Azərbaycan İslam dünyasında: Prezidentin siyasəti nəyi sübut edir?
Bizi izləyin

Nida.az

Azərbaycan İslam dünyasında: Prezidentin siyasəti nəyi sübut edir?

Azərbaycan dünyada İslam dininin qorunduğu və tolerantlıq nümunəsi olan yeganə ölkə hesab oluna bilər. Bu ölkədə bütün dini etiqadlara azad şərait yaradılması ilə yanaşı, cəmiyyət olaraq bütün dini inanclara hörmətlə yanaşılır. Təbii ki, buna ölkə rəhbərliyinin apardığı siyasət nəticəsində nail olunub.

2015-ci ildə baş vermiş iki hadisə bunu əyani şəkildə sübut etdi.


9 yanvar 2015-ci il. Axşamdan yağan qar yollarda gediş-gəlişi məhdudlaşdırmışdı. Küçəyə çıxan insanlar hər an yıxıla və zədələnə bilərdilər. Həmin gün səhərin soyuğunda iki gənc kilsəyə gedən yolu qardan təmizləyir, ibadətə gələn insanların rahat yeriməsi üçün yol açırdı. Onlar xristian deyildi, sadəcə, Allah yaratdığı bütün canlıları sevən müsəlmanlar idi.


Bu örnək həmin tarixdən iki gün öncə Fransada baş verən terrordan sonra müsəlmanlara qarşı başlayan hücuma ən gözəl cavab idi. Dünyanın mədəniyyət paytaxtlarından biri hesab olunan Parisdə müsəlmanlar təqib olunur, məscidlər yandırılır, İslamın peyğəmbəri təhqir edilirdi. Parisdən çox uzaqlarda isə insanlar kilsəyə gedən yolu qardan təmizləyirdi. Bura nə İslam fundamentalizminin hökm sürdüyü Yaxın Şərqdir, nə də liberal dəyərlərin hakim olduğu Avropa. Bura Bakıdır. Dünyaya bu qədər sadə və gözəl humanizm örnəyini yalnız Azərbaycan göstərə bilərdi. Çünki bu ölkə əsrlər boyu hər kəsin dini inancına, etnik tərkibinə hörmətlə, sevgi ilə yanaşıb. Bu ölkədə birinci şəxsdən tutmuş, sadə vətəndaşa qədər hər kəs qarşılıqlı hörmət, etibarla yaşayır.


Bu torpaqlarda min illərdir müxtəlif millətlər, dinlər bərabər və sülh şəraitində birgə yaşayır. Əhalinin 96 faizi müsəlmandır. Lakin xristianlıq və iudaizm üçün Azərbaycanda həmişə yaxşı şərait var. Xristianların əksəriyyəti rus pravoslav və gürcü pravoslav kilsəsinə məxsusdur. Yəhudilərin çoxu dağ yəhudiləri və əşkinazi yəhudiləridir. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz Bakı şəhərində açılıb. Hətta Bakının ən mərkəzi küçələrinin birində erməni kilsəsi durur. Halbuki Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistan həmin ərazilərdəki nəinki məscidləri, insanların qəbirlərini belə dağıdıb. Atalarının, analarının qəbirləri dağıdılan, evlərindən, doğma yurdlarından didərgin düşən insanlar həmin erməni kilsəsini yerlə-yeksan edə bilər. Lakin Azərbaycan xalqı üçün həmişə əsas olan bir məsələ var: tolerantlıq, başqasına aid inanclara hörmət, bəşəri dəyərlərə qiymət. Bu ölkənin əsrlər boyu ayaq üstə qalmasında ən mühüm rol oynayan amillərdən biri də məhz budur.


Azərbaycan ölkədə hakim din olan İslamın qorunması, dünyada təbliği və genişlənməsi üçün ciddi iş aparan ölkələrdəndir. Sovet dövründə ölkədə cəmi 17 məscid olmasına baxmayaraq, müstəqillik dövründə onların sayı iki minə çatdırılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2013-cü ildə dünyanın ən qədim məscidlərindən biri hesab olunan, 743-cü ildə tikilmiş Şamaxı məscidi ən yüksək səviyyədə bərpa edilib.


Statistika: 1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunub, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb, 16 məscid yenidən qurulubdur. Dövlət vəsaiti hesabına 1998-ci ildə Bibiheybət məscid-ziyarətgah kompleksi əsaslı şəkildə yenidən qurulub. 2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa, əsaslı təmir və yenidənqurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub. Dövlət başçısının sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy məscidində, Şamaxı Cümə məscidində, həmçinin Gəncə şəhər İmamzadədə əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb.

Heydər Əliyev Fondu tərəfindən 7 məscid və ziyarətgah – Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza məscidləri inşa və ya əsaslı təmir olunub.

Azərbaycanda İslam dininə ölkə rəhbərliyi tərəfindən xüsusi önəm verilir. Dövlət başçısı İlham Əliyevin öz ailəsi ilə birlikdə Həcc ziyarətinə getməsi də bunun bariz nümunəsi idi. Azərbaycanda dini azadlıq Konstitusiya ilə qorunur. Əsas Qanunun 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı, dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var.


Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESKO kimi aparıcı təşkilatların fəal üzvü olaraq İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir. Təsadüfi deyil ki, Bakı 2009-cu ildə İslam Mədəniyyəti paytaxtı elan edildi. Həmçinin İSESKO tərəfindən 2018-ci il üçün “Naxçıvan İslam mədəniyyətinin paytaxtı” elan olunub. Gəncə və Şəki də “İslam mədəniyyətinin paytaxtları” layihəsində iştirak edəcək. Bütün bunlar dünyanın İslam dininin və mədəniyyətinin qorunduğu, İslam dünyasında önəmli rol oynayan ölkəmizə tolerantlığın yüksək səviyyədə inkişaf etdiyi məkan kimi etimad göstərməsinin nəticəsidir. Yaxın zamanlarda Bakıda İSESKO-nun regional mərkəzinin yaradılması nəzərdə tutulub. Bu mərkəz İslam aləmində humanitar əməkdaşlığın dərinləşdirilməsində, İslam həmrəyliyinin gücləndirilməsində fəal rol oynayacaq. Azərbaycan müsəlman aləmində ilk ölkə Vatikanda öz sərgisini nümayiş etdirməsi də ölkəmizin İslam dünyasındakı mühüm rolunu isbat edir.


Dinlərarası, millətlərarası əlaqələrin inkişafında mühüm rol oynayan Azərbaycan Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri kimi mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. 2016-cı ildə Bakı şəhəri BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi edəcək. Dünyaya tolerantlıq örnəyi olan Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.


İsrailli ekspert Arye Qutun təbirincə desək, “Azərbaycan əsl sülh göyərçinidir” və bu ölkə dünyada şiddətlə artan islamofobiyaya, İslamın mahiyyətinin təhrif edilməsinə, onu terrorla eyniləşdirməyə qarşı ən kəskin şəkildə öz səsini ucaldır.


Hazırda dünya nizamına nəzər saldıqda xoşagəlməz mənzərə ilə qarşılaşırıq. Hətta dünyanın hegemon ölkəsi olan ABŞ-ın özündə belə vəziyyət ürəkaçan deyil. Bu ölkədə qaradərililərə qarşı təqiblər göz önündədir. Avropada yaşananların isə dünyada “çatların” olduğunu əyani şəkildə göstərir.


XXI əsrdə multikulturalizmin alternativləri, demək olar ki, yoxdur. Bunun alternativi ayrı-seçkilikdir, ksenofobiyadır, rasizmdir, faşizmdir. Mən hesab edirəm ki, XXI əsrdə mütərəqqi bəşəriyyət bu xoşagəlməz meyllərin qarşısının alınması üçün daha da fəal olmalıdır. Əfsuslar olsun, bəzi hallarda biz başqa fikirləri də eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur. Bəzi ölkələrdə isə bu məsələ ilə bağlı çox bədbin əhval-ruhiyyə hökm sürür. Halbuki, dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması zamanın tələbidir. Bizim də əsas amalımız multimədəniyyətli cəmiyyətlərin inkişafına öz töhfəmizi verməkdən ibarət olmalıdır. Biz bu məsələdə dünyaya müsbət təcrübə göstərməliyik. Çünki Azərbaycanda bu sahədə qazanılan təcrübə müsbət təcrübədir”.


Prezident İlham Əliyevin bu sözləri dünyanın, eləcə də Azərbaycanın vəziyyətini açıq şəkildə göz önünə sərir.


Azərbaycan bu gün bütün İslam dünyası ilə sıx əməkdaşlıq edir. O cümlədən Fələstin dövlətinə ciddi dəstəyi ilə seçilir.
Fələstin dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim rəsmi Bakının dəstəyini belə şərh edir: “Fələstin Azərbaycan əlaqələri tarixi köklərə dayanır. Bu əlaqələr keçmiş prezidentlər Heydər Əliyev və Yasir Ərəfat dövründən mövcuddur. İki xalq arasında qardaşlıq bağları var. Bu qardaşlıq bağları xalqların və hər iki dövlətin biri-birinə olan daha yaxşı münasibətindən irəli gəlir. Azərbaycan hər zaman Fələstinin yanında olub. Ona dəstək olub. Bu, istər dövlət səviyyəsində, istərsə də xalq səviyyəsində belə olub. Bütün siyasi dairələrdə də bu belədir. Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov məhz Fələstin dövlətinin suveren bir dövlət kimi tanınması məsələsini gündəmə gətirirlər”.


Göründüyü kimi, Azərbaycan İslam dünyası üçün önəmli bir ölkədir və bütün bunlar ölkə Prezidentinin və dövlətin İslam dininə, dini dəyərlərimizə verdiyi böyük əhəmiyyətin təzahürləridir.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm