“Axı dünya fırlanır”- Bəxtiyar Vahabzadənin xatirəsinə
Bizi izləyin

Art

“Axı dünya fırlanır”- Bəxtiyar Vahabzadənin xatirəsinə

Ey Bəxtiyar, zaman ömrü əridər,

Ölümümüz axan vaxta borc ödər.
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsan ətəyindən dünyanın…

Publika.az xəbər verir ki, bu ölməz nümunənin müəllifi, xalq şairi Bəxtiyar Vahabzadəni itirdiyimiz gündən bizi nə az, nə çox - yeddiillik zaman kəsiyi ayırır. Əlbəttə, söhbət fiziki itkidən gedir. Ruhən şair onsuz da bizimlədir. Şairlərin ömrü davam edir axı. Onların ömrünü davam etdirənsə, əbədiyyət qazanan şeirləridir. Sağlığında özünə əbədiyyət qazanan Bəxtiyar Vahabzadə hər dəfə şeirləri ilə qarşımıza çıxır. Bax elə indi də o, bizimlədir. Söylədiyimiz hər misrasının arxasından bizə sarı boylanır:

Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyanın xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı, dünya fırlanır.

Bəxtiyar Vahabzadə sevgi şeirləri ilə ürəkləri isidən, vətənpərvər misraları ilə milli duyğularımızı alovlandıran şair idi. O, yenə də öz missiyasını yerinə yetirir…

Qeyd edək ki, Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəkidə doğulub, 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçüb. 1942-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1947-ci ildə həmin fakültəni bitirib universitetin nəzdində aspiranturaya qəbul olunub.

Bədii yaradıcılığa ikinci cahan müharibəsi illərində başlayıb, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunub. Məhsuldar bədii yaradıcılıqla yanaşı, o, pedaqoji fəaliyyətlə də məşğul olub. Belə ki, 40 ildən artıq Universitetdə dərs deyib.

B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun “Vicdan”, “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya?”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” pyesləri tamaşaya qoyulub.

Qeyd edək ki, şair 2009-cu il fevralın 13-də dünyasını dəyişib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm