Putindən Türkiyə və Qərbə: “Bu ölkə mənimdir”
Bizi izləyin

Dünya

Putindən Türkiyə və Qərbə: “Bu ölkə mənimdir”

Türkiyənin Rusiyaya məxsus Su-24 təyyarəsini vurandan sonra Moskva Suriyada hərbi texnikasının sayını artırır.

Publika.az xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Suriyadakı “Xmeymim” hərbi bazasına orta mənzilli S-300 sisteminin üst modeli olan S-400 hava müdafiə sisteminin yerləşdirilməsini təklif edib, Rusiya prezidenti Vladimir Putin də bu təklifi qəbul edib.

“RİA Novosti”nin Suriyadakı müxbirinin məlumatına görə, S-400 sistemi bu gün səhər saatlarında Rusiya Hava Qüvvələrinin Suriyada mərkəzi olan Lazkiyə bölgəsindəki “Xmeymim” bazasına gətirilib. S-400 sistemi uzaq və orta mənzilli raketlərlə havadakı hədəfləri 400 kilometr məsafədə vura bilmə gücünə sahibdir.

CNN-nin yazarı Mattev Chance hesab edir ki, S-400 sistemi ilə Rusiya Suriyanın bütün hava məkanına nəzarət edəcək: “Bu, Türkiyə, yaxud NATO-nun digər ölkələrinin Suriya hava sahəsində uçan bütün təyyarələrinin sadəcə Rusiyanın icazəsi ilə uça biləcəyi deməkdir”.

İngiltərənin “Times” nəşri isə qeyd edir ki, Moskva Türkiyənin “uçuş qadağan olunmuş bölgə” istəklərinin qarşısını almaq istəyir”.

Nəşr son proseslərin soyuq müharibənin başa çatmasından sonra ilk dəfə NATO və Rusiyanı qarşı-qarşıya gətirə biləcəyini qeyd edir.

“Rusiya lideri “İŞİD-ə qarşı müharibə aparırıq” bəhanəsi ilə əslində Əsəd rejiminin müxaliflərini bombalayır. Əsas məqsədi İŞİD məğlub olduğunda onun yerini müxalif qrupların tutması və Əsədin əlində olan bölgələrə hücum etməsinin qarşısını almaqdır. Rusiya türkman tuqaylarını bombalayır. Çünki onlar Əsədi devirməkdə qərarlı olan Türkiyənin yanındadırlar. Halbuki türkmanlar heç vaxt Əsəd rejimi üçün ciddi təhlükə yaratmayıb. Sadəcə olaraq, onlar siyasi oyunların altında əzilirlər”, - deyə nəşr qeyd edib.

Rusiyanın “Kommersant” nəşri də Moskvanın Suriyada hərbi gücünü artırdığını yazıb.

Nəşrin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Rusiya Suriyada havadan bombardman edən təyyarələrini qorumaq üçün ölkəyə yeni qırıcılar göndərməyi düşünür.

“Suriyadakı 24 bombardmançı təyyarənin hər birini ayrıca qırıcı müşayiət edəcək. Rusiya Baş qərargah rəhbərliyi bu məqsədlə ən azı 10-12 qırıcını Suriyaya göndərməyi planlaşdırır”, - deyə hərbi mənbə vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm