Bacıoğlunun gətirdiyi əzrail: Sumqayıtdakı dəhşətli qətllə bağlı YENİ XƏBƏR - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bacıoğlunun gətirdiyi əzrail: Sumqayıtdakı dəhşətli qətllə bağlı YENİ XƏBƏR - FOTOLAR

Xəbər verdiyimiz kimi, noyabrın 24-də Sumqayıt şəhərində kirayədə yaşayan 21 yaşlı Səriyyə Mehdi qızı Ramazanova ev yiyəsi 75 yaşlı Sürəyya Nəcəfovanı qətlə yetirib. Son iki gündə məlum hadisə ilə bağlı bir sıra xəbərlər yayılmaqdadır.

Publika.az-ın əməkdaşı bu gün Sumqayıtda mərhumun üç mərasimində olub. O, qonşu və yaxın qohumlarla söhbət edərək hadisə ilə bağlı bəzi təfərrüatları öyrənməyə çalışıb.

Hadisə baş verən ünvana çatanda həyətdə bir neçə qadının söhbət etdiyini gördüm. "Sabahınız xeyir" deyib, yaşanan olayla bağlı ilk sualımı ünvanladım. Özümü təqdim edib, jurnalist olduğumu deyər-deməz, xanımlardan biri hər vəchlə söhbətdən qaçmağa çalışdı, mədəni şəkildə onlardan bu barədə heç nə soruşmamağımı xahiş etdi. Ancaq işim gərəyi məlumata ehtiyacım olduğunu izah edərək bir neçə sadə suala cavab almaq istədiyimi deyib, israr etdim. Yenə də sağ olsun, adını verməsə də, digər xanım bildiyi bir neçə məlumatı bölüşməyə ürək etdi.

Mərhum, 75 yaşlı Sürəyya Nəcəfova yataq xəstəsi olub, indiyədək onun yanında bir tələbə qız qalırdı, qətli törətməkdə şübhəli bilinən S.Ramazanova isə 10 gün olar ki, gəlmişdi. O, ikinci növbədə oxuyur, digər tələbə isə birinci. Beləliklə, gün ərzində həm xəstə qadına qulaq yoldaşı olurdular, həm də burada qalırdılar. Hadisə də elə digər qız dərsdə olarkən, səhər saatlarında baş verib. Hətta qapı qonşular belə səs-küy eşitməyiblər. Onlar polislər gəldikdən sonra hadisə barədə xəbər tutublar.

Qızda hər hansı davranış pozğunluğunun olub-olmaması ilə maraqlandım. Səriyyənin anasının danışdıqlarına qulaq yoldaşı olan xanımlar bildirdilər ki, sən demə, o hələ məktəbdə oxuyarkən bir gecə səksənib.

“Səriyyə Oğuzdandır. Bir gecə həyətdə olarkən zivədki paltarların üstünə sərilən sellofanı külək qaldırıb, səs salıb. Bu dəm Səriyyə bərk qorxub. Ondan sonra qızda bəzi psixoloji gərginliklər yaranmağa başlayıb. Zaman-zaman bununla bağlı müalicə alıb.

Qonşu qadınlar bundan artığını bilmədiklərini və hazırda yaxınlıqdakı xeyir-şər evinə mərhumənin üç mərasiminə getdiklərini bildirdilər. Mənə də qohumlardan daha dəqiq məlumat ala bilmək üçün onlarla getməyimi məsləhət bildirlər. Yol boyu mərhum və onun ailəsi ilə bağlı xoş sözlərini bölüşən qonşular hələ də hadisənin şokunda idilər.

Mərasimin təşkil olunduğu yerə gələrək, rəhmətliyin yaxınlarına başsağlığı verib özümü təqdim etdim. S.Nəcəfovanın bacısı oğlu Vidadi müəllimlə söhbətimizdə heç də xoş olmayan bir detalın ona necə günah hissi yaşatdığını sezməmək mümkün deyildi. Səriyyəni bu evə kirayəçi kimi Vidadi müəllim gətiribmiş və sözsüz ki, belə bir cinayətin olacağını ağlına belə gətirməyib.

Vidadi müəllim Səriyyənin atası ilə Oğuzda dağda tanış olduğunu, bir süfrəni paylaşdıqlarını dedi. “Oğuzdaydıq, dağda olanda Mehdi ilə tanış oldum, sözümüz tutdu, oradan-burdan danışaraq bir-birimizə tanışlıq verdik. Mehdi mənim Sumqayıtda yaşadığımı biləndə məndən ona bir yaxşılıq etməyimi istədi. Dedi ki, qızı tələbədir, Sumqayıtda oxuyur, kirayədə qaldığı evdə qızlarla yola getmir. Qab-qacaq yumaq üstə, təmizlik işlərində ortaq məxrəcə gələ bilmədikləri üçün onlardan ayrılmalı olub. Kirayədə qalacaq, etibarlı bir ev tapmaqda ona kömək etməyimi xahiş elədi. Mən də onlara xalamın evini təklif elədim. Fikirləşdim yaşlı qadındır, xəstədir, həm bir tanış olaraq ona güvənilən qulaq yoldaşı olar, həm də ellimin sözünü yerə salmamış olaram. Amma gör nə müsibətlə üz-üzə qoydular bizi. Öz əlimiz özümüzə qənim kəsildi. Gərək atası qızının xəstə olduğunu deyəydi. Ümumiyyətlə, uşaqlarının başqalarına təhlükə törədə biləcəyi ehtimalını düşünüb, onu tək buraxmayaydılar”.

Mərhumun digər qohumu, yaşlı bir qadın da öz hisslərini belə ifadə etdi: “Bala, biz Xocalıdanıq. Bu hadisə Xocalıda rastlaşdığımız amansızlıq qədər bizi yandırır. Elə bil o günlər geri qayıdıb. O, belə bir ölümə layiq deyildi”.

Qohumlardan heç biri şəkil çəkməyə razılıq vermədikləri üçün onların dərdinə və səmimiyyətinə hörmət edərək oradan uzaqlaşdım. Mənim orada görüb-eşitdiklərim bu qədər. Sözsüz ki, hazırda hüquq mühafizə orqanları hadisənin motivlərini araşdırmaqla məşğuldurlar. İstintaq bitdikdən sonra hadisənin təfərrüatları ictimaiyyətə məlum olacaq.

Cinayətdən və cinayətkardan uzaq olmaq ümidi ilə...

Elçin MURAD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm