Zahid Oruc: “Allahın evini partiya qərargahına çevirmişdilər” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Zahid Oruc: “Allahın evini partiya qərargahına çevirmişdilər” – MÜSAHİBƏ

Noyabrın 26-da “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatının sədri Tale Bağırzadə və tərəfdarlarının Nardaranda polislə silahlı qarşıdurması nəticəsində ikisi polis olmaqla 6 nəfər həyatını itirib, 14 nəfər yaralanıb. Hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Lakin bu hadisənin ictimai-siyasi səbəbləri də maraqlıdır. Milli Məclisin deputatı Zahid Oruc Publika.az-a müsahibəsində baş verənləri şərh edib.


- Naradaran hadisələrini necə şərh edərsiniz?


- Bu hadisələr göstərir ki, Nardaranı Azərbaycan coğrafiyasında dini adaya çevirmək istəyirlər. Onlar istəyir ki, burada Babəkin Bəzz qalasını düzəltsinlər. Müxtəlif şəxslərə qarşı hüququ çərçivədə addımlar atarkən, dərhal barrikadalar qurulur, qeyri-qanuni şəkildə onların müdafiəsini təşkil etməyə cəhdlər edirlər. Bu şəxslər dini mərasimləri iqtidarın, dolayısı ilə dövlətin əleyhinə platformaya çevirirlər. Halbuki, dini etiqad azadlığı da qanuna uyğun həyata keçirilməlidir.
Azərbaycanda heç bir halda “Müsəlman qardaşları” modelində hakimiyyətə iddia etmək yolverilməzdir. Keçmişdə dini partiyalar mövcud olub. Amma biz daim onlara ölkəmizin dünyəviliyini də xatırlatmaqla məşğul olmuşuq.

Vaxtilə müxtəlif ağsaqqalların və şəxsləri timsalında aparılan prosesi indiki mərhələdə Tale Bağırzadə adlı şəxsin üzərindən davam etdirirlər. Bu adamdan ümumdini, ümumsiyasi lider düzəldib, siyasi partiyaların zəiflədiyi bir vaxtda dini partiyalar vasitəsilə iqtidarla dava aparmaq üçün addımlar atmaqda idilər. Sosial şəbəkədən təbliğat üçün geniş istifadə edirlər. Hərdən mənə elə gəlirdi ki, bunlar “facebook”u Kərbəla düzünə çeviriblər. Halbuki 1400 il əvvəlki böyük müqəddəsliklə müqayisədə bunların apardığı mübarizədə ciddi müqəddəslik yoxdur.

Onlar Allah evlərini partiya qərargahına çevirmişdilər. Yayımladıqları materiallara diqqətlə baxanda görmək mümkündür ki, bu qüvvələrin namazda Allaha üz tutub etdikləri duaların əksəriyyəti ya siyasidir, ya da hansısa iddialara söykənir. Gerçək olaraq niyyət böyük Yaradana qulluq etmək deyil. Bu hadisələrdə iki polisin həyatını itirməsi, bir sıra insanın həyatı ilə bağlı ağır hadisələrin baş verməsində də məsuliyyət bu şəxslərin üzərindədir. Ümumiyyətlə, “Müsəlman Birliyi Hərəkatı” özündə nəyi ehtiva edir?! Bunu təyin etmək çox çətindir. Amma iqtidarla mübarizə aparmağın yolu məscidlərdən keçmir.
Məsələnin digər tərəfi də diqqət çəkir. Guya onlar sosial, iqtisadi məsələləri gündəmə gətirməklə, problemləri söyləməklə Naradaran camaatının xeyrinə işləyirdilər?! Əlbəttə ki, yox. Bunlar ya qara, ya da yaşıl bayrağın kölgəsi altında ölkə qurmağı hədəfləyirdilər.

Düşünürdülər ki, iqtidarla mübarizəni məscidlər aparmalıdır. Özləri də Nardaran hakimiyyətlə mübarizənin bir istehkamıdır deyib gizlənsinlər. Şübhə etmirəm ki, bu məsələ ilə həbsdə olan MTN generalların müəyyən bağlılıqları var. Doğrudur, hələ onlar haqda məhkəmə qərarı yoxdur, lakin rəsmi məlumatlardan da göründüyü kimi, bu şəxslərə xalqa qarşı olan fəaliyyətlər göstəriblər. Hesab etmək olar ki, müxtəlif qüvvələr dövlətdə mənafelərinə zərbə vurulanda onların uzantıları, şəbəkələri belə vasitələrlə son həmlələrini göstərirlər. Düşünürəm ki, yeni təhlükəsizlik təmsilçilərimiz bunları da araşdırmaldır.

- Amma bir çox ehtimallar Tale Bağırzadənin və qrupunun İrana bağlı olması haqdadır. Son geosiyasi proseslər fonunda bu hadisələrin İrandan sifariş edildiyini deyənlər də var. Siz necə düşünürsünüz?

- Bunun xarici dairələrə bağlılığı haqda fikir söyləmək hələ ki, çətindir. Ölkəmiz əleyhinə həmişə din ixrac etmək cəhdləri olub. Amma hamı bilməlidir ki, ölkədə şəriət qanunu qurmaq hər kəsin ziyanınadır. Ölkəmiz normal cəmiyyətə qovuşmaq üçün böyük yol keçib. İndi bunlardan imtina edib, konstitusiyanı dəyişdirərək, orta əsr normalarını qəbul etmək təhlükəlidir.
Xarici qüvvələrə gəlincə, deyə bilərəm ki, İranla Azərbaycanın münasibətləri xeyli düzəlib və müsbət münasibətlər artıq konkret əməkdaşlıqlarla müşayiət olunur. Bütün bunlara rəğmən, əgər məsələnin xarici bağlantıları varsa da, təəssüf ki, bunu öz vətəndaşlarımız həyata keçirib. Digər tərəfdən, kimlərsə dini siyasi partiya, 14 əsr davam edən dini məsələləri isə siyasi ideologiya olaraq düşünürsə, onların din dedikləri öz mahiyyətini itirir. Dini siyasiləşdirərək öz mənafeyi üçün alətə çevirənlərə bu cəmiyyətdə yer yoxdur. Allahı başının üstündə hiss etmək yaxşı haldır. Lakin bu o demək deyil ki, dəstələr formalaşdırıb onları silahlandırasan və dövlətə hücum edəsən. Bütün bunları da dinə bağlayasan. Bu yolverilməzdir. Azərbaycan dini etiqadın tam şəkildə azad olduğu nadir ölkələrdəndir. Bu ölkənin Prezidenti məscidləri, kilsə və sinaqoqu himayə edir, bütün vətəndaşların dini etiqad azadlığının təmin olunmasını birbaşa həyata keçirir. Amma bəziləri dini siyasi alətə çevirərək, öz məqsədləri üçün Allahın adından istifadə edirlər.


- Maraqlıdır ki, silahlı qarşıdurmada polisə güllə atanlar avtomatdan və əl qumbarasından istifadə ediblər. Bunun nə deməkdir?


- Bunlar istintaq araşdırmalarında ortaya çıxacaq. Hətta həmin adamları mücahid kimi təqdim edəcəklər, hakimiyyətin qurbanı kimi qələmə verəcəklər. Müxtəlif informasiya vasitələrində ağı deyənlər də olacaq. Amma dediyiniz məsələ bu hadisələrin açar predmetidir. Adamlar Allaha inanclarını, hətta hakimiyyət əleyhinə dini şüarlarla bəzədilmiş mövqelərini silahla həyata keçirəndə onları adı terrorçu və ekstremist olur. Bu kriminaldır. Bu, dövlətə silah sıxmaqdır. Axı din silahı necə qəbul edir? Bunun harası dindir? Bu qüvvələrin arsenalında silah varsa və silaha əl atırlarsa, bu onların Allahdan, onun buyurduqlarından, Qurani-Kərimdən uzaq olduğunu sübut edir. Ümumiyyətlə, hər birimiz dərk etməliyik ki, hansısa ölkədə mövcud olan modeli Azərbaycana sırımaqla məşğul olmaq təhlükəlidir.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm