oyunları 4 gün ərzində keçiriləcək.

Publika.az 14-cü turun afişasını təqdim edir.

Gəncəli azarkeşlərin stadiona axını kimə təsir edəcək?

Açılış oyunu Gəncədə baş tutacaq. “Kəpəz” “İnter”i qəbul edəcək. Heç şübhəsiz, bu oyun hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Xüsusən də meydan sahibləri üçün. Medallar uğrunda mübarizə aparan komandaların qarşılaşmasında qazanılacaq qələbənin əhəmiyyəti çox böyükdür. “Bankirlər” qalib gələcəyi təqdirdə, əsas rəqiblərindən birinə sarsıdıcı zərbə vurmuş olacaq. Hazırda 2-ci pillədə qərarlaşan “İnter” bu oyuna “Kəpəz”ə nisbətən daha rahat çıxacaq. Heç şübhəsiz, Gəncəli azarkeşlərin stadiona axını “İnter”lə yanaşı, “Kəpəz”ə də psixoloji aspektdən təsir edəcək. Meydan sahibləri “nəyin bahasına olursa-olsun” dilemmasının yaratdığı təzyiq altında olacaqlar. Bu da “İnter”li futbolçuların işinə yaraya bilər. Svanadzenin Gəncədə müdafiə taktikası seçəcəyi şübhəsizdir. Şahin Diniyevin hansı futbol fəlsəfəsinə etibar edəcəyi haqda isə birmənalı fikir yürütmək olmaz. Ola bilsin ki, Diniyev də ehtiyatlı oyun üslubuna güvənib, ələ düşəcək məqamı gözləməyə üstünlük versin. Yox, komandaya ilk dəqiqələrdən hücuma atılmaq tapşırığı verilsə, onda “Kəpəz” erkən qol vurmalıdır. Vurmalıdır ki, meydanda rahatlıq təmin olunsun.

Statistika nə deyir?

5 oyundur uduzmayan “İnter” son 4 qarşılaşmada qalib gəlib. Gəncə təmsilçisi son iki ev oyununda xal qazana bilməyib.

Kəpəz – İnter: 19 oyun, 4 oyun, 2 heç-heçə, 13 məğlubiyyət, top fərqi – 18:39.

Motivasiya niyə olsun ki?

İkinci oyun günündə əvvəlcə meydana AZAL-la “Sumqayıt” çıxacaq. “Təyyarəçilər”in “barıt”ı yenə də qurtarıb. Komandanın son oyunlarında motivasiyanın olmadığı aşkar sezilir. Motivasiya niyə olsun ki? İddia yox, mükafat yox. Onda futbolçular nəyə görə meydanda can qoymalıdırlar? “Sumqayıt”ın dərdi isə başqadır. “Sumqayıt”lı futbolçular “Neftçi” ilə oyunda baş katibin başlarına saldığı daşın altından çıxa bilmirlər. O oyundakı şübhəli məğlubiyyət hələ də öz təsirini göstərir. Hələ də “Sumqayıt” aşkar autsayderlər arasındadır. O daşı qaldırmaq üçün indi yaxşı imkan var. AZAL-ı məğlub etməklə, ümidlənmək olar. Yox, yenə də qələbə olmayacaqsa, onda “Sumqayıt” sona qədər baş katibin daşının altında və autsayderlər arasında qalacaq.

Statistika nə deyir?

Ardıcıl 3 matçda heç-heçə qeydə alınıb. AZAL indiyədək öz meydanında uduzmayıb. Bakılılar son 5 qarşılaşmada uduzmayıb. AZAL-ın son 3 ev oyununda hər iki komanda qol vurub.

AZAL – Sumqayıt: 17 oyun, 6 qələbə, 8 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 24:18.

“Xəzər Lənkəran”ın heç nəyə gümanı yoxdur

Zirədə baş tutacaq oyunda isə hər hansı rəqabətin olacağını gözləməyə dəyməz. Heç şübhəsiz ki, “Zirə” “Xəzər Lənkəran”la oyuna böyük motivasiya ilə çıxacaq. Komanda turnir cədvəlindəki mövqeyini itirib. Üstəlik, ötən tur autsayder “Rəvan”a da məğlub olub. Yəqin ki, “Zirə”nin məşqçilər korpusu və futbolçular bundan dərs alıblar. “Xəzər Lənkəran”ın isə heç nəyə gümanı yoxdur. Nə motivasiya var, nə də güc. Komanda bütün gücünü “Neftçi” ilə oyunda sərf edib və heç nəyə nail olmayıb. Bu da əlavə psixoloji zərbədir. Çətin ki, Yunis Hüseynov futbolçularda bu zərbənin təsirindən yaranan yaranı tezliklə sağalda bilsin.

Statistika nə deyir?

Komandalar ilk dəfə cari mövsümdə görüşüb. Lənkəranda keçirilən qarşılaşmada “Zirə” minimal hesabla qalib gəlib.

“Neftçi”nin dadına nə çata bilər?

Noyabrın 29-da “Neftçi” “Qarabağ”ı qəbul edəcək. Artıq “Köhlən atlar”ın növbəti dəfə çempion olacağına kimsə şübhə etmir. “Qarabağ” çempionluq mübarizəsində özü özünə rəqibdir. Bu oyunda “Neftçi”nin dadına “Qarabağ”ın “Tottenhem”lə oyundakı yorğunluğu çata bilər. “Ağ-qaralar” Lənkəran səfərindən qələbə ilə qayıtdıqdan sonra göylə gedirlər. Sözsüz ki, “Neftçi”də bu oyun üçün də motivasiya yüksək səviyyədədir. Amma bu qarşılaşmaya “Neftçi” - “Qarabağ” qarşıdurmasından çox, Qurban Qurbanov - Əsgər Abdullayev rəqabəti rəng qatır. Görək, bu rəng kimə parlaqlıq gətirəcək?

Statistika nə deyir?

“Neftçi” 9 oyundur “Qarabağ”a qalib gəlmir. Bakılılar bu qarşılaşmalarda cəmi 4 xal əldə edib. Ağdamlılar sonuncu dəfə 2013-cü il mayın 4-də məğlub olub. “Qarabağ” son 3 səfər oyununda qalib gəlib.

Neftçi – Qarabağ: 61 oyun, 17 qələbə, 24 heç-heçə, 20 məğlubiyyət, top fərqi – 58:60.

“Qəbələ”də işlər nə vaxt qaydasına düşəcək?

Turun son oyunu noyabrın 30-da Qəbələdə baş tutacaq. “Qəbələ” “Rəvan”ı qəbul edəcək. Roman Qriqorçukun komandası heç cür uğursuluq zolağından çıxa bilmir. “Qəbələ” artıq 2-ci pilləni də əldən verib. Amma bütün hallarda, “Qəbələ” “Qarabağ”dan sonra çempionatın ən böyük potensiala sahib komandasıdır. Güman ki, Avroliqa oyunları yekunlaşandan, Ukrayna yığmasında baş məşqçi məsələsi həllini tapandan sonra “Qəbələ”də də hər şey qaydasına düşəcək. Heç şübhə olmasın ki, “Qəbələ” asanlıqla gümüş medala sahib çıxacaq. Uğursuzluğa isə elə bu tur - “Rəvan”la oyunda son qoymaq olar. Düzdür, “Rəvan” “xod” gedir. Ancaq “Rəvan” özünə bab komandalara qalib gəlib. Nə “Neftçi”ni, nə də “Zirə”ni məğlub etmək sensasiya sayılmamalıdır. Çünki Azərbaycan çempionatında “Qarabağ” və “Qəbələ”ni çıxmaq şərtilə, bütün komandalar eyni səviyyədədir. “Rəvan” sensasiyanı bu tur gerçəkləşdirə bilər. “Qəbələ”yə qalib gəlsə...

Statistika nə deyir?

“Rəvan” son 6 qarşılaşmada qalib gəlməyib. Ardıcıl 2 qələbə qazanan “Qəbələ” son iki ev matçında qol buraxmayıb.

Qəbələ - Rəvan: 9 oyun, 6 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi – 19:8.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm