Məşhur teleaparıcıdan ETİRAF: “Onu gözləyirəm…”
Bizi izləyin

Müsahibə

Məşhur teleaparıcıdan ETİRAF: “Onu gözləyirəm…”

O, simasından daha çox səsi ilə tanınır. Elə özü də səsinin simasını üstələdiyini düşünür. Dediyinə görə, xəbər aparıcısı ilk növbədə insanların inamını qazanmalıdır. Bu inamı ona qazandıran da elə səsidir. İTV-nin xəbər aparıcısı Nigar Sabirqızından danışıram…

Publika.az-a müsahibə verən tanınmış aparıcı ilə peşə sirlərindən tutmuş şəxsi həyatına qədər hər şey barədə söhbət etdik.

Hesab edir ki, onun işi bəzənib-düzənib efirə çıxmaq və…

- Sizcə, xəbər aparıcısı hansı vacib kriteriyalara malik olmalıdır?

- Ən önəmli olan səsdir. Digər vacib olan amil, aparıcının ölkəmizdə, o cümlədən, bütün dünyada baş verən ictimai-siyasi, mədəni proseslərdən mütləq xəbərdar olmasıdır.

- Maraqlıdır, keçmiş diktorlarla indiki xəbər aparıcılarının fərqi nədədir?

- Biz xəbəri özümüz yazıb hazırlayırıq, lakin əvvəlki diktorlara yazılı mətn təqdim olunurdu. Bu o demək deyil ki, onlar ictimai-siyasi hadisələrdən xəbərsiz idi, xeyr, onlar sadəcə, yazılı mətni oxuyurdular. Bu gün isə diktorlar yox, aparıcılar var. Özün xəbəri almalısan, yazmalısan və bütün proseslərdən xəbərdar olmalısan. Xəbərin çatdırılmasından da çox şey asılıdır. Efirə çıxıb məlumatı oxumaq şərt deyil. İntonasiyanı, emosiyanı soyuq ifadə ilə deyil, xüsusi mimikayla çatdırmaq lazımdır. Hər xəbərin öz mimikası, səs tonu, emosiyası olmalıdır. Bunlar vacib şərtlərdir. Təəssüf ki, bir çox aparıcılar buna əməl etmir. Hamı eyni tonda, eyni emosiya ilə xəbəri çatdırır.

- Haqlısınız, mən özüm şahidiyəm ki, bəzən hansısa dəhşətli xəbəri gülə-gülə, xoş bir xəbəri də kədər içində təqdim edirlər…

- Razıyam. Bəziləri hesab edir ki, aparıcının işi bəzənib-düzənib efirə çıxmaq və xəbəri üzündən oxumaqdır. Tamaşaçını inandırmaq istəyirsənsə, öz dediyini özün də anlamalısan.

İstəyəndə gülərüz, istəyəndə sərt ola bilirəm

- Fikrinizcə, bir xəbər aparıcısı kimi, tamaşaçı sizi hansı keyfiyyətinizə görə bəyənir?

- Mənə elə gəlir, səsimi bəyənirlər. Ətrafımda da hər zaman deyiblər ki, sənin səsin əsl xəbər aparıcısına uyğun səsdir. Zənnimcə, insanlar səsimə inanır. Hətta bir çox yerlərdə simamı deyil, səsimi tanıyıblar.

- Nigar xanım, efirdə göründüyünüz qədər sərtsiniz?

- Xeyr, əksinə gülməyi, zarafat etməyi sevən insanam. Sadəcə olaraq, xəbərin içinə daxil olduğum zaman dəyişirəm. Tərif kimi çıxmasın, bu peşəkarlıqan irəli gələn göstəricidir. Mən xəbərin yükündən asılı olaraq, istəyəndə gülərüz, istəyəndə sərt ola bilirəm. Həyatda isə sərt insan deyiləm.

- İndiyə qədər çatdırdığınız ən acı və xoş xəbər hansı olub?

- Şəhid xəbərlərini ürək ağrısı ilə çatdırıram. Hətta bəzən gözlərim də dolur, ancaq bunu tamaşaçıya hiss etdirmirəm. “Eurovision” da qalib gəlməyimiz, idmançılarımızın dünya çempionu olması və digər bu tip xəbərlər ən xoş xəbər kimi yadımda qalıb.

- Efir zamanı çıxılmaz vəziyyətə düşmüsünüz?

- Bəli, texnikanın bizi pis vəziyyətə saldığı məqamlar olub.

- Məsələn?

- Ekrandan oxuduğumuz mətn suflyor adlanır. Ekranın donduğu anlar olub. Xəbər aparıcısının peşəkarlığı da ondadır ki, ekran donanda özünü itirmirsən, qarşısındakı kağızları eşələmədən xəbəri sona çatdıra bilsin.

- Yəni ekran kimi, siz də donub qalmayasınız

- Bəli.

- Getdiyiniz yerlərdə, tədbirlərdə sizə yaxınlaşıb xoş sözlər deyirlər?

- Hətta bəzən məni makiyajsız halda tanımırlar, amma səsimi eşidən kimi, deyirlər, siz xəbərləri aparan xanımsınız…

- Bəs haqqınızda tənqidi fikirlər eşidirsiniz?

- Peşəmlə bağlı neqativ fikir eşitməmişəm.

- Həmkarlarınız arasında izlədikləriniz və bəyəndikləriniz var?

- Demək olar ki, yoxdur.

- Yaxşı, onda sualı belə qoyaq: xəbər aparıcılarına baxanda sizi ən çox nə qıcıqlandırır?

- Vurğuların yerində deyilməməsi, sözlərin düzgün tələffüz olunmaması, əl-qol hərəkətlərindən istifadə məni həddən artıq qıcıqlandırır. Rusiya və Türkiyə kanallarında da əl-qol hərəkətlərindən istifadə olunur, amma bu onlarda çox təbii alınır. Bizim bəzi aparıcılarımızda isə bu, çox süni alınır. Düşünürəm ki, lüzum olmadığı halda, əl-qol hərəkətləri tamaşaçını əsəbiləşdirir. Yəni bunu sakit tərzdə söyləsə də, insanlar onu başa düşəcəkdi.

- Bəs keçmiş aparıcılardan hansına daha çox pərəstiş etmisiniz?

- Roza Tağıyevanın səsinin vurğunuyam. Mən Azərbaycan radiosunda fəaliyyət göstərdiyim zamanlarda onunula qarşılaşmışam və onun kimi diktorları sevib bu sənətə gəlmişəm.

- Səsinizi itirməkdən qorxursunuz?

- Bəzən bu barədə düşünürəm.

- Səsinizi qoruyursunuz?

- Soyuq su içmirəm, dondurma, qıcıqlandırıcı yeməklər yemirəm.

- Deyirsiniz ki, həyatda makiyajsız halda sizi tanımırlar. Efirdə çox qrimlənirsiniz?

- Bəli, bu da efirin tələbidir.

- Gündəlik makiyajdan necə, çox istifadə edirsiniz?

- Makiyajı heç sevmirəm. Məni tanıyanlar bilir ki, gündəlik həyatda makiyajdan istifadə etmirəm.

Qısa ətəkləri çox sevirəm

- Həddən artıq qrim dərini korlayır. Bəs bunun qarşısını necə alırsız?

- Gecə və gündüz kremlərindən istifadə edirəm. Amma xüsusi qulluq üsullarım yoxdur.

- Maraqlıdır, geyim həyatınızda nə dərəcədə önəm daşıyır?

- Gözəl geyinməyi çox sevirəm və düşünürəm ki, fərqli geyim tərzim var. Demirəm orijinaldır, yox, sadəcə olaraq, zövqlə geyinirəm. Belə deyək, gülüş obyektinə çevrilmirəm.

- Qarderobda qısa ətəkləriniz çoxdur, yoxsa?

- Hardan bildiniz? Qısa ətəkləri çox sevirəm. Onu da deyim ki, qısa ətəkdə özümü çox rahat hiss edirəm.

- Bədən ölçüləriniz də buna imkan verir. Maraqlıdır, formanızı saxlamaq üçün çoxmu əziyyət çəkirsiniz?

- Təbii ki, yeməyimə diqqət edirəm. İdmanla məşğul olmuram, heç sevmirəm də. Vaxtilə biraz kilolu olmuşam, on kiloya qədər arıqlamışam. İndiki çəkimdən çox razıyam. Bunu da qorumaq üçün yemək-içməyimə diqqət edirəm. Hər şeydən qədərində yeyirəm, menyudan heç nəyi çıxarmamışam. Bəzən deyirlər, mən menyudan çörəyi, yaxud hansısa yeməyi çıxarmışam, mənə qəribə gəlir. Hər şey yemək lazımdır, əsas odur, həddini aşmayasan. Çalışıram axşam saat 7-dən sonra yeməyim.

- İndi dəb düşüb, hər kəs gündə iki litrdən artıq su içir…

- Yox. Bəlkə, hesablasam, gün ərzində iki stəkan su içərəm, ya içmərəm.

- Ən çox nəyə pul xərcləyirsiniz?

- Geyimə.

- Məvacibiniz geyimə istədiyiniz qədər pul xərcləməyə imkan verir?

- Çox bahalı brendlərdən geyindiyimi demirəm. Orta qiymətə alıram-nə baha, nə ucuz.

- Qarderobunuzdakı ən bahalı paltar və ya çantanın qiymətini açıqlayardınız?

- 300-350 manata geyim ola bilər.

- Adam var geyinməsə də, paltarlarını saxlayır, bəs siz?

- Xeyr, əgər istifadə etmirəmsə, onu dərhal kiməsə verirəm. Lakin çox xoşladığım bir paltardısa, onu saxlayır və gec-gec də olsa, geyinirəm.

- Qarderobunuzda hansı rəng üstünlük təşkil edir?

- Qara rəng eleqant rəngdir. Qarderobumda da qara rənglər üstünlük təşkil edir. Yaşıl və qırmızı rəngi də sevirəm.

Ailə qurmaq xatirinə ailə qurmaram

- Gənc, subay, üstəlik məşhur xanımsınız. Yəqin, aşiqlərinizin də sayı az deyil?

- Hər halda, var.

- Əks cinsdə ən çox dəyər verdiyiniz xüsusiyyət hansıdır?

- Ümumiyyətlə, istər qadın, istər kişi, hər ikisi dürüst olmalıdır. O insan dürüst deyilsə, başqa heç bir müsbət keyfiyyəti ilə rəğbətimi qazana bilməz. Əks cinsə qaldıqda, seçəcəyim şəxs dürüst və ciddi olmalıdır.

- Bəs xarici görünüş?

- Normal görünüşlü insanı sevə bilərəm. Yetər ki, dürüst və səmimi olsun, rola girməsin. Mənim aləmimdə yalan danışan insan gözümün düşmənidir.

- Sevdiyiniz insan sizi “ya sənət, ya mən” dilemması qarşısında qoysa, hansını seçərdiniz?

- Sevdiyimi seçərdim. Amma ailə qurmaq xatirinə ailə qurmaram.

- Ən dəhşətli xasiyyətiniz hansıdır?

- Xırdaçı, daha doğrusu, çürükçü insanam. Bir söhbəti çox uzadıram. Narahat insanam, deyirəm yox, qoy bu söhbətin axırına çıxım.

- Xırdaçılıqda mənə çata bilməzsiniz. Yaxşı, bəs özünüzdə bəyəndiyiniz ən müsbət keyfiyyət hansıdır?

- Səmimiyyət.

- Bu səmimiyyət həmişə köməyinizə çatır?

- Həmişə köməyimə çatmır, ancaq rola girməyi bacarmıram. Bilirəm ki, həyatda bəzi məqamlarda rola girmək lazımdır. Hətta bəzən insanların rola girib, nələrisə əldə etmələrini görüb təəccüblənirəm. Amma mən bunu bacarmıram. Dürüst, səmimi olmağıma görə də, Allahımdan razıyam.

- Üç sözlə özünüzü necə ifadə edərdiniz?

- Səmimi, ədalətli və çevik.

- Ünsiyyətcilsiniz?

- İnsanlarla məsafə saxlayıram. Hər addımımı media ilə bölüşməyi sevmirəm.

Biri tərif deyən kimi, o dəqiqə qızarıram

- Kompleksləriniz var?

- Utancaqlıq kompleksim var. Bundan xilas ola bilmirəm. Biri tərif desin, o dəqiqə qızarıram.

- Sizcə, vücudunuzda sizi cazibədar edən nədir?

- Məncə, boyumun hündürlüyü və formada olmağım. Boyum simamdan daha cəlbedicidir. Özümü gözəl hesab etmirəm və düşünürəm ki, məndən qat-qat gözəl qızlar var.

- Allahdan ən gözəl hədiyyəni almısınız, yoxsa hələ gözləyirsiniz?

- Yəqin, qadın üçün ən gözəl hədiyyə ailə qurmaq, ana olmaqdır. Mən də bunu gözləyirəm.

Cəvahir Səlimqzı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm