Elçin Mirzəbəyli: “Tehran yaranmış vəziyyətdə təxribatdan əl çəkməlidir”
Bizi izləyin

Nida.az

Elçin Mirzəbəyli: “Tehran yaranmış vəziyyətdə təxribatdan əl çəkməlidir”

“Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi regionda sabitliyin qorunub saxlanılmasında maraqlı olan dövlətlərdən heç biri üçün əlverişli deyil. Bu baxımdan, region dövlətlərinin, xüsusilə də İranın baş verən insidentlə bağlı hakim roluna yiyələnməyə çalışmaqdan, konkret hansısa tərəfi günahkar elan etməkdənsə, qarşılıqlı münasibətlərin tənzimlənməsinə töhfə verməsi daha məqsədəuyğun olardı”.

Publika.az xəbər verir ki, bu barədə BAXCP-nin mətbuat xidmətinə açıqlamasında partiya sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun qənaətinə görə, Rusiya ilə ortaq dil, mədəniyyət və tarixi paylaşan, strateji müttəfiq olan, eyni ittifaqda və hərbi blokda təmsil olunan Belarusun belə sülh mesajları verdiyi bir zamanda İran adlanan ölkənin baş verənlərdən yararlanmaq niyyəti rəsmi Tehranın regionda sülhün və əminamanlığın qorunub saxlanmasında maraqlı olmadığını, Türkiyə ilə Rusiya arasında ədavəti qızışdırmaq niyyətini ortaya qoyur: “Rəsmi Tehran Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsini bəlkə də Ermənistandan daha çox arzulayır. Çünki bu iki regional gücün qarşılıqlı əlaqələrinin inkişafı İranın regionda söz sahibi olmaq iddialarının qarşını alır. Bu baxımdan, İranın bütün cəhdləri iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə yönəlib. Hesab edirəm ki, rəsmi Tehran və onun tör-töküntüləri Türkiyə-Rusiya münasibətlərini gərginləşdirmək, hətta region dövlətlərini də bu prosesin iştirakçısına çevirmək üçün təxribatlara əl ata bilər. Bu səbəbdən də maksimum təmkin və ehtiyatlılıq nümayiş etdirmək lazımdır”.

BAXCP sədrinin müavini Rusiyaya Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı təyyarənin Türkiyə tərəfindən vurulması ilə bağlı emosional dəyərləndirmələr aparan şəxslərin yanlış mövqe seçdiklərini düşünür: “Təəssüf ki, bəzi siyasi şərhçilər, partiya sədrləri baş verən hadisənin hansı fəsadlara yol aça biləcəyinin fərqinə varmırlar. Vətənpərvərlik gözəl və əvəzedilməz bir keyfiyyətdir və düşünürəm ki, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətini vətənpərvər insanlar təşkil edir. Amma bu hadisədən istifadə edib, emosional bəyanatlar vermək, daha təmkinli mövqe sərgiləyənləri tənqid atəşinə tutmaq saxtakarlıq, qeyri-səmimilik, sui-istifadəçilik əlamətidir”.

Elçin Mirzəbəyliyə görə, baş verən insident ciddi şəkildə araşdırılmalı, Rusiyada Türkiyə əleyhinə, Türkiyədə isə Rusiya əleyhinə aqressiv əhval-ruhiyyənin güclənməsinə imkan verilməməlidir: “Türkiyənin Moskvadakı səfirliyinin daşa basılmasını və diplomatik nümayəndəliyə hücumun Rusiyanın mərkəzi hakimiyyəti tərəfindən stimullaşdırılmasını olduqca yanlış addım kimi qiymətləndirirəm. Bu hadisə, hətta Türkiyə baş verən insidentdə günahkar olsa belə bu ölkənin Rusiyadan üzr istəməsi üçün yer qoymur. Baş verənlərə beynəlxalq hüquq müstəvisindən yanaşılarsa Türkiyənin diplomatik nümayəndəliyinə hücum borbandmançı təyyarənin vurulmasından daha ağır bir insidentdir”.

BAXCP sədrinin müavini hər iki ölkənin münasibətlərin yumşaldılması istiqamətində müəyyən addımlar atacağını düşünür: “İlk növbədə aşırı emosional gərginliyin azaldılmasına ehtiyac var. Ən azı gərginliyin daha yüksək fazaya qədəm qoymasına imkan vermək olmaz. Amma bunun asanlıqla başa gələcəyini düşünmürəm”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm