Məktəblərə istilik veriləcək – baş nazirdən TAPŞIRIQ
Bizi izləyin

Qırmızı.az

Məktəblərə istilik veriləcək – baş nazirdən TAPŞIRIQ

Bakıda 120-yə yaxın məktəbdə istilik yoxdur. Sinif otaqlarında şagirdlər palto və papaqla otururlar. Valideynlərin sözlərinə görə, saatlarla soyuq sinif otağında əyləşən uşaqların sağlamlığı üçün təhlükə yaranıb.

Problemi araşdırmaq üçün “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevlə əlaqə saxladıq. Qurum rəsmisinin Publika.az-a bildirdiyinə görə, problemin həll olunması üçün “Azəristiliktəchizat” “Azəriqaz”a olan borclarını ödəməlidir. Bununla bağlı bir neçə ay öncədən quruma xəbərdarlıq edilib: “Biz 2005-ci ildən yığılıb qalan borcları istəmirik, son 2-4 ilin borclarını tələb edirik. Həm də bununla bağlı “Azəristiliktəchizat”a mövsüm başlayanda deyil, yay aylarından xəbərdarlıq edərək bütün borclu qazanxanalara plomb vurmuşuq.

İ.Kərbəlayevin sözlərinə görə, o qazanxanalara qaz verilib ki, onların borcu yoxdur və ya bu borcun məbləği azdır: “Biz humanist addım ataraq ilkin olaraq borcu olmayan və borcu 1000 manatdan aşağı olan qazanxanaları qazla təmin etdik. Camaat “Azəristiliktəchizat”dan istilik istədiyi kimi, bizdən də mavi yanacaq istəyir. Biz də istehsalat sahəsiyik, qazın satışı və paylanması ilə məşğuluq. Bu borc bizi çətinliyə salır və problemlər yaradır”.

Qeyd edək ki, “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev “Azəriqaz” qazı verən kimi, məktəblərə istilik veriləcəyini bildirmişdi: “Məktəblərə istiliyin verilməməsi “Azəriqaz”dan asılıdır. Onlar nə zaman qazanxanalara qaz versələr, biz istiliyi verməyə başlayacağıq. Həftənin sonuna qədər qazın verilişini bərpa edəcəklərinə söz vermişdilər. Bir sıra ərazilərə qaz verilsə də, paytaxtın xeyli hissəsində problem var. Əsasən, xırda qazanxanalara qaz verilib, lakin rayon istilik qazanxanaları qalıb. Həmin qazanxanalar təxminən 200-ə yaxın binanı, məktəb, bağça və səhiyyə müəssisələrini istiliklə təmin edir”.

Məlumat üçün bildirək ki, noyabrın 15-dən “Azəristiliktəchizat” ASC qış rejiminə keçməli olsa da, “Azəriqaz”a olan borc üzündən hələ də paytaxtın bir çox ərazilərində yaşayış binaları ilə yanaşı, məktəblər, bağçalar və səhiyyə müəssisələrinə istilik verilməyib.

Artıq bu məsələ baş nazirin də diqqətindədir. Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əlinin Publika.az-a bildirdiyinə görə, problem yaxın vaxtlarda həllini tapacaq: “Bununla bağlı “Azəristiliktəchizat” ASC tərəfindən Nazirlər Kabinetinə müraciət olunub. Məsələ baş nazir Artur Rasizadənin şəxsən nəzarətindədir. O, özü tapşırıq verib və Nazirlər Kabinetinin bütün strukturları bununla məşğuldurlar. Tezliklə problem həllini tapacaq”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm