Toğrul İsmayıl rus generalını yerinə oturtdu: "Yalançı özünüzsünüz" - VİDEO
Bizi izləyin

Nida.az

Toğrul İsmayıl rus generalını yerinə oturtdu: "Yalançı özünüzsünüz" - VİDEO

Moskvaya dəvət gələndə “getmə, provokasiya ola bilər” deyənlər də oldu”; “Türkiyə son hadisələr zamanı bu qaydalara uyğun davranıb.

Musavat.com-un xəbərinə görə, Türkiyə TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti Toğrul İsmayıl bu günlərdə Moskvada olub və NTV telekanalında canlı yayına qatılıb. Mövzu isə Rusiya-Türkiyə münasibətləri və təyyarə olayı ilə bağlı yaranmış vəziyyət olub. Gözlənildiyi kimi, canlı gedən verilişdə Rusiya-Türkiyə münasibətlərinin ovqatına uyğun olaraq, yaşanıb. Bundan beləsini Toğrul bəylə danışırıq. Ankaradakı müxbirimiz Moskvadan dönən kimi Toğrul bəylə görüşüb və nəticədə belə bir reportaj alınıb:

- Sizə verilişlə bağlı dəvət necə gəldi?

- Bu, əslində mənim çalışma istiqamətimlə bağlıdır. Hazırda Türkiyədə çalışdığım universitetdə və əməkdaşlıq etdiyim qurumlarda Rusiyanın xarici siyasəti, Avrasiya geopolitikası mövzuları üzərində çalışıram. Bu mənada, Avrasiya və Rusiya siyasi məkanında əlaqələrim var, ekspert kimi bir sıra tədbirlərdə, konfranslarda iştirak edirəm. Eyni zamanda, radio və televiziya proqramlarında dəfələrlə ekspert kimi iştirak etmişəm. Daha əvvəl də ORT-1, Vesti-24, “Lifenews”, RBC və sair tv və radiolarda müxtəlif səpkili reportajlarım olub. Sadəcə Rusiya deyil, Avrasiya məkanında bir sıra ölkələrdə media və düşüncə mərkəzləri ilə əlaqələrim var.

Son hadisədən, yəni Rusiya təyyarəsinin vurulmasından sonra ilk 3-4 gün ərzində azı onlarla media orqanlarına mövzu ilə bağlı açıqlama, müsahibə verdim. Ölkə rəngarəngliyinə baxsaq, Türkiyə mediası ilə yanaşı Rusiya, Ukrayna, Litva, Çexiya, Azərbaycan kimi ölkələrin media orqanlarından müraciətlər oldu.

- Bu qədər çoxsaylı media quruluşlarını Türkiyə ekspertindən öyrənmək istədiyi əsas sual nə idi? Özəlliklə, rusları nə maraqlandırırdı?

- Əsas suallar bu idi ki, Türkiyə niyə təyyarəni vurdu? Ankaranın marağı nə idi? Bundan sonra hansı addımlar ola bilər, nələr olacaq kimi suallar ünvanlanırdı. Tərəfsiz ekspert kimi mənim baxışımı istəyirdilər. Yəni, bu hadisə ikili münasibətlərə necə təsir edəcək, savaş çıxa bilərmi? Enerji layihələrinin taleyi necə olacaq və sair.
İlk sensasion hadisə Rusiyanın RCB telekanalında veriliş zamanı oldu. Canlı bağlantı zamanı verilişin gedişində gərginlik yarandı...

- Amma NTV-nin Moskvaya dəvəti daha fərqlidir. Yəni evdə telefonla və ya skaypla müsahibə vermək bir başqa, bir də var Moskvaya dəvət olunub, münasibətlərin gərgin olduğu bir zamanda canlı tokşouya çıxmaq... Bu, tamam başqa bir anlam daşıyır. Bu təklif gözlənilməz olmadı ki?

- Yox, gözlənilməz olmadı. Çünki bir növ, hazır idim. Həm dil baxımından, rus dilində təhsil aldığım üçün çətinliyim yox idi. İkincisi isə, tərəfsiz mütəxəssis olaraq həm Rusiyada, həm də Türkiyədə tanıyır və qəbul edirlər. Bu mənada dəvət gözlənilməz olmadı.

- Amma məsələ ondadır ki, siz ora gedəndə Rusiyada anti-türk ovqatı qaynayırdı. Belə bir vəziyyətdə ora gedərək gərgin mövzunun müzakirəsində iştirak etmək bir qədər riskli görünür...

- Daha əvvəl də bu tip təkliflər olsa da, getməmişdim. Çünki bu cür proqramların bir çoxu şou ağırlıqlıdır. Türkiyə, Amerika və ya Avropa ölkələrindəki tok-şoulardan xeyli fərqlənir. Bu mənada, Rusiyaya getmək, orda siyasi tok-şoularda iştirak etməyə daha əvvəl marağım olmayıb. Amma indi NTV-nin bu təklifini qəbul etməyimin əsas səbəbi son günlərdə Rusiyada təktərəfli olaraq atni-Türkiyə təbliğatının başlaması idi. Düşündüm ki, bu, belə bir ehtiyac var, ən azından, Türkiyənin mövqeyini Rusiya efirindən səsləndirmək, Türkiyənin mövqeyini, Türkiyə cəmiyyətinin görüşlərini Rusiya ictimaiyyətinə çatdırmaq zərurəti vardı. Bu səbəblərdən, müəyyən çətinliyi və ağır da olsa, hətta “getmə, provokasiya ola bilər” xəbərdarlıqlarına baxmayaraq getməyə qərar verdim.

- Verilişin formatından, qonaqlarından məlumatlı idinizmi?

- Əlbəttə, bu barədə bilgi vermişdilər. Hətta getmədən öncə qarşı tərəfdən kimin olacağını da bilirdim. Hətta bir anlıq vaz keçdim. Bundan sonra Rusiya tərəfi çox ciddi şəkildə israr etməyə başladılar. İsrarlardan sonra razılaşdım, cümə günü Ankaradan Moskvaya yola düşdüm. Əslində indiki vaxtda bunun çox ağır olacağını da bilirdim. Hətta provokasiyalara da özümü hazırlamışdım.

- Yeri gəlmişkən, adətən o cür tok-şoularda hər iki tərəfin belə desək, “elektoratı” olur, sizin də studiyada tərəfdarlarınız, belə desək dəstəkçiləriniz var idimi?

- Yox, mənim tərəfdarım yox idi. Hətta iştirakçılardan biri Türkiyə tərəfdarı kimi görünsə də, əslində rus milliyyətçisi idi və bu hadisədə Putini tənqid edirdi. Yəni məqsəd Putini tənqid etmək idi. “Soyuz Pravıx Sil” (Sağ Qüvvələrin İttifaqı) ictimai hərəkatının sədri Leonid Gozman idi. Ondan başqa yerdə qalanlar, aparıcılar da daxil olmaqla, hamı anti-Türkiyə ovqatında idilər.

- Özünüzə qarşı hansısa soyuq münasibət, təzyiq cəhdi hiss olundumu? Çünki verilişin başlamasından həmən sonra Rusiya rəsminin aqressiv münasibəti ekrana da yansıyırdı.

- Hava limanında yüksək səviyyədə qarşıladılar. Keçiddə heç bir çətinlik olmadı. Zatən, təyyarənin yalnız üçdə biri dolu idi, qalan yerlər boş idi. Hətta öyrəndim ki, bilet almış 38 nəfər səfərdən son anda imtina edib. Sərhədi keçərkən nə üçün gəldiyimi soruşdular, mən də dəvət məktubunu göstərdim, yəni elə bir problem yaratmadılar. Ondan sonra da hər hansı bir təzyiqlə qarşılaşmadım. Hava limanından birbaşa çəkilişlər üçün Ostankino mərkəzinə gedərək, NTV studiyasına yetişdik. Orada da proqram rəhbərliyi və aparıcılar tərəfindən yüksək səviyyədə qarşılandım. Yəni hər şey yüksək səviyyədə idi. Veriliş başlayana qədər hər hansı təzyiq cəhdi olmadı, verilişdən sonra isə yüksək səviyyədə, mehribancasına ayrıldıq, hətta verilişdə mübahisə etdiyim Frans Klintseviç, Federasiya Şurasının Müdafiə Məsələləri komitəsi sədrinin birinci müavini idi, o da ayrılarkən əlimi sıxaraq ayrıldı. Təqaüddə olan general-mayor İqor Sulim də ayrılarkən təşəkkürünü bildirdi.

- Bura qədər verilişdən danışdıq. Təqdim etdiyimiz video-link vasitəsi ilə verilişə də baxa biləcək, oxucularımız. Ona görə də gələcəyə dair suallara keçək: Sizin baxışınız nədir, Türkiyə-Rusiya münasibətlərinin taleyi necə olacaq? Artıq Rusiya Türkiyəyə qarşı sanksiyalar hazırlayıb, eyni zamanda Türkiyə də bəzi cavab addımları atmağa hazırlaşır.

- Burda əsas məsələ Rusiyanın bu məsələni hara qədər aparacağıdır. Yəni silahlı qarşıdurmadan danışmağa dəyməz, bu, imkansızdır. Amma ilk gündən Putinin sərt açıqlaması rəsmi Moskvanın bu hadisəni daxili siyasətdə alət kimi istifadə edəcəyini göstərir. Belə böhran vəziyyətlərində adətən tərəflər qarşıdurmaya getmək istəmirlərsə, mütləq məsələni böyütmədən həll yolları axtarılır. Burda verilən sərt mesajların olması normaldır, lakin bununla yanaşı hadisənin araşdırılması üçün iki tərəfin iştirakı ilə birgə komissiya yaradıla bilər və bununla da məsələnin həqiqi səbəbləri araşdırılıb üzə çıxarıla bilər. Və ya qarşı tərəf, yəni Rusiya beynəlxalq səviyyədə məsələnin araşdırılmasını tələb edə bilər və bunun nəticəsinə uyğun olaraq qərarlar verə bilər. Türkiyə tərəfi də müstəqil araşdırmanın nəticəsinə əsasən veriləcək qərara tabe olar. Bu fikri mən proqramda söylədim. Ancaq görünən odur ki, Rusiya siyasi dairələri məsələnin sakitləşməsində maraqlı görünmürlər, bu hadisədən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Rusiya dövlətinin Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar da bununla bağlıdır. Digər tərəfdən, Rusiyada Türkiyəni terrorçu dövlət adlandırır, İŞİD-i dəstəkləməkdə ittiham edərək, bir mənada türk düşmənçiliyini artırmağa çalışırlar.

- Sizcə, bu, Rusiyaya nə verir? Məqsəd nədir?

- Əslində, Rusiya özünə ziyan vurur. Bu hadisə təbliğat vasitəsinə çevrilib. Vurulan təyyarə adi bir nəqliyyat vasitəsi və ya sərnişin təyyarəsi deyildi, ən ağır silahlarla təchiz edilmiş dəhşətli ölüm cihazıdır. Bir anlığa düşünün ki, o təyyarənin daşıdığı bombalar Türkiyə ərazilərinə düşür. Hava sərhədlərini pozmaq bir dəfə və ya iki dəfə ola bilər. Amma bu, sistemli olanda cavab vermək atıq hər dövlətin borcuna çevrilir. Xatırlayırsınızsa, Rusiya təyyarələri deyil, hətta tankları da “yanlışlıqla” Ukrayna sərhədlərinə daxil olurdular. Türkiyə ciddi bir NATO ölkəsidir. Avropada ən güclü ordulardan birinə sahibdir. Belə bir dövlətin öz sərhədlərini qorumaq təbii haqqıdır, prestij məsələsidir. Xatırlayırsınızsa, daha əvvəllər də Rusiya təyyarələri Türkiyə hava sahəsini pozurdu. Amma o zaman müvafiq danışıqlardan sonra bu hadisənin bir daha təkrarlanmayacağına qərar verildi.

- Türkiyə nədən bu qədər sərt reaksiya verdi. İndi bir sıra politoloq və siyasətçilər də deyir ki, Türkiyə yumşaq davrana, təyyarəni vurmaya bilərdi. Bununla da münaqişə böyüməzdi.

- Xatırlayırsınızsa, 2012-ci ildə Suriya tərəfi hər hansı bir xəbərdarlıq etmədən Türkiyənin təlim uçuşu həyata keçirən F-4 təyyarəsini vurdu. Bu hadisə Türkiyədə ciddi əks-səda doğurdu. Halbuki o təyyarə sadəcə bir təlim təyyarəsi idi, silahı yox idi. Bundan sonra “Angajman qaydaları” deyilən dövlətin hava sərhədlərini müdafiə zamanı davranış qaydalarını sərtləşdirdi. Bu normalara əsasən, Suriya tərəfdən 30 mil məsafədə yaxınlaşan hər bir uçan obyekt təhdid olaraq görülür və xəbərdarlıq edilməyə başlayır. Xəbərdarlığı ən azı 5 dəfə etmək məcburiyyəti var. Əgər bu da diqqətə alınmırsa, sərhədə 5 mil qalmış artıq bu təyyarə Türkiyə hava sahəsinə daxil olmuş sayılır və yeni angajman qaydalarına əsasən məhv edilir. Türkiyə son hadisələr zamanı bu qaydalara uyğun davranıb. Diqqətinizə çatdırım ki, burda əsas mübahisə mövzusu Rusiya təyyarəsinin Türkiyə hava sahəsinə daxil olması deyil. Mövcud qaydalara əsasən, 5 millik ərazini keçib və bu zaman 10 dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, geri qayıtmayıb. Bununla birlikdə Türkiyə Baş Qərargahının rəsmi məlumatına görə, vurulan Rusiya təyyarəsində hansı ölkəyə məxsus olduğunu bildirən siqnal ötürücüsü söndürülmüş olub. Beynəlxalq hüquqa əsasən, mənsubiyyətini ifadə etməyən uçuş aparatı qanunsuz sayılır və məhv edilməlidir. Bu mənada Türkiyə haqlı olduğunu sübut edən dəlillər ortaya qoyur. Birincisi, iqtisadi sanksiyalar ciddi məsələ deyil. Bu məsələdə hər iki ölkə, ən çox da Rusiya zərər görəcək. Çünki Rusiyaya qarşı çoxsaylı və çoxtərəfli beynəlxalq embarqolar var. Məni daha çox bu məsələnin siyasi tərəfi narahat edir. Çünki Rusiya və Türkiyə ciddi qarşıdurmaya gedərsə, Qara dənizdən başlamış Mərkəzi Asiyaya uzanan regionda bu iki dövlətin onsuz da üst-üstə düşməyən görüşləri ciddi toqquşmaya çevrilə bilər.

- Müşahidəniz necə idi? Rusiyada türklərə qarşı münasibət, deportasiya xəbərləri gəlməyə başlayıb. Siz nə müşahidə elədiniz?

- Mən Moskvada olanda ilk bu cür xəbərləri almağa başladım. Bəzi məqamlarda rəqəmlərin şişirdilməsi cəhdləri də var. Amma ümumilikdə vəziyyət həddən artıq gərgindir. Səfirliyə hücum konsulluğun fəaliyyətinin dayanmasına gətirib çıxardı. Gömrüklərdə Türkiyə malları, maşınlar dayandırılır. Uzun sıralar yaranır. Ölkədə Türkiyə əleyhinə geniş təbliğat başladılıb, telekanallar dayanmadan anti-Türkiyə təbliğatı aparır. Türkiyədən gələn bir çox insanları hava limanından geri göndərirlər. Ən qorxunc olanı isə humanitar sahədə baş verən biabırçılıqlardır. Türk tələbələrini polis həbs edir, bir neçə saat heç bir əsas olmadan saxlayır. Tələbə yataqxanalarına müxtəlif bəhanələrlə reydlər təşkil olunur. Voronejdə bir ali təhsil müəssisəsində rektor Türkiyə tələblərinə, xüsusən də sonuncu kursda oxuyanlara zorla universitetdən imtina barədə sənəd imzalatmağa çalışıb. Hava limanında belə bir faktla qarşılaşdım. Bizim universitetlə Moskva Dövlət Universiteti arasında əldə olunmuş razılığa əsasən orada təhsil alan türkiyəli tələbələr vaxtından əvvəl geri qayıtmaq məcburiyyətində qalmışdılar. Bu isə heç də yaxşı əlamət deyil. Bir siyasi insidentin uzun illər ərzində formalaşmış əlaqələri pozulması və bunun nəticələrinin sadə insanlara dəyməsi üzücüdür. Çünki Suriya məsələsi Rusiya-Türkiyə münasibətlərində o qədər də mühüm yer tutan mövzu deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm