Geosiyasi qarşıdurma Qafqazda: atəşin üstünə kim neft tökəcək?
Bizi izləyin

Nida.az

Geosiyasi qarşıdurma Qafqazda: atəşin üstünə kim neft tökəcək?

Türkiyə ilə Rusiya arasında başlayan “təyyarə böhranı” iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vurdu. Qarşılıqlı ittihamlar və atılan addımlar fonunda gündəmə gələn məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. “Türkiyə Rusiyaya qarşı Qarabağdan cəbhə açır” manşetləri Rusiya mediasında əsas xəbərə çevrildi. “Kommersant” nəşrinin Moskva ilə yaranan böhrandan sonra Əhməd Davudoğlunun “Azərbaycan torpaqlarının azad olunması üçün əlimizdən gələni” edəcəyi açıqlamasından çıxış edərək ortaya atdığı bu iddiaya digər Rusiya KİV-ləri də xüsusi yer verdi.


“Yeni geosiyasi qarşıdurmalar Qarabağ atəşinə neft tökəcək”


Misal üçün, “solovei.info” saytı diplomatik mənbəyə istinadən Dağlıq Qarabağda müharibənin başlaya biləcəyi xəbərini yayıb.


“Dağlıq Qarabağ Türkiyə və Rusiya arasında ciddi qarşıdurmaya səbəb ola bilər. Ərdoğan Azərbaycan tərəfindən çıxış etmək niyyətindədir”, - deyə diplomatik mənbənin məlumatına deyilir.


“Polit.ru” saytı da eyni iddialardan çıxış edərək Qarabağda Ankara və Moskvanın müharibəyə başlayacağı ehtimalının güclü olduğunu yazıb.


Anlamaq lazımdır: Qarabağ Cənubi Qafqazda barıt çəlləyidir. Təhlükəsizlik siyasəti üzrə ixtisaslaşan Stokholm İnstitutunun direktoru Svante Kornell deyirdi ki, “Qafqaz münaqişələrində Qarabağ ən böyük strateji və ümumregional qiymətə malikdir. 1990-cı illərdən sonra Qarabağ münaqişəsi Qafqazda dövlətlərin əsas qarşıdurma nöqtəsinə çevrilib”. Kornellin dediyi kimi, Qarabağ Cənubi Qafqazda böyük müharibənin başlanması üçün ən qaynar nöqtədir. Görünür, yeni geosiyasi qarşıdurmalar Qarabağ atəşinə neft tökəcək”. Bu barədə isə “Svoboda Pressa” nəşri yazıb.


Publika.az xəbər verir ki, rusiyalı politoloqlar da regionda mümkün müharibənin ciddiliyi haqda danışırlar.


“Paris sammitində prezidentlərin görüşü vəziyyəti dəyişə bilər”


Hərbi ekspert Vadim Kozyulin hesab edir ki, Türkiyənin Qarabağ üzərindən Rusiyaya zərbə endirəcəyinə dair xəbərlər bir qədər şişirdilmiş olsa da, burada müəyyən həqiqət payı da var: “İndi iki ölkə arasında ciddi çatlar yaranıb və hər iki ölkənin siyasi addımları kəskinləşir. Bu baxımdan, Türkiyənin Qarabağ üzərindən Moskvaya həmlə edəcəyi də gözləniləndir. Lakin bu məsələdə hələlik tələsmək lazım deyil”.


Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanı dəstəkləyib: “Burada təəccüblü heç nə yoxdur. Lakin o da mümkündür ki, Ankara bu dəfə daha sərt həmlələr etsin. Qeyd etmək lazımdır ki, burada böyük risklər var. BMT-nin Paris sammitində prezidentlərin görüşməsi ehtimalı vəziyyəti dəyişdirə bilər”.


Ekspert Azərbaycanın da bu məsələdə ehtiyatlı davrandığını qeyd edib.


“Bakı əla anlayır ki, bu o qədər də xoşagələn hal deyil. Azərbaycan həm üçün qardaş ölkəsi, həm də qonşu Rusiya önəmlidir”, - deyə o, bildirib.


“Bakının ən azı yedi rayonu qaytarmaq imkanları yarana bilər”


Politoloq Qriqori Trofimçuk hesab edir ki. Ankaranın Qarabağ məsələsində Bakının yanında olduğuna dair bəyanatı Rusiyanın siyasi bəyanatlarına bir cavab idi: “Hansı ki, Vladimir Putin Türkiyənin Rusiya təyyarəsini vurmasını “arxadan zərbə” olaraq qiymətləndirdi. Hesab edirəm ki, Rusiyaya qarşı olan Qərb Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsindən maksimum istifadə edəcək. Burada birinci addım Qarabağ ola bilər”.


Politoloq qeyd edib ki, Qafqazda Rusiyaya qarşı atılacaq addımlar təkcə Qarabağla yox, digər münaqişələrlə də ola bilər.


“Türkiyə və onun Qərb müttəfiqləri Qarabağ məsələsində Bakıya ciddi dəstək verəcək. Bu dəstəkdən çıxış edən Bakının ən azı yedi rayonu qaytarmaq imkanları yarana bilər. Lakin Azərbaycan onu da anlayır ki, bu proseslərdə yeni müharibəyə cəlb oluna bilər. Əslində bu proses Cənubi Qafqazda təsir imkanlarının yeni bölgüsünə aparan məqsədə xidmət edir. Qarabağ münaqişəsini Rusiyanın diqqətdən yayındırmaq istəyirlər. Əslində Qərb Azərbaycana təzyiqlər etməklə Rusiya ilə münasibətlərini kəsmək istəyir”, - deyə o bildirib.


Qriqori Trofimçukun fikrincə, Rusiyanın diqqəti Qarabağ münaqişəsindən yayınsa, bu regionda yeni müharibənin olması ilə nəticələnə bilər: “Türkiyə praktiki olaraq Qafqazda güclənmək xəttini yerinə yetirir və əgər kimsə Türkiyəyə qarşı hücum etsə, bu, NATO-ya hücum etmək kimi qəbul olunacaq. Beləliklə, yarana biləcək qarşıdurma bütün Xəzər və Qara dəniz hövzəsini əhatə edəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm