Borc alıb qaytarmayanlar və ya borclu borclunun sağlığını niyə istəmir? – HÜQUQ MƏSLƏHƏTXANASI
Bizi izləyin

Qırmızı.az

Borc alıb qaytarmayanlar və ya borclu borclunun sağlığını niyə istəmir? – HÜQUQ MƏSLƏHƏTXANASI

İldən-ilə ölkədə cinayətlərin xarakteri, sayı, onları doğuran səbəblər dəyişir. Adətən hər il başında da bu kimi hadisələrin statistikası aparılır. Ancaq o da məlumdur ki, hər hansı qanunsuzluq, haqqın tapdanması, mübahisə ilə bağlı ilk öncə insanlar hüquq məsləhətxanalarına, vəkillərə müraciət edirlər. Yəni, belə demək mümkünsə, ilkin statistika vəkillərdə olur.

Digər tərəfdən, ən azından, vəkillərə olan müraciətlərlə yeni tendensiyaları müəyyən etmək olar. Biz də bu məqsədlə ölkənin tanınmış vəkillərindən birinə -1984-cü ildən vəkil kimi fəaliyyətə başlayan, hazırda isə Bakıdakı 1 saylı Hüquq Məsləhətxanasının müdiri vəzifəsində çalışan Sümbülə Əliyevaya müraciət etdik. Təbii ki, 42 vəkilin çalışdığı hüquq məsləhətxanasının müdiri “Publika.az”-ın suallarını onlara olan şikayətlər baxımından cavablandırıb.

Alib-aldatma dünyası...

Həmsöhbətimiz deyir ki, son vaxtlar borc məsələləri ilə bağlı şikaytələr artıb: “Təkcə Yasamal rayonunda 4, 17 saylı hüquq məsləhətxanaları, fərdi vəkillər və digər qurumlar fəaliyyət göstərir. Buna görə də mən ancaq 1 saylı Hüquq Məsləhətxanasına daxil olmuş şikayətlər, müraciətlər əsasında danışa bilərəm. Müraciətlər müxtəlif məsələlərlə bağlı olur. Ən çox mülki şikayətlərdir. Lakin bu il borc qaytarmamaq problemi şikayətlər arasında birinci yerdə qərarlaşır. Vətəndaşlar tanıdıqları şəxsə borc pul verirlər. Lakin onun geri qaytarılmasında problemlər ortaya çıxır. Şikayətçilərin çoxu borc pulla bağlı bizə üz tuturlar. Şikayəti araşdırdıqda, məlum olur ki, bəzi hallarda borc müqavilələri qanun çərçivəsində tərtib edilməyib. Bir çoxları borc pulu qanuna riayət etmədən veriblər”.

Bu səbəbdən də məsələlər məhkəmə çəkişmələri səviyyəsinə qədər gedib çıxır: “Elələri var, pulu 1998-ci, 2000-ci ildə borc müqaviləsi imzalamadan veriblər. Bizə müraciət etdikdə, bildiririk ki, bu, qanunsuzdur. Çünki şikayətin, müraciətin müddəti var. Üstəlik, onlara başa salmağa çalışırıq ki, pullarınızı qanunsuz vermisiniz”.

Vəkilin sözlərinə görə, borc pulların geri qaytarılmasına görə vətəndaşlarla banklar, habelə vətəndaşların özləri arasında yaranan qarşıdurmalar da çoxalıb: “Bank-vətəndaş problemindən daha çox vətəndaşların öz aralarında kreditlərə görə problemlər yaranır.

Şikayətlər arasında dələduzluq, alıb-aldatma halları da çoxdur.

Cinayətkarlar arasında kişilərlə yanaşı, qadınlar da var. Təəssüf ki, dələduzlar arasında qadınlar da kifayət qədərdir. Hətta elə dələduz kişilər var ki, qadının əmlakını ələ keçirmək üçün onunla nikaha girir.

Ötən illə müqayisədə dələduzluq halları təxminən 20 faiz artıb. Eləcə də, insanların bir-birilərindən borc alıb qaytarmamaları halları da 15 faiz artıb”.

Sümbülə Əliyeva xüsusi olaraq vurğuladı ki, maddi imkansızlıq üzündən borc alıb qaytarmama hallarına görə şikayətlər azdır: “Hətta elə hallar olur, borc verənlər qarşı tərəfin imkansızlığını görüb, pullarını geri almaq iddiasından vaz keçirlər. Təəssüf ki, belə hallara da rast gəlirik: kiminsə öz tanışı, dostu ilə problemi yarananda, iddia edir ki, guya o, bundan borc pul alıb. Bu il 4 belə iddia olub. Şər atanlar hüquq-mühafizə orqanlarına belə iddialarla bağlı müraciətlər ediblər. Lakin iddiaları təmin edilməyib. Tək-tək olsa da, belə hallara rast gəlinir”.

Hüquqşünas hesab edir ki, dələduzluq hallarının artması bəzi insanların asan üsulla varlanmağa cəhd göstərmələri ilə bağlıdır. Bir sıra şəxslər ətraflarındakı sadəlövh insanların inamından sui-istifadə edirlər. Dələduzların tilovuna düşənlər arasında savadlı insanlar, hətta hüquqşünaslar da var.

“Elə gəlini neynirəm ki, ilk gündən məni notariat kontoruna aparsın?..”

Ən çox şikayətlər, müraciətlər qrupunda boşanmalar ikinci yeri tutur: “Özü də indiki boşanmalar əvvəlki illərin boşanmalarından xeyli fərqlənir. Məsələ burasındadır ki, nikahın pozulması üçün əvvəllər müraciət edənlərin bir, iki övladı vardı. Və ya ikinci dəfə ailə quranlar idi. Amma indi boşananların əksəriyyətinin uşağı da yoxdur”.

Bəziləri hətta yenicə ailə quranlardır. Onlar bir neçə aydan sonra ayrılmağa qərar verirlər: “Müraciətlərə görə gəldiyim qənaət bundan ibarətdir ki, heç bəzi gənclərin, ümumiyyətlə, ailə qurmaq niyyəti olmayıb. Qanuna uyğun olaraq nikah müqavilələri bağlanmalıdır. Təəssüf ki, bir sıra hallarda buna riayət edən yoxdur.

Şəxsən özüm bir dəfə qayınanadan soruşdum ki, “sizin oğlunuz həyat yoldaşı ilə nikah müqaviləsi bağlayıb?” Cavab verdi ki, “mən elə gəlini neynirəm ki, ilk gündən məni, oğlumu notariat kontoruna aparsın?””

Bəziləri bunu mentalitetlə əlaqələndirirlər: “Lakin bir sıra məsələlərdə heç mentalitet yada da düşmür. Bu, mentalitet deyil. Toy başlamamış oğlan adamına-qız adamına bölünürlər, ikitirəlik yaranır.

Bir dəfə cütlük bizə müraciət edərək nikah müqaviləsi bağlamaq istədiklərini bildirdi. Qızın anası zəng edərək övladına dedi ki, “sənin məqsədin ailə qurmaq deyil. Buna görə də o qapıya getməmiş başqa məsələləri qaldırırsan”. Özü də həmin qadın ali savadlıdır, həkimdir, tibb müəssisələrindən birində rəhbərdir”.

Hüquq Məsləhətxanasına edilən müraciətlərin bir qismi də alimentlərin ödənilməməsi ilə bağlıdır: “Son vaxtlar bununla əlaqədar şikayətlər artıb. Düzdür, bunu boşananların hamısına şamil etmək olmaz. Amma bəzi kişilər qadına aliment verməmək üçün keçmiş həyat yoldaşları haqqında müxtəlif yalanlar uydurur, böhtan atırlar.

Tibb müəssisəsində işləyən xanıma xəstələrdən biri məsləhət üçün zəng edib. Qadının əri alimentdən boyun qaçırmaq üçün məhkəmədə iddia edir ki, baxın, filankəs mənim həyat yoldaşıma zəng edib. Araşdırmalarımız zamanı məlum oldu ki, qadına zəng edən şəxs heç kişi də deyilmiş. Bu, 78 yaşlı onkoloji xəstənin qızı imiş. Qız atasının səhhətinin pisləşdiyini görcək, həkimə məsləhət üçün müraciət edibmiş. Qadının əri isə bundan boşanmağa bəhanə kimi istifadə etmək istəyir”.

Bir sözlə, aliment verməmək üçün əksəriyyəti müxtəlif vasitələrə əl atır: “Alimentdən boyun qaçırmaq üçün keçmiş həyat yoldaşlarına böhtan atanlardan soruşuram ki, “bu qadın sizin uşaqlarınızın anasıdır, niyə onu ləkələyirsiniz?” Yalanlarla müxtəlif cür bəhanələr gətirirlər. Kimi deyir ki, aliment verməyə imkanı yoxdur, kimi başqa bəhanə gətirir. Təəssüf ki, aliment ödəməmək üçün hətta ən iyrənc vasitəyə də əl atırlar”.

O ki qaldı boşanmaların səbəblərinə, həmsöhbətimiz deyir ki, bunlar müxtəlifdir: “Səbəblərlə bağlı birmənalı mülahizə yürütmək çətindir. Bəzən cütlük hər hansı ailə məsələlərində vahid mövqeyə gələ bilmir.

Üçüncü şəxslərin müdaxiləsi səbəbindən də nikahların pozulması hallarına rast gəlinir.

Bir sıra hallarda boşanmalara valideynlər səbəb olur. Maddi sıxıntılar, nikahı dərk etməmək, ailənin qədrini bilməmək, sərxoşluq da boşanma səbəbləri arasında müəyyən yer tutur”.

Hüquq məsləhətxanasının rəhbəri sonda onu da qeyd etdi ki, son zamanlar narkotik vasitələrdən istifadə, habelə yol hərəkəti qaydalarının pozulması halları ilə də bağlı müraciətlər artıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm