“Milli-mənəvi dəyərlərimiz və müasirlik" mövzusunda dəyirmi masa
Bizi izləyin

Qırmızı.az

“Milli-mənəvi dəyərlərimiz və müasirlik" mövzusunda dəyirmi masa

30 noyabr 2015-ci il tarixində Milli Dəyərlərin Təbliği ictimai birliyi tərəfindən Beynəlxalq Mətbuat Mərkəzində "Milli-mənəvi dəyərlərimiz və müasirlik" mövzusunda dəyirmi masa keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Rövşən Məmmədov Milli Dəyərlərin Təbliği ictimai birliyinin milli dəyərlərin təbliğində və qorunub saxlanmasındakı əhəmiyyətli rolundan bəhs edib. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərə verdiyi əhəmiyyətə diqqət çəkib. Bu tədbirlərdən biri olan bugünkü dəyirmi masada müzakirə olunacaq mövzunun aktuallığına toxunub. Birliyin bu tədbiri keçirməkdə məqsədinin xalqımızın zəngin milli-mənəvi dəyərlərini araşdırmaq, təbliğ etmək və qorunmasına köməklik göstərmək olduğunu bildirib. Aparıcılıq üçün söz tanınmış jurnalist Seymur Verdizadəyə verilib.

Sonra AMEA Fəlsəfə və Hüquq İnstitutu, İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Füzuli Qurbanov “Milli-mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda çıxış edib. Milli-mənəvi dəyərlərin hər bir fərdin həyatının ayrılmaz bir hissəsi olduğunu bildirən professor, dəyərlərin bizim kimliyimizi ifadə etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, milli-mənəvi dəyərləri qorumaq, özünü, vətənini qorumaqdır. Müasirləşmənin təsiri ilə unudulmağa üz tutan dəyərlərin qorunmasında xüsusilə gənc nəslin üzərinə böyük vəzifə düşdüyünü vurğulayıb.

AMEA Folklor İnstitutu, Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, Seyfəddin Rzasoya “Müasir Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin əhəmiyyəti” mövzusunda danışıb. O, hər bir milləti, xalqı ayaq üstə saxlayan onun milli dəyərləri olduğunu diqqətə çatdırıb. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında türklük və İslam dininin rolundan bəhs edib. Eləcə də milli-mənəvi dəyərlərin etnik mental dəyərlərdən başladığını bildirib. Dini dəyərlərin milli-mənəvi dəyərlərin ayrılmaz bir hissəsi olduğuna, xalqımızın dəyərlərinin formalaşmasında keçən taxiri mərhələlərə toxunub.

AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, Elvüsal Məmmədov isə “Milli-mənəvi dəyərlərin harmoniyası” haqqında danışıb. O qeyd edib ki, zəif mədəniyyətlər qloballaşmaya tab gətirmir. İnsanların dünyagörüşünün cılızlaşması tədricən dəyərlərin aşınmasına gətirib çıxarır. Dünyaya inteqrasiya milli kimliyin qorunub saxlanması ilə olmalıdır.

AMEA Şərqşünaslıq İnstitutu “Şərq-Qərb” şöbəsinin aparıcı elmi işçisi, şərqşünas-islamşünas, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı isə milli-mənəvi dəyərlərin qorunması üçün gənc nəslin milli vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini bildirib. H. B. Zərdabi və Ə. Ağaoğlundan misallar gətirib.

İştirakçıların qonaqlara ünvanlanan sualları cavablandırılıb, fikirlər dinlənilib. Sonda, belə görüşlərin təşkil olunmasının əhəmiyyətindən bəhs edilib, qonaqlar və iştirakçılar bu tədbirin təşkilinə görə Milli Dəyərlərin Təbliği ictimai birliyinə öz təşəkkürünü bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm