Qardaş toyda bacısına baxan kişini güllələdi - FOTOLAR
Bizi izləyin

Könlüm keçir

Qardaş toyda bacısına baxan kişini güllələdi - FOTOLAR

Dillər əzbəri olan bir mahnı var, çoxu o mahnını xalq mahnısı kimi təqdim edir və tanıyır:

Bir bülbüləm xoş nəfəsli,

Həmdəmimdir, bahar fəsli.

Xoşlamıram dar qəfəsi,

Bağban, məni yaralama,

Bu dağlardan aralama!-

Bəli, çoxları 40 illik tarixi olan bu məşhur mahnının söz müəllifinin kim olduğunu bilmir. Bunu bir təsadüf nəticəsində sevilən şairimiz Vahid Əziz mənə dedi. Söhbət yüzlərlə gözəl musiqilərin söz müəllifi şairə Şərafət Dağıstanlıdan gedir. Məsələ burasındadır ki, bu mahnıları həvəslə oxuyan və məhz bu musiqilərlə populyarlıq qazanan bir çox tanınmış müğənnilərimiz var ki, heç Şərafət xanımın varlığından xəbərdar da deyillər. Xəbardar olanlar isə, onu yadlarına salıb, Allahın bir sağ olunu da deməyi özlərinə çox görürlər. Hələ ona veriləcək qonorarı demirəm.

“Yaralama”, “Dağlar”, “Gəl axtar məni”, “Bu dünyanın”, “Sənsiz”, “Səndən ötrü”, “Olmur”, “Xəbər al məni”, “Ana Kürüm”, “Xatirələr”, “Sən vermədinmi”, “Dağlar qoynunda, qoynunda” və digər mahnıların söz müəllifi, bu gün də tanınmış xanəndələr və el aşıqları tərəfindən sevilə-sevilə ifa olunan həmin mahnıların yaradıcısını tapdım. “Könlüm keçir”ın qonağı olan Şərafət xanımla doğulduğu Dağıstandan danışdıq.

“Beş yaşım olanda anam Samur çayında boğuldu”

“Əslən dağıstanlıyam. 1939-cu ildə Dağıstanın Rutul rayonunun Gilixor kəndində dünyaya gəlmişəm. Rəhmətlik atam hərbiçi olub. Atamın üzünü çox az görmüşəm, buna görə də ata nəvazişi nə olan şeydir, bilmirəm. Beş qardaşı ilə atam müharibəyə gedib gəlməyib. Ailədə iki qardaş, bir bacı olmuşuq. Anam atamdan sonra bizi qanadı altına aldı. Amma acı tale bunu ona çox gördü. Mənim beş yaşım olanda anam Samur çayında boğuldu. Yadımdadır ki, sürüylə qoyunumuz, mal-heyvanımız vardı. 945-ci ildə anam inəklərimizi örüşə ötürəndə faciə ilə qarşılaşır. Samurun üstündə bir körpü vardı, anam o körpüdən inəkləri keçirib, geri qayıdanda ayağı körpüdə ilişib və 15 metr dərəaşağı çaya yıxılıb”.

“15 metr daşardı və dərəni başına alardı”

“Düz üç gün anamı axtardılar, tapa bilmədilər. Kənd camaatı danışırdı ki, anam “ay haray kömək edin”, -deyib qışqırırmış, amma onu tapa bilməmişdilər. Üç gündən sonra 50 kilometr aralıda anamın cəsədini tapmışdılar. Onu da Bakıda yaşayan əmim qızının Sovet ittifaqı qəhrəmanı olan hərbiçi əri tapmışdı. Dağıstandan Bakıya teleqram vurdular, hərbiçilər gəlib Samuru axtarıb cəsədi tapdılar. Dayım müharibədən qayıdandan sonra qardaşlarımı və məni götürüb Qax rayonuna gətirdi. Onu da deyim ki, Samur çayı may ayında azı 15 metr daşardı və dərəni başına alardı. Çox canlar alıb Samur”.

“Deyirdi ki, ehsanımı özüm verirəm, mən öləndə sizə əziyyət olmasın”

“Dağıstanda evlər imarətə bənzəyirdi. Bizim də böyük evimiz vardı, içindən pilləkanla yuxarı mərtəbəyə qalxardıq. Bizim kənddə hərbi hissə vardı, yadımdadır ki, anam xaşxaşlı çörəklər bişirib təknəyə yığar həmin əsgərlərə paylayardı. Aclıq illəri idi həmin dövr, amma bizim evimizdə həmişə bolluq olardı. Mən belə görmüşdüm. Yadıma gələrdi ki, anam xüsusi qablara yemək, ayran, çörək yığıb qapıdan keçən insanlara paylayardı. Elə bil ölümünü hiss etmişdi, çünki həmişə deyirdi ki, ehsanımı özüm verirəm, mən öləndə sizə əziyyət olmasın. 32 yaşı vardı dünyasını dəyişəndə”.

Türk generalının şairə nəvəsi

“Atam-anam Dağıstanda doğulsalar da, babamgil osmanlı türkü olublar. Ata babam türk generalı olub. Mən hətta babamın geyimlərini də evimizdə görmüşəm, qotazlı qırmızı papaq qoyardı, xüsusi libas geyinərdi. Biz gecə evdən çıxanda, həmişə bizə deyirdi ki, qorxmayın, cocuqlarım siz sərkərdə nəslindənsiniz. Elə mənim adımı da polkovnik rütbəsini daşıyan Lətif əmim qoyub. Əmim dinə bağlı insan idi, həmişə yadımdadır ki, Quranı avazla oxuyardı və sonra onu qızıldan hazırlanmış rəhilin içinə qoyardı”.

“Evlərdə xalça-gəbədən böyük bir yük qurulardı”

“Dağıstanda azərbaycanlılar arasında xalça toxumaq ənənə idi. Anam rəhmətə gedəndə evimizdə 100 xalça olub, heç bilmədik, onları qohum-əqrəba neylədi? Kəndin qızları yığışardı və böyük bir hana qurub, açıq havada xalça-palaz toxuyardılar. Hər evdə xalça-gəbədən böyük bir yük qurulardı və üzünə örtük salınardı. Evin yaraşığı sayılardı bu yük”.

“Əmimqızı ZoyaKosmedemyanskinin rəfiqəsi idi”

Biz kənddə çox imkanlı ailə sayılırdıq. Anam dərbəndli qızı idi və çox məşhur olan general Hüseyn Rəsulbəyovlar nəslindən idi. Anamın Qızyetər adlı bacısı da vardı, onun adı Dağıstanda yaşayan azərbaycanlılarla bağlı çap olunmuş kitabda da yer alıb. Müharibə vaxtı həmin xalam öz oğlunu müharibəyə getməyə qoymamışdı, əvəzində özü getmişdi. Müharibədən qayıtmadı da. Amma oğlu sonradan müharibəyə getdi. Əmim qızı vardı, Leyla adında. O müharibədə Zoya Kosmedemyanskigilə qoşulub vuruşmuşdu, onun rəfiqəsi idi. Atamın bütün nəsli hərbiçilərdən ibarət idi”.

“Qurban ətini zurna çala-çala evlərə paylayardılar”

“Özlərinə məxsus adətləri vardı orda yaşayan azərbaycanlıların. Mən uşaq idim, kənddə tez-tez qurbanlar kəsilərdi. Uşaqlar həmin qurbanları mütləq nağara, zurna çala-çala evlərə paylayardılar. Qurban əti belə paylanardı. Novruz bayramını da biz sevinə-sevinə qeyd edərdik. Şirniyyatlar bişirilirdi, ən çox qorğa qovrurardılar. Anam həmin şirniyyatlardan ayrı-ayrı pay düzəldib bizə verərdi ki, qonşulara paylayaq.Hətta kasıb qonşularımıza xörək də bişirib göndərirdi”.

“O məlhəmin köməyi ilə uşaq sahibi olurdular”

“Kəndimizdə 100 yaşını ötmüş qadınlar vardı, hansı ki, onlara heç 50 yaş da vermək olmurdu, çox cavan görünürdülər yaşlarından. Ciləxor kəndi də yazda, yayda elə bir gözəlliyə malik olurdu ki, insan gözünü o gözəlliklərdən çəkə bilmirdi. Hansı ot, çiçək desən, orda bitirdi. Dağlar, dərələr can dərmanı bitirirdi. Hə, o yaşlı nənələrin dağ otlarından hazırladığı məlhəmləri mən öz gözümlə görmüşəm. Ayrı-ayrı saxsı qablarda məlhəm hazırlayıb, qaranlıq yerdə saxlayardılar. O vaxtlar Çindən həkimlər gələrdilər kəndə, o məlhəmlərin hazırlanmasını öyrənərdilər. Kənddə övladı olmayan gəlinlər o məlhəmlərin köməyi ilə uşaq sahibi olurdular. Ağır xəstəliklərin dərmanı nənələrdə olardı və dərhal sağalardılar. Ciləxorda bu məlhəmlərə görə xəstələnən olmazdı”.

“Qayçı ilə qurdun ağzını bağlayardılar ki...”

“Sonra Dağıstan kəndlərində adət idi, hər ilin mayında camaat malı-heyvanı götürüb yaylağa çıxardılar. Yaylaqda biz uşaqlar çaydan balıq tutub, saplara düzüb qurudardıq. Yadımdadır ki, o balıqlardan yağ damardı. O yaylaqda anamgil pendir tutardılar, nəhrə çalxayıb, yağ hazırlayardılar”.

“Deyirdilər, bu pis əlamətdir, nəsildə kimsə rəhmətə gedəcək”

“Özü də hər heyvanın yağını ayrıca saxsı qablara yığardılar, çünki bilərdilər ki, hansı heyvanın yağı daha dadlıdır. Yayın axırında o saxsı qablarda olan pendir, yağ kəndə gətirilərdi və bütün qış boyu yeyilərdi. Bir qəribə inanc da vardı, hansı il ki, yağ bol olardı, anamgil deyərdi ki, bu, pis əlamətdir, yəqin nəsildə kimsə rəhmətə gedəcək. Ümumiyyətlə, bizim tərəflərdə inanclara, əlamətlərə çox inanardılar. Yadımdadır ki, kənddə kimin inəyi-qoyunu itirdisə, nənələrimiz yığışıb dualar oxuyardılar və qayçı ilə qurdun ağzını bağlayardılar. Səhəri gün həmin heyvan sağ-salamat öz yiyəsinin qapısına gələrdi”.

“Heyvan kəsib onun bir hissəsini qaxac edərdilər”

“Bizim camaatın qışa hazırlığı xüsusi olardı. Anamgil heyvan kəsib onun bir hissəsini qurudub qaxac edərdilər, bir hissəsini də saxsı qablara doldurub torpağa basdırardılar. Qışboyu o azuqə yeyilərdi. Moruq yığıb onu qurudardılar və qışda onu kəsib çaya atardılar, soyuqdəyməni xırp kəsərdi”.

“İlanın südü necə içdiyinin şahidi olmuşam”

“Bizim tərəflər sıldırım dağlı, dərəli olduğundan yırtıcı heyvanlar çox olardı. Yaylaqda olarkən tez-tez moruq yığmağa gedərdim. Bir dəfə moruq yığanda kolluğun arxasında iri bir heyvan gördüm, ayı idi. Qorxumdan moruq dolu vedrəni qoyub arxama baxmadan qaçdım. Ayı mənə toxunmadı. Kənddə danışırdılar ki, ayı heç vaxt qız uşağına toxunmur. Çox ilanlar olardı oralarda. Bir dəfə məni ilan vurdu, qardaşım özünü itirmədən məni yaxınlıqdakı fermaya apardı. Qolumu sıxıb yaradan axan qanı saxsı qablardakı qatıqların üstünə axıtdı. Qatıq gözümün qabağında qapqara olurdu. Ta o vaxta qədər ki, qatığın rəngi dəyişmədi. Onda qardaşım bildi ki, zəhər qurtarıb. Həm də qatıqdan bolluca içdim ki, qanıma zəhər keçməsin. Mən bir dəfə də yaylaqda olarkən ilanın südü necə içdiyinin şahidi olmuşam. Anam mənə tapşırmışdı ki, nehrəni çalxalayarsan. Oturub nehrə çalxalayanda başımın üstündə marçıltı eşitdim. Baxanda gördüm ki, ilan haça dilini çıxarıb süd içir. Anam südü qaynadıb vedrədə yuxarıdan asmışdı ki, içinə əqrəb-zad girməsin”.

Həzrəti Əlinin qoltuqağacları...

“Dağıstanda bir məscid vardı, həmişə anamgil ora gedərdi. Nənəm danışırdı ki, o məsciddə Həzrət Əlinin qoltuqağacları var. Quraqlıq olanda həmin ağacları Samur çayına atardılar, yağış yağardı. Özü də o ağaclar heç vaxt suda nə batmazdı, nə də su o ağacları aparmazdı. Yağış yağandan sonra o ağacları aparıb məscidə qoyardılar. Yağışın dayanmasını istəyəndə də o ağacları yenə Samur çayına atardılar, dərhal günəş çıxardı”.

“Gəlin gələndə başına xırda pullar tökərdilər”

“Dağıstanın özünəməxsus toy adətləri vardı. Gəlin gələndə başına xırda pullar tökərdilər. Qadınlar ayrı mağarda oturardı, kişilər ayrı mağarda. Kişilərdən kimin nə ixtiyarı vardı ki, qadın çadırında olan bir qıza, gəlinə baxsın. Dava düşərdi. Yadımdadır ki, qonşu kənddən bir kişi xanımların çadırında bir qıza baxmışdı, bunun üstündə qızın qardaşı o kişini güllələmişdi”.

“Anamın çoxlu qızılları, brilliantları vardı”

“Yadımdadır ki, anam məni toya aparanda zər-xaradan paltar geyindirərdi, boynuma brilliantlarla bəzədilmiş boyunbağı taxardı. Anamın çoxlu qızılları, brilliantları vardı. Toya gedəndə o qədər zinnət əşyaları taxardı ki, hamının gözü onda qalardı. Belinə taxdığı enli qızıl kəmər, sinəbəndləri, sırğaları sonradan it-bat oldu. Anam öldü, biz də uşaq idik, qır-qızıllarının hamısı yoxa çıxdı”.

“Heç oralara getmək istəmirəm”

Biz orda xəmir xörəklərinə üstünlük verərdik. Xəngəl gündəlik yeməyimiz idi. Qurudulmuş ətlə müxtəlif yeməklər hazırlayardılar.

İndi Dağıstanda qardaşımın övladları yaşayır. Hamısı adlı-sanlı insanlardır. O yerlərlə bağlı acı xatirələrim çox olduğundan heç oralara getmək istəmirəm.

Cəvahir Səlimqızı

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm