TƏHLÜKƏ: Azərbaycanda texniki duzu insanlara qida kimi satırlar - FOTOLAR
Bizi izləyin

Nida.az

TƏHLÜKƏ: Azərbaycanda texniki duzu insanlara qida kimi satırlar - FOTOLAR

“Satışa növbəti dəfə keyfiyyətsiz duz məhsulları çıxarılıb. Üzərinə yodlaşdırılmış xörək duzu yazılmış bu məhsullar “Artyolsol” nişanı adı altında satılır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun Publika.az-a verdiyi məlumata görə, hazırda xörək duzu altında satışda olan bəzi duzların tərkibi yodsuzdur: “Bu məhsulları başqalarından ayırd etmək asandır. Onun qabının üzərinə “Artyomsol” əvəzinə “Artyolsol” yazıb vurublar. Bununla bağlı müvafiq qurumları xəbərdar etmişik. Bildirmişik ki, bu duz məhsullarının tərkibində yod yoxdur.

Ölkəmizdə duz istehsalı ilə bir böyük şirkət və 3 sex məşğul olur. Əlimizdəki faktları İqtisadiyyat və Sənaye, Səhiyyə nazirliklərinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etmişik və duzların nümunələrini göndərmişik. Həmin qurumlardan isə bizə bildirdilər ki, bu duzların istehsal olunduğun yerləri müəyyənləşdirib onlara xəbər verək. Məgər ictimai təşkilat bununla bağlı gedib araşdırma aparmalıdır ki, görüm kim harada nə ilə məşğul olur?

Tərkibində yod olmayan, yollara səpilmək, dəri aşılamaq üçün istifadə edilən duzları alıb, “Artyomsol”un dövlət nişanı altında qablaşdırırlar. Bundan sonra isə onu əhaliyə satırlar. Təəssüf ki, bu mallar satış mərkəzlərində geniş yayılıb”.

Azad İstehlakçılar Birliyinin sədri yodsuz duzların satış yerləri ilə də bağlı araşdırmaların aparıldığını bildirdi: “Yodsuz duzlar ən çox Xırdalan, Sumqayıt, Şəki, Tovuzda (Xüsusən də Tovuzun Dovlar qəsəbəsində) geniş yayılıb. Yodsuz duzlar habelə kütləvi şəkildə Gəncə ətrafı yerlərdə satılır.

“Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında” Qanunun 8.3 bəndinə görə, yodsuz duzun Azərbaycanda satışı qadağandır. Bu duzlar nəinki yodsuzdur, həm də təmizlənməyib. Təəssüf ki, duzla bağlı ayrıca qanun qəbul edilsə də, onun icrasına nəzarət yetərincə deyil”.

Saxta, keyfiyyətsiz duzları keyfiyyətli oxşarından onun üzərindəki digər xüsusiyyətlərlə də ayırmaq olar: “Keyfiyyətli duzların qabları üzərindəki istehsal tarixi basma üsulu ilə, keyfiyyətsiz məhsulların üzərindəki nişanlar isə mürəkkəblə qeyd edilir. Bununla bağlı yaxın günlərdə mətbuat konfransı keçirəcəyəm”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm