“Yoluxduğumu eşidəndə dünya başıma yıxıldı...” – İİV-li narkomanın HƏYAT HEKAYƏSİ
Bizi izləyin

Qırmızı.az

“Yoluxduğumu eşidəndə dünya başıma yıxıldı...” – İİV-li narkomanın HƏYAT HEKAYƏSİ

“Bu xəstəlik haqqında çox az şey eşitmişdim. Eşitdiklərim çox qorxunc idi. Elə bilirdim ki, bu xəstələr çürüyüb ölürlər. Özümün yoluxacağım ağlıma gəlməzdi. Xəstə olduğumu biləndə dünya başıma yıxıldı. Ən çox düşündüyüm isə həyat yoldaşım və dünyaya gəlməmiş övladım idi...”

Narkotik almaq üçün əmisinin evini apardı...

40 yaşı var. Adını yazmayacağımıza söz verəndən sonra başına gələnləri bizimlə bölüşməyə razı olur. Əslində, bu inamsızlığını anlayırıq. Hər cür imkanı, evi, maşını insanlara inamına görə əlindən çıxan, narkotik istifadəçisinə çevrilən, bir anda həyatı dəyişən, sonda da İİV virusuna yoluxan birindən ilk dəfə qarşılaşdığı jurnalistə inanmağı gözləmək sadəlövhlük olardı. Amma həyat hekayəsinin başqalarına da dərs ola biləcəyini bildirəndən sonra danışmağa razılaşır:

- Orta məktəbi bitirəndən sonra iş üçün Rusiyaya getdim. Orada özümə yaxşı iş qurdum. Qısa zamanda maşınım, evim oldu. Hər şey yaxşı idi, ta ki rayondakı tanışlarımdan biri Rusiyaya gələnə qədər. Narkotik satmaq istəyirdi. Narkotik Rusiyada çox populyardır. Bir ara lap dəb idi. Deyirdilər, məqsəd rusları yıxmaqdı, biz müsəlmanlar yıxıldıq...

Ona kömək etməyimi istədi, əvvəl razı olmadım, çünki halal pulumu qazanırdım. Amma sonra yoldan çıxdım. Əvvəl ancaq vasitəçilik etməyə başladım. Belə-belə daha çox pul qazandım. Pul qazandıqca həvəslənirdim. Şirnikləndirdilər, özüm də istifadə etdim. Bir-iki dəfə istifadə edəndən sonra da aludə oldum. Ancaq uzun çəkmədi, bir gün narkotiki əlimdə tutdular. Arxamda dostlar var idi, evimi, maşınımı satandan sonra əlavə pul da topladılar. Həbsə düşmədim, amma əlimdə heç nə qalmamışdı. Tüfeyli həyata başladım, bir müddət xırda işlərlə məşğul oldum, ancaq qazancımın hamısı narkotikə getdi. Narkotikə ilk dəfə həvəsləndirirlər, “özünü daha yaxşı hiss edəcəksən” deyib, yoldan çıxarırlar. Amma elə olmur. Sadəcə, bir az baş dumanlanır, bir az kefli olur, lakin uzun müddət davam etmir. Əksinə, həm pul, həm də can gedir. Bir az vaxt keçdikcə doza da artır. Nəticəsi isə ölümdür...

Rusiyada bir müddət belə yaşayandan sonra vətənə qayıdır. 10 ildir ayrıldığı ailəsində çox şey dəyişmişdi. İş adamı olan iki qardaşı narkotikdən ölmüşdü. Dediyinə görə, narkotikə o qədər aludə olubmuş ki, qardaşlarının ölümündən belə xəbərsiz olub:

- Tüfeyli həyat yaşayırdım, ailəmlə əlaqəm kəsilmişdi. Ona görə qardaşlarımın ölümünü ancaq geri qayıdandan sonra bildim. Yüksək dozadan ölmüşdülər. Amma onların ölümü mənə dərs olmadı. Rayonda çox qalmadım, işləmək üçün Bakıya gəldim. Bir az kafedə ofisiant, sonra da tikintidə fəhlə işlədim. Lakin həmin illərdə heç bir narahatlığım, ağrılarım olmayıb. İşlərim də pis getmirdi. Yaxşı qazanırdım. Bu zibil elədir ki, “kruq”a düşdün, çıxmaq olmur. Qonşumuzda bir oğlan vardı, bir gün o təklif etdi ki, narkotikdən istifadə edim. Rusiyada olanda çəkirdim deyə onun məni razı salmağı çətin olmadı. Bir gün də iynənin daha sərfəli olduğunu dedi. Beləcə, iynəyə başladım. Həmin qonşum da narkotikdən öldü. İşlədiyim vaxtda əsas pulum narkotikə gedirdi. Bəzən olurdu ki, gün ərzində 20-25 manat qazanırdım, hamısını narkotikə verirdim. Hətta ailəm də oğurluq etməməyim üçün mənə pul verirdi. Bir dəfə isə narkotikə pulum olmadığına görə əmimin evindən oğurluq etdim. Gəlini məni polisə verdi. Əmim eşidəndən sonra şikayətlərini geri götürdülər...

Sevgi narkotikə qalib gəldi…

Bütün bunlar ona dərs olmur, narkotikdən əl çəkmir. Ancaq bu, aşiq olana qədər davam edir. Uzaq qohumlarının yaşca özündən xeyli kiçik olan qızını sevir. Bundan sonra yavaş-yavaş narkotikdən uzaqlaşır. Düzdür, bu, o qədər də asan olmur:

- Özüm özümü müalicə edirdim. Narkotik asılılığından xilas olmaq üçün heç vaxt müalicə qəbul etməmişəm. İradəm güclüdür, istəyəndə, çəkmirdim. Düzdür, ağrılarım çox olurdu, amma ağrıkəsici qəbul edirdim, 10-15 gün yataqda qalandan sonra özümə gəlirdim, normal həyatıma davam edirdim. Narkotikdən ayrılandan sonra həmin qızla ailə qurdum. Ona narkotik istifadəçisi olduğumu demişdim. Amma o, məni qəbul etdi. İki ildir narkotikdən, o həyatdan uzağam...

Sevdiyi qızla ailə qurub, o həyatdan uzaqlaşdığını, hər şeyin geridə qaldığını düşünərkən qəfildən həyatı, bu günü və gələcəyi alt-üst olur:

- Hər şey çox yaxşı idi. Uşağımızın dünyaya gələcəyi günü səbirsizliklə gözləyirdik. Bir gün qəfildən mədəmdən ağrılar başladı. Əvvəl keçəcəyini düşündüm. Ancaq ağrılar daha da bərkiyirdi. Həkimə getdim, bir az müalicə alandan sonra məsləhət bildilər ki, qan analizi verim. Xəstəxanada qaldığım vaxtda cavab gəldi. Məlum oldu ki, İİV-ə yoluxmuşam. Virusa yoluxduğumu eşidəndə dünya başıma yıxıldı, bu xəstəlik haqqında məlumatım az idi. Onun yoluxucu, ağır bir xəstəlik olduğunu bilirdim. O an bütün həyatım gözümün qarşısından keçdi. İlk ağlıma gələn həyat yoldaşım və hələ dünyaya gəlməmiş övladım oldu. Mənim yaşda kişinin ağlayacağına inanmazsınız bəlkə də, amma onları fikirləşəndə hönkür-hönkür ağladım. Həkimlər yoldaşımın hamilə olduğunu bilirdilər, onun və uşağın həyatına təhlükə olduğuna görə tez müayinə etdilər. Nə onda, nə də uşaqda virus çıxmadı. Bəlkə də, bu, həyatımda eşitdiyim ən xoş xəbər idi...

Bu xəbər ona bir az da olsa, stimul verir. Bir ay dərmanları qəbul edir. Amma xəstə olmağını qəbul edə bilmir:

- QİÇS sözü çox qorxulu gəlirdi. Artıq həyatda hər şeydən əlimi üzmüşdüm. Düşünürdüm ki, onsuz da ömrümə çox qalmayıb. O vaxt xəstəlik haqqında məlumatım çox deyildi. Elə bilirdim ki, bu virusa yoluxanlar çürüyür. Ona görə ailəmdən, müalicədən imtina edib rayona getdim. Orada səfil həyatı yaşayırdım. Yenidən narkotikə qurşandım. Elə fikirləşirdim ki, onsuz da öləcəm, çətin günlər yaşamadan, tez ölsəm yaxşıdır. Müalicəni dayandırdığıma görə artıq normal hərəkət edə bilmirdim, ayaqlarımda ağrılar olurdu. Elə bilirdim daxili orqanlarım parçalanır, çox əsəbi olurdum...

Lakin o, ailəsindən imtina etsə də, ailəsi, yaxınları ondan əl çəkmir. Onu yenidən həyata qaytarırlar:

- Qohumlarım mənə dəstək oldu. Onlar olmasa, bəlkə də, ölmüşdüm. 5 aydır ki, müalicə olunuram. İndi daha yaxşıyam. Bu dəfə inandım ki, müalicə xeyrimədir. Ona görə müalicəmi davam etdirəcəm. Bilirəm ki, yaxşı olmaq öz əlimdədir. Gərək dərmanlarımı vaxtında içim ki, özümü yaxşı hiss edim. Xəstəliyimi hamı bilir. Çoxlarının yaxınları bu xəstəlikdən qorxsalar da, mənim yaxınlarım, əksinə, xəstəliyi ciddi qəbul etmir. Çox adam kənardakıların fikirlərindən qorxur, xəstəliyi gizlədir. Amma mən getdiyim hər yerdə xəstəlik haqqında danışıram. Əvvəl çəkinirlər, əllə görüşəndə xəstəliyin onlara də keçəcəyini düşünürlər. Sonra onlara xəstəliyin hansı yollarla keçdiyini izah edirəm. Bir az ünsiyyətdən sonra normal davranırlar. Amma qonaq getdiyim heç bir yerdə boşqab, stəkan ayrılması ilə qarşılaşmamışam. Elə şey olsa, küsərəm.

İndi xeyli nikbindir, həyata baxışı dəyişib, gələcəyə ümidlə baxır:

- Özümə Allah nə qədər ömür veribsə, yaşayacam. İndi etdiklərimdən utanmıram, bilirəm ki, yaxşı olsam, hamı məni çox istəyəcək. Amma yenidən o yola qayıtmaq ölümdən betərdi. İndi keçmiş barədə düşünmək istəmirəm. Ancaq ailəm üçün daha yaxşı gələcək istəyirəm. Oğlum gəzir, onun yanında olmaq istəyirəm. Özüm yaxşı övlad olmamışam, amma onu yaxşı böyütmək istəyirəm...

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm