Məcburi müayinəyə son: sürücü alkoqol testindən imtina edə biləcək - ŞƏRH
Bizi izləyin

Qırmızı.az

Məcburi müayinəyə son: sürücü alkoqol testindən imtina edə biləcək - ŞƏRH

Mayın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində (İXM) sürücünün sərxoşluğun müayinəsindən imtinaya görə məsuliyyəti ilə bağlı normada dəyişikliklər edilib. Bu dəyişiklik yol polisi əməkdaşının saxladığı yerdə sərxoşluğun müayinəsindən boyun qaçıran sürücünü həmin xətaya görə məsuliyyətə cəlb etməyi qeyri-mümkün edir.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun Publika.az-a bildirdiyinə görə, əslində, prosedurla bağlı heç bir dəyişiklik edilməyib. Yəni, sürücü saxlanılarkən sərxoşluq əlamətləri - gözlərin böyüməsi, səndələmə, alkoqol qoxusunun gəlməsi, dilinin topuq vurması, adekvat davranışın olmaması və s. hiss olunursa, bu zaman sürücüyə sərxoşluq müayinəsindən keçməsi bildirilir. Sürücü alkotester cihazı ilə yerində müayinəyə razılaşırsa, müayinə aparılır: “Ola bilər ki, sürücü sərxoşluq müayinəsi üçün testeri qəbul etməsin və saxta hesab etsin. Ola bilər ki, cihazla müayinə olunsa da, müayinədən sonra nəticələrlə razılaşmasın. Bu zaman o, həkim müayinəsinə aparılır və onun sərxoş olub-olmadığı müəyyən edilir. Ola bilər ki, sürücü, ümumiyyətlə, testdən boyun qaçırsın. Belə hal baş verməsin deyə sürücü məsuliyyətə cəlb olunur. Çünki müayinə məcburidir. Qanunvericiliyə təklif olunan yeni dəyişikliyə görə isə müayinədən boyunqaçırma ancaq həkimin yanında ola bilər. Yeni dəyişiklikdən belə məlum olur ki, polis sərxoşluq əlamətləri hiss etdiyi sürücünü həkimin yanına qədər mütləq aparmalıdır. Əgər sürücünü həkimin yanına apara bilməsə, sürücü aradan çıxsa, onu məsuliyyətə cəlb edə bilməyəcək. Həmin şəxsə şərxoş demək mümkün deyil, çünki o, müayinə olunmayıb”.

Qanuna görə, sərxoşluq müayinəsindən boyun qaçıran sürücünün cəriməsi müayinə olunmağa razılıq verən sürücünün cəriməsindən daha çoxdur. Ekspertin sözlərinə görə, əgər sürücü müayinədən boyun qaçırırsa, ona İnzibati Xətalar Məcəlləsinin156-cı maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq olunmalı, iki hal şahidinin iştirakı ilə protokol yazılmalıdır: “Hazırda qüvvədə olan İXM-nin 152-1.1-ci maddəsinə əsasən, sürücülük hüququ olan şəxs sərxoş vəziyyətdə avtomobili idarə edərsə, 300 manat miqdarında cərimə edilir və ya sürücülük hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır. Amma sürücülük hüququ olan şəxs sərxoşluğun müayinəsindən boyun qaçırarsa, İXM-nin 156.1-ci maddəsinə əsasən, sürücülük hüququ 1 ildən 2 ilədək müddətə məhdudlaşdırılmaqla 300-700 manatadək miqdarda cərimə edilir və ya sürücülük hüququ 1-2 ilədək müddətə məhdudlaşdırılmaqla 10 günədək inzibati həbs olunur”.

Qeyd edək ki, qanuna görə, əgər şəxs sərxoşdursa, yeriyə bilmirsə, özü və ətrafdakılar üçün təhlükə yaradırsa, yalnız o halda polis onu ayıltma məntəqəsinə apara bilər.

Yeni qanunla bağlı digər bir problem isə sığorta ödənişi ilə əlaqədardır.

Ə.Hüseynovun sözlərinə görə, dünyanın bir çox ölkələrində sərxoşluğun müayinəsindən imtina hüquqi nəticələrinə görə elə sərxoşluğa bərabər sayılır. Yəni, yol-nəqliyyat hadisəsini törətməkdə təqsirkar olan sürücü sərxoş olubsa, ona icbari sığorta ödənişi verilmir. Əksər ölkələrdə sərxoşluqdan imtina edərsə də, sığorta ödənişi ala bilmir. Buna görə də “İcbari sığorta haqqında” Qanuna düzəliş etməyə zərurət var.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm