Millət vəkili: “Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə dəstək olmalıyıq”
Bizi izləyin

Nida.az

Millət vəkili: “Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə dəstək olmalıyıq”

"Türkiyənin gücü gücümüz, sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycanın da gücü sizin gücünüz, sevinci sevinciniz, kədəri kədərinizdir. Gənc nəsillərin bu ruhda yetişməsi üçün daha da çox çalışmalıyıq. Azərbaycan və Türkiyə dövləti olmayan, ağır vəziyyətdə, zülm altında yaşayan bir çox türk toplumlarının ümidi, pənahıdır. Dövlətlərimizə, birliyimizə daha çox sahib çıxmalı və qorumalıyıq. Hər gün gərginləşən bölgədə insanlarımızın üzülməməsi, haqqımız olan haqqı əldə edə bilmək üçün birlik və güclü olmalıyıq”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Türkiyədə tədbirdə çıxış edərkən bildirib.

O, bildirib ki, bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq. Bunun üçün isə ilk növbədə biz bir-birimizi daha yaxından tanımalı, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq.

Bu gün türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, problemlərdən danışan millət vəkili bildirib ki, güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik.

Qənirə Paşayeva çıxışında 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır:

“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq”.

O həmçinin xaricdə yaşayan türk kökənli diaspor təşkilatları arasında da birliyin genişlənməsinin böyük önəmindən danışıb. Türk dünyası ilə bağlı məsələlərdə gənclərin daha fəal olması üçün yazarların, araşdırmaçıların, aydınların, jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm