Hacı Şahin nardaranlılara müraciət etdi: “Xarici dövlətlərə uymayın”
Bizi izləyin

Qırmızı.az

Hacı Şahin nardaranlılara müraciət etdi: “Xarici dövlətlərə uymayın”

“Nardaran hadisələrində xarici faktorun olduğunu istisna etmək olmaz”.

Bunu Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidinin axundu Şahin Həsənli deyib.

Onun sözlərinə görə, bir sıra dövlətlər din faktorundan istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaqda maraqlıdırlar: “Təbii ki, hər şey araşdırmalar nəticəsində ortaya çıxacaq. Amma Nardaran camaatı da diqqətli olmalı, hansısa qüvvələrin onların üzərindən oyunlar oynamağına imkan verməməlidir”.

H. Şahin Nardaran camaatının dünən baş verən silahlı qarşıdurmadan sonra kəndin mərkəzi meydanına toplaşmasına da münasibət bildirib.

“İstənilən zorakılıq qəbuledilməzdir. Əslində zorakılığa əl atanlar din barədə yetərincə məlumata sahib deyillər. Mən Nardaran sakinlərinin tələblərinin nə olduğunu tam anlamıram. Hər hansı narazılıq varsa, bunu hüquq müstəvisində qaldırmaq lazımdır. Müasir dövrdə zorakı vasitələrdən istifadə yolverilməzdir. Bir daha Nardaran sakinlərinə müraciət edirəm ki, hər hansı təxribatın olmasına imkan verməsinlər. Dövlətin, xalqın mənafeyi nəzərə alınmalıdır. İctimai-siyasi sabitlik hər bir vətəndaş, o cümlədən, dindarlar üçün olduqca vacib dəyərdir. Həssas bir dönəmdə yaşayırıq. Bu gün dünyada dövlətlər din faktorundan istifadə edib başqa dövlətləri zəiflədir. Buna görə də, dindarlar həssas olmalı və ölkədə kənar qüvvələrin təxribatlarının həyata keçməsinə imkan verməməlidirlər”, - deyə QMİ rəsmisi vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm