Bakının “Ələmut qalası”, yaxud təhlükə nə qədər yaxındır?
Bizi izləyin

Nida.az

Bakının “Ələmut qalası”, yaxud təhlükə nə qədər yaxındır?

Paytaxtın 25 kilometrliyində yerləşən Nardaran məsafə baxımından Şərqlə Qərbi özündə birləşdirən dünyəvi Bakı mədəniyyətindən uzaq deyil. Uzaq olan düşüncə və zaman kəsiyidir. Axı İslam dini müasirliyin əleyhinə deyil, əksinə, Allahın yer üzünə göndərdiyi ən sonuncu din olaraq daim müasir olaraq qalmaqdadır. Bəs müasir paytaxtın gözləri önündəki Nardaran niyə bu qədər geridə qalıb, daha doğrusu, yeniliyi yaxın buraxmır?


...Qara bayraqlar, müxtəlif dini adların verildiyi küçələr, qəribə şüarlar, uşaqların dövlətin təhsil müəssisələrinə deyil, mədrəsələrə göndərilməsi...


Cəlil Məmmədquluzadə “Gözlərimi dünyaya açanda ilk gördüyüm qaranlıq dünya olub” deyə yazırdı və bu gün Nardaranda dünyaya göz açan uşaqlarla da vəziyyət eynidir. Kiçik uşaqlar radikal dini təbliğatların qurbanına çevrilib. Noyabrın 27-də “facebook” sosial şəbəkəsində heç 10 yaşı olmayan bir nardaranlı uşağın yayılan videosujetində “biz Hüseynin əsgərləriyik, biz bu yola ölmək üçün gəlmişik” deməsi dəhşətli və təəssüfedici mənzərə idi. Belə görünür ki, bu qəsəbədə gələcəyimiz məhv edilir, eynilə Cəlil Məmmədquluzadənin zamanında olduğu kimi. Lakin Cəlilin yaşadığı vaxtdan bir əsr keçib. O vaxtdan Azərbaycan da çox dəyişib, müstəqil olub, dünyanın əsas güc mərkəzlərindən birinə çevrilib. Nardaran isə bu qədər dəyişikliyin arasında orta əsrlərin qaydalarına uyğun yaşam tərzi seçib. Bu yaxşıdırmı? Bəzilərinə görə, bəli, yaxşıdır və həmin bəzilərin “bəli” cavabını araşdıranda arxasından boylanan nələrsə görünür. Elə Nardaranı “orta əsr”də saxlayanların niyyəti də.


Bu qəsəbədə dini həssaslığın olması təkzibolunmaz faktdır və dünyanın ən müxtəlif dinlərinə qucaq açan, İslam dəyərləri birbaşa dövlət rəhbərliyi tərəfindən qorunan Azərbaycanda Nardaranın bu özəlliyinə həmişə hörmətlə yanaşılıb. Rəvayətlərə görə, Nardaran müqəddəs torpaqda yerləşir, çünki yenə rəvayətə görə, 7-ci İmam Museyi Kazimin qızı Rəhimə və onun həyat yoldaşı Mir Əbdullah burada dəfn olunub. Azərbaycan dövləti bütün dini inancların müqəddəs yerlərini qoruduğu, daim bərpa etdiyi kimi, bu məkanı da diqqətində saxlayır. Lakin problem Nardaran qəsəbəsinin əhalisi arasındakı müəyyən qrupun bütün Azərbaycan xalqının sahib olduğu bu müqəddəsliyi mənimsəməsindədir və bunun nəticəsidir ki, bu gün həmin qrup qəsəbədə “özünəməxsus üsul-idarə” formasında “Ağsaqqallar Şurası” yaradıb, Azərbaycanın konstitusion quruluşuna qarşı çıxır, dövlət orqanları ilə ultimatum dili dilə danışır, qəsəbədə hakimiyyət orqanlarının fəaliyyətinə maneələr yaradır.

Onların “qan su yerinə axacaq” kimi dövlətə yönəlik təhdidləri buna açıq sübutdur. Lakin bu qruplar təkcə dövlətin idarəçilik sistemi ilə deyil, bu dövlətin vətəndaşları ilə də razılaşmır, “bizdən olmayanlar bizim düşmənizimdir” kimi İŞİD-ə məxsus prinsiplərlə davranır. Misal üçün, Nardarandan olmayan, lakin orada mülk, bağ əldə etmiş vətəndaşların heç biri qəsəbəyə girə, öz mülklərinə baş çəkə bilmir. Burada “ağalıq” eşqinə düşənlər “özlərindən olmayanları” təhdid edir, onların həyatına təhlükə yaradırlar.


... XI əsrdə Həsən Səbbahın “Haşhaşilər” adı ilə öz tərəfdarlarını Əlamut qalasına toplaması və o dövrlərin mövcud idarəçilik sisteminə qarşı özünəməxsus üsullarla, yəni çağdaş dünyanın dili ilə desək, terrorla çıxması kimi tarixin dəhşətli üzü XXI əsrdə yenidənmi qayıdır? XXI əsrin Həsən Səbbahı olmaq eşqinə düşən Tale Bağırzadə kimilər Nardaranı “yeni Ələmuta” çevirmək istəyirlər?!


- “Haşhaşilər” haqda müxtəlif tarixi versiyalar olsa da, onların vəd olunan cənnət qarşılığında ölümə getmələrinin səbəblərindən birinin məhz həşiş-narkotikdən istifadə etmələri olduğu deyilir.


- Bu gün Nardaranda Azərbaycanın dövlət quruluşuna qarşı çıxan gənclər arasında narkotik istifadəsinin geniş yayıldığı haqda məlumatlar var.


Ələmutla Nardaranın, Səbbahla Bağırzadə kimilərin müqayisəsi fonunda bu məlumatlar nə qədər təsadüfdür?! Nə təsadüf ki, Səbbahın öz şəbəkəsini qurmaq üçün istifadə etdiyi ideologiyanın əsaslandığı cəfərilik bu gün Tale Bağırzadə və onun Nardaranda yaratdığı şəbəkədə də əsas ideoloji rola malikdir. Söhbət cəfəriliyin mübarizənin bu formasını məqbul saymasında deyil. Nə qədər yanlış olsa da, bu şəbəkələrin cəfəriliyi öz “terror yolunda” ideoloji xətt olaraq görməsindən gedir.


Məhz bu tarixi müqayisə Nardarandakı hazırkı əhval-ruhiyyənin Azərbaycan dövlətçiliyi üçün nə qədər təhlükə olduğunu sübut edir. Lakin təhlükənin ciddiliyi bununla yekunlaşmır. Müasir siyasi təcrübəyə baxanda bu cür kompakt dini ideologiyaların formalaşdığı məkanların işğal kimi zorakı faktorlarda da rol oynadığını görə bilirik.


... 2008-ci ilin “beş günlük” müharibəsində Rusiya Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgəsini ələ keçirməyi bacardı. Lakin rusların gücü təkcə qüdrətli ordu ilə yekunlaşmırdı. Burada rol oynayan faktorlardan biri məhz din idi. Çünki Abxaziya və Cənubi Osetiyada əvvəldən “Rus Pravoslav Kilsəsi Patriarxlığı”nın təsiri böyük idi. Əhali bütövlükdə din baxımından rus kilsəsinə bağlı idi və bu amil nəticəyə də təsir etdi.


... Bu ilin martında baş verən Yəmən böhranında da din faktoru ön plana çıxdı. Bu ölkədə yaşayan husilər din baxımından İrana ciddi şəkildə bağlıdır və onların mərkəzi hökumətə qarşı çıxaraq, qiyam qaldırması istəyi də məhz Tehrandan gəlmişdi. İran din amilindən öz siyasəti üçün istifadə etdi.


Xristian və İslam dünyasına aid bu iki fakt “dini anklavların” təhlükəsinin miqyasına əyani sübutdur. Doğrudur, Azərbaycanda müsəlman əhalisinin əksəriyyəti şiələrdir, elə Nardaranda da mənzərə belədir. Lakin bu qəsəbədə əhalinin müəyyən qisminin radikallığa meylli olması və Azərbaycanın dini rəhbərliyini qəbul etmədən, xaricdəki dini mərkəzlərə biət etməsi faktı var. 2000, 2002 və 2006-cı illərdə bu qəsəbədə baş verən hadisələrin arxasında da məhz xarici amil dayanırdı. Hətta 2002-ci ildə hüquq-mühafizə orqanlarına edilən hücum, polis əməkdaşlarının maşınların içində yandırılması radikallığın təzahürü idi. 26 noyabrda 7 nəfərin ölümü ilə nəticələnən silahlı qarşıdurma isə artıq son hədd hesab oluna bilər və Nardaranın “xilas edilməsi” prosesi mütləq başlamalıdır.


a) Hər şeydən öncə bu qəsəbənin əhalisi onlara “ağalıq” etmək istəyənlərdən qurtulmalıdır. Çünki əhali arasında qəsəbədəki mövcud üsul-idarə sistemini qəbul etməyən, lakin vəziyyətlə məcburiyyətdən razılaşanlar var. Bu, icmaya qarşı çıxmamaq, yaxud kütlə psixologiyasından irəli gələn amildir. Ziqmun Freydə görə, “qeyri-şüuri, təhtəlşüur olaraq liderə, başçıya tabe olmaq” kütlə psixologiyasıdır. Bu ya kütlənin ümumi pərəstişindən, yaxud qorxudan irəli gəlir. Bir çox hallarda Nardaranda bu psixologiya özünü göstərir və əhali mütləq buna qarşı çıxmalıdır. Ən azından öz övladlarının gələcəyi üçün.

b) Uşaqların təhsili mədrəsələrdə deyil, normal təhsil müəssisələrində aparılmalıdır. Bu prosesdə dövlət maarifləndirici yolla yanaşı, inzibati üsullara da əl atmalı və ölkə əhalisi bu prosesdə mütləq dövlətə dəstək verməlidir. Əks təqdirdə, Nardaranda yetişən “bombalar” bir gün hər kəsə toxuna bilər.

c) Qəsəbədə “ağalıq” etmək iddiasına olanlar qanun qarşısında cavab verməlidir.

d) Nardaranın “dini anklav” olmaqdan xilas etmək üçün bütün qanuni və inzibati yollara əl atılmalı, dövlət strukturlarının qəsəbədəki fəaliyyəti təmin edilməlidir.

e) Bütün ölkə əhalisi Nardaranın Azərbaycan reallığına qaytarılması işinə yardım etməli, bu işdə hökumətə dəstək olmalıdır.

Əks təqdirdə, Nardaran bizim üçün on əsr sonra tarixin dəhşətlərini qaytara, eləcə də müasir siyasi müdaxilələrdə baza rolunu oynaya və dövlətin suverenliyində ciddi təhlükəyə səbəb ola bilər. Bunu unutmamalıyıq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm