“Dərbənd” qəzeti bağlanır: rəhbərlik Heydər Əliyev Fonduna üz tutacaq - ÖZƏL
Bizi izləyin

Nida.az

“Dərbənd” qəzeti bağlanır: rəhbərlik Heydər Əliyev Fonduna üz tutacaq - ÖZƏL

Dərbənddə nəşr olunan “Dərbənd” qəzeti bağlanmaq təhlükəsi ilə qarşılaşıb.

Bu barədə Publika.az-a qəzetin baş redaktoru Hacımahmud Əlifxanov deyib.

Onun sözlərinə görə, qəzetin tirajı 1600-ə qədər düşüb: “Ümumiyyətlə, burada millətlərlə bağlı qəzetin tirajı az olur. Bizim qəzet Rusiya Federasiyasında Azərbaycan dilində çap olunan yeganə qəzetdir. Qəzet həmişə kiril əlifbası ilə nəşr olunur, lakin tədricən latın əlifbasında da materiallar yayımlayırıq. Dövlət səviyyəsində bizə müəyyən vəsait ayrılır, lakin bu, yalnız əmək haqlarının verilməsinə kifayət edir. Qəzetin çap olunması və digər xərclər isə qarşılanmır. Buna görə də qəzet bağlanmaq təhlükəsi ilə qarşılaşıb”.

H. Əlifxanov bildirib ki, bir çox xərcləri çətinliklə olsa da, öz məvacibi hesabına qarşılamağa çalışır: “Hətta internet səhifəmizi öz vəsaitim hesabına yaratmışam. Amma bununla qəzeti ayaq üstə tutmaq mümkün deyil”.

Baş redaktor “Dərbənd” qəzetinin yaşaması üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edəcəyini deyib.

“Heydər Əliyev Fondu Dərbənddə çox işlər görür. İnanıram ki, müraciət etsək, bizə də müəyyən yardım edərlər. Bizə cüzi yardım edilsə, qəzeti nəşr etmək, modernləşdirmək və millətimiz üçün daha xeyirli vəziyyətə gətirmək mümkündür. İndiki halda bu çox çətindir”, - deyə o bildirib.

Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev də Publika.az-a açıqlamasında “Dərbənd” qəzetinin yaşamasının olduqca vacib olduğunu bildirib: “Bu qəzet Rusiya Federasiyasında Azərbaycan dilində çıxan qəzetdir. Dərbənddə 170 mindən çox azərbaycanlı yaşayır. Onların həyat səviyyəsi yaxşı olmadığı üçün qəzetə abunə yazıla bilmirlər. Lakin bu qəzetin bağlanmaması üçün hər şey edilməlidir”.

M. Mehdiyev qəzet rəhbərliyinin Heydər Əliyev Fonduna müraciət etməsinin normal olduğunu bildirib.

“Amma nə üçün hər problemi dövlət rəhbəri, yaxud Heydər Əliyev Fondu həll etməlidir?! Bizim kifayət qədər imkanlı şəxslərimiz var. Onlar bu qəzetin ehtiyacı olan cüzi məbləği qarşılaya bilərlər. Dağıstanda nəşr olunan digər millətlərin qəzetlərində bu təcrübə var. Misal üçün, ləzgi milyarder Süleyman Kərimov öz qəzetlərinə yardım edir. Yaxud yəhudilərin qəzetinə xaricdən daim maliyyə yardımı edilir. “Dərbənd” də azərbaycanlıların qəzetidir və bizim imkanlı şəxslərimiz, biznesmenlərimiz bu qəzetin bağlanmaması üçün addımlar atmalıdır”, - deyə ekspert vurğulayıb.

M. Mehdiyev həmçinin qeyd edib ki, “Dərbənd” qəzetinin nəşr olunması oradakı azərbaycanlıların milli ruhunun saxlanılması üçün də vacibdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm