Türkiyəyə qarşı sanksiyalar: Rusiya daha çox itirəcək
Bizi izləyin

Nida.az

Türkiyəyə qarşı sanksiyalar: Rusiya daha çox itirəcək

Rusiya mətbuatı “SU-24” təyyarəsinin vurulması ilə əlaqədar Türkiyəyə qarşı tətbiq edilən sanksiyalardan Rusiya iqtisadiyyatının da zərər çəkəcəyini yazır.

Ekspertlər təkcə turizm və aviasiya şirkətlərinin deyil, həm də kənd təsərrüfatı idxalatçılarının böyük problemlərlə qarşılaşacağını bildirirlər. Məsələn, “Akkuyu” atom elektrik stansiyasının inşası kimi iri layihəyə artıq böyük məbləğdə vəsait yatırılıb.

Bundan əlavə, Türkiyə Rusiyadan neft, qaz, metal, kömür, buğda və digər mallar alır və əgər Türkiyə əks tədbirlər görərsə, vəziyyət Rusiya idxalatçılarının xeyrinə dəyişməyəcək.

Hazırda Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Türkiyədən gətirilən bütün kənd təsərrüfatı mallarını yoxlamadan keçirir. Rusiya hökumətinin başçısı Dmitri Medvedev Türkiyə ilə iqtisadi əlaqələrin tamamilə dayandırılması, maliyyə əməliyyatlarına məhdudiyyət qoyulması, gömrük rüsumlarının dəyişdirilməsi, turizm və yük daşımaları, humanitar əlaqələr və işçi qüvvəsindən istifadə olunması kimi sahələrdə dəyişikliklər ediləcəyini bildirib.

Xüsusi iqtisadi tədbirlər “Türk axını” qaz kəməri və “Akkuyu” atom elektrik stansiyasının inşası kimi meqalayihələrə də təsirini göstərəcək. Xatırladaq ki, “Akkuyu” AES-in inşası ümumilikdə 22 milyard dollara başa gəlməli idi. İndiyədək “Rosatom” bu tikinti işləri üçün 50 milyard rubl subsidiya alıb.

Eyni zamanda, Türkiyə də Rusiya ərazisində böyük layihələr həyata keçirir. Məsələn, Türkiyənin “Renessans Konstrakşn” və “Yamata Endustrial Projeler” şirkətləri müvafiq olaraq 1 milyard və 0,5 milyard dollarlıq müqavilələr imzalayıblar.

Rusiya Federal Turizm Agentliyi Türkiyəyə turist putyovkalarının satışına qadağa qoyub. Agentliyin məlumatına görə, hər il Türkiyədə 5 milyona yaxın rusiyalı turist istirahət edir. Hazırda qadağalarla əlaqədar xaricdə dincələn turistlərin sayı 40 faiz azalacaq.

Rusiya Nəqliyyat Nazirliyi də sanksiyalara qoşulub. Türkiyəyə mütəmadi aviareyslərin, eləcə də çarter reyslərinin dayandırılması barədə müvafiq qərar qəbul ediləcəyi gözlənilir.

Rusiya Mədəniyyət Nazirliyi qarşılıqlı mədəniyyət və turizm illərinin keçirilməsini də təxirə salıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm