Sonuncu gün 1 qızıl, 2 bürünc medal qazandıq
Bizi izləyin

İdman

Sonuncu gün 1 qızıl, 2 bürünc medal qazandıq

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq turnir başa çatıb. Turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın üzvləri iştirak edib.

Azərbaycan Güləş Federasiyasından Publika.az-a verilən məlumata əsasən, son yarış günündə yığma komandamızın üzvləri 1 qızıl və 2 bürünc medal qazanıb.

86 kq çəki dərəcəsində mübarizə aparan Aleksandr Qostiyev qızıl, Həmzət Osmanov bürünc medal qazandı. Hər iki güləşçimiz medal görüşündə Türkiyə təmsilçilərinə qalib gəlib.

65 kq çəkidə mübarizə aparan Hacı Əliyev 1/4 final qarşılaşmasında Puerto Rikolu Matos Gomezlə görüşdə rəqibin qaydalara zidd fəndə yol verməsi ilə zədələnsə də görüşü qələbə ilə başa vura bilib. Yarımfinalda Türkiyə təmsilçisi Mustafa Kaya ilə görüşü isə güləşçimiz zədə səbəbindən davam etdirə bilməyib. Bu çəkidə digər təmsilçimiz Ağahüseyn Mustafayev təsəlliverici görüşdə qalib gəldikdən sonra bürünc medal uğrunda görüşə haqq qazanıb. Ağahüseyn Mustafayev son görüşdə komanda yoldaşı Hacı Əliyevlə qarşılaşmalı idi. Ancaq Hacının zədəsi onun bu görüşə çıxmasına mane olub. Bununla da Ağahüseyn Mustafayev​ turnirin bürünc medalına sahib olub.

Xatırladaq ki, ilk iki yarış günündə yığma komandamızın üzvləri 1 gümüş (Hacımurad Ömərov (70 kq)) və 4 bürünc (Mahir Əmiraslanov, Giorgi Edişeraşvili (hər ikisi 57 kq), Gitinomaqomed Hacıyev (70 kq) və Cəmaləddin Məhəmmədov (125 kq)) medal qazanıb.

Beləliklə, sərbəst güləşçilərimiz Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq turniri ümumilikdə 1 qızıl, 1 gümüş və 6 bürünc medalla başa vurub. Yığmamız komanda hesabında Türkiyə və Monqolustandan sonra üçüncü yerdə qərarlaşıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm