Türkiyənin ən xarizmatik kişisi: “O zaman hər şey bitdi” - FOTOLAR
Bizi izləyin

Layihə

Türkiyənin ən xarizmatik kişisi: “O zaman hər şey bitdi” - FOTOLAR

Fırat Çəlik Türkiyənin ən xarizmatik aktyorlarındandır. Hərçənd, onu Hollivud aktyorlarından Hoakin Feniksə bənzədirlər. Lakin mən Hollivud ulduzları Maykl Fassbenderə və Mettyu Makkonehiyə daha çox oxşadıram.

1981-ci ildə Almaniyada dünyaya göz açan Fırat Çəlik iki yaşında olanda ailəsi Türkiyəyə qayıdıb. 6 il Tunceli şəhərində yaşadıqdan sonra Parisə köçüblər. Bu səbəbdən təhsilini Parisdə başa vuran Fırat Çəlik 19 yaşından etibarən işləyərək ailəsinə maddi dəstək verib. O, müxtəlif işlərlə yanaşı, modelliklə də məşğul olub. Elə həmin dövrdə xarizması və yaraşığı ilə diqqət çəkərək aktyorluq təklifləri alıb. Parisdə bir sıra tamaşalarda oynayıb, filmlərə çəkilib. 2009-cu ildə rejissorluğunu Flip Lioretin etdiyi “Welcome” adlı filmlə karyerasında ilk uğurunu qazanıb. Bundan sonrakı mərhələ onun üçün yüksəliş dövrü sayılır. Belə ki, çəkildiyi bu film İstanbul Film Festivalının açılışında tamaşaçılara təqdim edilib. Elə həmin filmlə İstanbula ayaq açan Fırat Çəliyə film şirkətlərindən çoxlu təkliflər gəlib.

Türkiyədə karyerasına “Kış Masalı” (“Qış nağılı”) adlı serialla start verib. “Fatmagülün suçu ne?” (“Fatmagülün günahı nədir?”) adlı serial isə onu daha geniş kütləyə tanıdıb. Daha sonra “20 dəqiqə” adlı serialda cazibədar aktrisa Tuba Böyüküstünlə birlikdə rol alan Fırat Çəlik hazırda “Poyraz Karayel” serialı ilə gündəmdədir.

Yaraşıqlı aktyorun “XOXO The Mag” jurnalına verdiyi müsahibəni Publika.az-ın “Şirin söhbət”ində siz də oxuyun:

- Bu aralar sizi ən çox nə düşündürür?

- Həll etməli olduğum o qədər iş var ki… Ancaq bu aralar ən çox ailəvi məsələlər üzərində düşünürəm. Uzun müddətdir ki, ailəmi görə bilmirəm. Onları ziyarət etmək üçün fürsət axtarıram. Hər dəfə zəng edəndə mənim üçün çox darıxdıqlarını deyirlər. Təəssüf ki, hazırda işim çoxdur.

- Ailəniz hələ də Parisdə yaşayır?

- Bəli, hələ də oradadırlar.

- Eşitdiyimə görə, türk dilini buraya gəldikdən sonra öyrənmisiniz. Doğrudur?

- İlk vaxtlar türkcə cümlə qurmaq çox çətin idi. Hətta bir müddət ingilis dilində ünsiyyət qurmalı oldum. Uşaqlığımızdan bəri anam-atam türkcə danışsalar da, biz onlara fransızca cavab verirdik. Ona görə də, İstanbula gələndə çətinlik çəkdim. Hətta ilk kastinqlərdə ssenarini əzbərləyirdim, amma söhbətin nədən getdiyi haqqında heç bir fikrim yox idi. Sonra başa düşdüm ki, burada qalıb işləmək istəyirəmsə, mütləq dili öyrənməliyəm. Kurslara yazıldım, bir neçə professional müəllimdən dərs aldım. İndi türkcə sərbəst danışa bilirəm.

- Əvvələr rol aldığınız seriallarda sizi başqası səsləndirib…

- “Fatmagülün günahı nə?” serialı çəkiləndə hələ yeni idim. Onda özümü çox qəribə hiss edirdim. Amma dublyajla razılaşmalı oldum. Türkcə danışa bilmirdim və üstəlik, izmirli bir gənci canlandırmalıydım. Səs çox önəmlidir, dublyaj aktyorun performansına mənfi təsir edə bilər. Çəkiliş meydanında oynadığım səhnəni öz səsimlə izləyirdim və performansımdan razı qalırdım. Ancaq televiziyada başqa səsi eşidəndə mənim üçün hər şey bitdi. Çünki səs mimikalarıma uyğun deyildi. Yaxşı ki, izləyicilər bunun fərqində belə olmurdular. Hətta mənə “səsiniz çox təsirlidir”, deyənlər də olurdu. Onda qımışırdım.

- Buraya gələndə xəyalınızda canlandırdığınız İstanbulu tapa bildiniz?

- Xəyal qırıqlığına uğramadım. Parisin kiçik məhəlləsindən çıxıb böyük xaosun yaşandığı yerə gəlmişdim. İstanbulda yetkinləşdim. İnsanlara güvənmək, mədəniyyəti və dili özümünküləşdirmək çox vaxtımı aldı. Həyatda təsadüflərə inanmıram. Məncə, 28 il Parisdə yaşadıqdan sonra buraya gəlib öz ayaqlarımın üzərində dayanmağı öyrənməliydim.

- Təsadüflərə inanmasanız da, həyat sizi təəccübləndirib. Bildiyimə görə, rejissor Tierri Harkort ilə eyni məhəllədə yaşamısınız, ancaq uzun müddət bundan xəbəriniz olmayıb.

- Onunla mütəmadi olaraq qarşılaşırdıq. Ancaq bir-birimizi tanımadığımızdan heç nə danışmır, biri-birimizə baxmaqla kifayətlənirdik. Bir gün ikimizə də maraq güc gəldi və danışmağa başladıq. O mənə öz işindən danışdı, mən də özümdən bəhs etdim. Bir layihə üzərində düşündüyünü və görünüşümə görə onun təsəvvüründəki obraza yaraşdığımı söylədi. “Səni tanımıram, cəsarətlisənsə, bu işi qəbul et və mənimlə işlə”, dedi. Hələ 20 yaşındaydım, cəsarətli olmağa qərar verdim və təkliflə razılaşdım. Bu, təsadüfdən də qəribə oldu. Onunla tanışlığımız həyatımda böyük dönüş oldu.

- İndi də görüşürsünüz?

- Təbii ki. Harkort mənim müəllimim kimidir. Özümü pis hiss edəndə, kimisə qısqananda tez Harkorta zəng edirəm.

- İstanbula film festivali səbəbilə gəlməsəydiniz, Fransadakı karyeranızdan vaz keçib bu şəhərə köçmək haqqında düşünərdiniz?

- Zənn etmirəm. Bəlkə də başqa ölkədə yaşayar, işləyərdim, amma Türkiyə haqqında düşünməzdim.

- Parisdə modelliklə də məşğul olmusunuz.

- Dörd il “Dolce&Gabbana” ilə əməkdaşlıq etmişəm. Geyimlərin qəlibləri mənim üzərimdə hazırlanırdı.

- Yəni, onlar üçün ideal italyan kişisi olmusunuz.

- Proporsiyaya görə, italyan kişilərinə oxşayıram. Onların 48 ölçülü geyimləri üstümə tam oturur. Marka ilə dörd illik müqavilə imzalamışdım. Çox vaxt itirmədən, yorulmadan yaxşı pul qazanırdım. Model olmaq haqqında da düşünməmişdim. Deyəsən, həmişə qarşıma çıxan fürsətləri dəyərləndirmişəm, bu qədər.

- Təhsiliniz hansı yöndə olub?

- İqtisadiyyat üzrə təhsil almışam.

- Özünüz istəyərək iqtisadiyyatı seçmisiniz?

- Yox. Sadəcə, riyaziyyatı yaxşı bildiyim üçün seçmişdim. İqtisadi anlayışım vardı. Əslində isə, ədəbiyyatçı olmaq istəyirdim. Düzünü deyim ki, o vaxt gələcəklə bağlı planlar qurmadan addım atmışdım. Təhsilimi başa vurandan sonra nə olacağım, nə işləyəcəyim barəsində düşünməmişdim.

- İqtisadi bilikləriniz, heç olmasa, qazancınızı düzgün idarə etməkdə köməyinizə gəlir?

- Pul mənim üçün böyük əhəmiyyət daşımır. Əsas odur ki, pulu, sevərək gördüyüm işdən qazanıram. Bədxərc deyiləm. Sabah necə olacağı məlum deyil. Heç kim baş verəcəklərə qarşı siğortalanmayıb. Xüsusilə də, bu sektorda, belə bir sistemdə işləyən diqqətli olmalıdır. Ona görə də, gələcəyə tədbir görürəm.

- Tanınmaq necə hissdir?

- Tanınmaq və xatırlanmaq həqiqətən çox gözəl hissdir. Üstəlik, bu işlə sadəcə, Türkiyədə məşğul olmamışam. İnsanların tanımaları, sevmələri möhtəşəm hissdir.

- Türk seriallarının xaricdə populyarlaşmasını nə ilə əlaqələndirirsiniz?

- İşimizi yaxşı görürük. Ona görə də, bəyənilir. Bu da özümüzə olan inamımızı artırır. Qərbdə ssenaristlərin toxunmadığı mövzu, rejissorların təcrübədən keçirmədiyi iş yoxdur. Bizim işlərimiz onlara fərqli gəlir. Türkiyədə bu sektoru fillər idarə edir, biz isə sadəcə, iplə idarə edilən kuklalarıq. Dünya standartlarına cavab verən işlər görməyimizə hələ çox var.

- Özünüzü romantik-komediya filmlərinə yaraşdırırsınız, yoxsa macəra?

- İşlədiyim rejissorlardan biri macəra tipli filmlərə uyğun olduğumu demişdi. Ancaq romantik-komediyada rol almağı daha çox xoşlayaram. Buna baxmayaraq, dram, dedektiv və macərada da özümü görürəm.

- Gələcəkdə Parisə qayıtmağı düşünürsünüz?

- Bəli, düşünürəm.

- Məşhur olmadığınız həyatınız üçün darıxırsınız?

- Yox. Şöhrətdən, məşhur olmaqdan narazı deyiləm.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm