Azərbaycanda “qadağan edilmiş” pullu döyüş növü - FOTOLAR
Bizi izləyin

İdman

Azərbaycanda “qadağan edilmiş” pullu döyüş növü - FOTOLAR

Son zamanlar kikboks idman növü daha da məşhurlaşmağa başlayıb. Əsas da bu idmanın K-1 üslubundakı döyüşlər... Ancaq K-1 döyüşlərinin təşkil edilməsi bu idman növünə olan marağı daha da artırdı.

Publika.az son zamanlar hər kəsin diqqətini çəkməyi bacarmış K-1 döyüşləri haqqında bəzi məqamları oxuculara təqdim edir.

“Brend”ləşmiş idman...

K-1 1993-cü ildə kikboksun bir növü olaraq meydana çıxdı. Ancaq daha ekstremal, daha həyəcanverici idman olduğu üçün ayrıca yarışların təşkil olunmasına qərar verildi. K-1 artıq idmanda bir “brend” olub desək, yanılmarıq. Son 3 ildə bu növdə yarışların dünya səviyyəsində keçirilməsi bir şirkətin səlahiyyətinə keçib. Belə ki, 2012-ci ilin yanvarından etibarən Honkonqda qeydiyyata alınmış “K-1 Global Holdings Limited” şirkəti “K-1”-in bütün hüquqlarını öz əlində cəmləşdirib. Hazırda da bu şirkət dünya səviyyəsindəki tədbirlərin təşkilatçısıdır.

Digərlərindən nə ilə fərqlənir?

Mütəxəssislər bu idman növü ilə məşğul olmaq istəyənlərə belə məsləhət verirlər: “K-1 döyüşləri sərt idman növləri arasında yer alır. Gücə əsaslanan bu idmanda texnikanı nə qədər yaxşı öyrənsəniz və gücünüzü o texnika üzərində qursanız, o qədər uğura yaxın olarsınız”.

K-1 kikboksun daha peşəkar forması olub, digər üslublar - "Full Kontakt" və "Lou Kik" üslublarına oxşardır. Ancaq, qaydalarda müəyyən fərqlər var. Məsələn, burada dirsək zərbələri qadağandır. Əgər döyüşçülər rinqdə yetəri qədər aktiv deyilsə, passivlik nümayiş etdirirsə, hakim döyüşü saxlamaq səlahiyyətinə malikdir.

İdmançıların qorunma niyyəti ilə rəqibinə sarılması hər şərtdə 5 saniyədən çox çəkə bilməz. Yan hakimlər icazə verilən yerlərə vurulan yumruq zərbələrini diz, ayaq, ya da digər texnikalarla bərabər qiymətləndirir.

Paltarlar və qoruyucu vasitələr

Xanım idmançılara bəzi mütləqiyyətlər var. Zərif cinsin nümayəndələri

üçün sinə qoruyucusu, əlcək, sarğı, ayaq qoruyucusu yoxdur. Yalnız ayaq biləyi qoruyucusundan istifadə edilə bilər. Böyük və gənc idmançıların paltarları eynidir. Kişilərə yalnız şort, qadınlar üçün ağ rəngli qolsuz “mayka” və şort məcburidir.

K-1 döyüşlərində raundlar...

K-1 döyüşləri 2 dəqiqəlik 3 raunddan ibarətdir. Həmçinin raundlararası fasilə 1 dəqiqədir. Ancaq iştirakçıların vəziyyətlərinə görə müsabiqə müddətləri və raundlar dəyişdirilə bilər.

Həmçinin qazanılan xallar bərabər olarsa, hakimlər qərar verməkdə çətinlik çəkərlərsə, peşəkar K-1-də “ekstraraund” deyilən əlavə vaxt da təyin edilə bilər...

Zərbə qaydaları

İcazə verilən texnikalardan istifadə edilərək bədənin aşağıda göstərilən hissələrinə vuruş tətbiq etmək olar:

Baş - ön və yan,

Gövdə - ön və yan,

Ayaqlarda - hər yerə - qaval sümüyü də daxil olmaqla - zərbələr endirilə bilər.

Əgər döyüş zamanı rəqibə endirdiyi zərbə nəticəsində idmançının özü ciddi zədə alarsa, rinqə qayıda bilməsə, bu zaman məğlub tərəf zədələnən idmançı olur. İstəkdən asılı olaraq, idmançılar yarışda məğlub olacağı təqdirdə bu günə qədər qazandığı bütün kəmərləri də ortaya qoya bilər.

Prezident marağı

Bu gün K-1-də bir çox idmançı var ki, onlar adları ilə xatırlanır. Yəni bu idmanda əfsanələşmiş döyüşçülər var: Stefan Leko, Badr Hari, Semi Şilt, Zabit Səmədov və başqaları...

Qeyd edək ki, “Mauqli” ləqəbi ilə tanınan “K-1” döyüşləri üzrə dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı, azərbaycanlı idmançı Zabit Səmədov karyerasında ən çox səbirsizliklə gözlədiyi və arzuladığı qələbəni əldə etmişdi. Belə ki, Z.Səmədov əzəli rəqibinə qalib gəlib. İdmançımız "Leqenda" turnirində əfsanəvi mərakeşli kikboksçu Badr Hari üzərində inamlı qələbə qazanıb. Zabit Səmədov əvvəllər iki dəfə qarşılaşdığı və hər dəfə məğlub olduğu rəqibini bu dəfə nokautla məğlub edib. Z.Səmədov bu qələbəsindən sonra müsahibəsində B.Harinin ona “Daha bəsdir. Artıq döyüşməyək” dediyini bildirmişdi.

Bu gün Çeçenistan Muxtar Respublikası başçısı Ramzan Kadırovun ən çox sevdiyi idman növlərindən biri məhz K-1 döyüşləridir. Həm bu yarışın təşkilində, həm də əfsanələrə olan qayğısı ilə diqqət çəkir. Bu gün Badr Hari, Zabit Səmədov kimi idmançılar R.Kadırovun dəfələrlə fəxri qonağı olub.

Onu da qeyd edək ki, bu gün Azərbaycan daxilində ayrıca K-1 döyüşləri təşkil olunmur. K-1 bizdə kikboksun tərkibində həvəskar formatda təqdim olunur.

K-1-də idmançılara çatacaq pul mükafatları reytinqə görə müəyyənləşir. Reytinqi yüksək olan idmançılar daha böyük pullar qazanmaq iqtidarındadır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm